phrase_var_qaynar. 13:15 02.01.2021

Cəlil Cavanşir: “O kitabı Kamal Abdulla vəzifədə olmayanda çap etdirəcəm”

Qaynarinfo yazıçı-şair Cəlil Cavanşirlə müsahibəni təqdim edir.

 

- Cəlil, salam. Yaradıcılıq necədir? Nə yazırsan? Bəzi yazarlar deyir ki, son dövrlər heç nə yaza bilmirik. Görünən odur ki, mövcud vəziyyət çox adamı kökdən düşürüb. Səndə vəziyyət nə yerdədir? Yaza bilirsənmi?

 

- Eşq olsun! Yaradıcılıq qaydasındadır. Uzun müddət durğunluq olsa da, hazırda qaydasındadır. Ara-sıra şeirlər yazıram. Qısametrajlı filmlər üçün ssenarilər, esselər üzərində işləyirəm. Şükür, bu aralar formadayam. Ümumi durğunluqdan sıyrıla bilmişəm.

 

- Tərcümələr edirsən həm də. Yaradıcılığa necə vaxt ayırırsan bəs? Yormur, tükəndirmi? Ssenarilərin əsasında çəkilib filmlər, yoxsa hələ çəkiləcək?

 

- Artıq iki ildir tərcümə ilə məşğul olmuram. Ancaq tərcümə də mənim üçün yaradıcılığımın bir hissəsidir. Yorulsam da, işim budur. Zövq alıram, şikayətçi deyiləm. Ssenarilərim əsasında çəkilən qısa filmlər, sosial çarxlar, cizgi filmləri var. Ancaq pandemiya və müharibə bu işləri təqdim etməyə imkan vermədi, reklamını ürəyimcə edə bilmədim. Hətta çəkilişinə hazırlaşdığımız, ssenari müəlliflərindən olduğum "Zəhər tuluğu" adlı tammetrajlı filmimiz hələ də qalır. Müəyyən işlərə pandemiya, müharibə mane oldu. Hər halda fəaliyyət davam edir, gözəl və maraqlı işlər, yaradıcılıq nümunələri olacaq.

 

- Cəlil, məmur yazıçılara qarşı, daha doğrusu, digər bəzi yazıçıların onların yaradıcılığına yazdığı təriflərə mövqeyin necədir? Çünki bəzi adamlar deyir, məmur yazarların istedadı yoxdur, vəzifəyə, pula görə edilir hər şey. Sən özün də məmur yazıçılara qarşı sərt mövqedə çıxışlar edirsən.

 

- Mənim üçün yazıçılıq tale, istedad məsələsidir. İstər imkanlı məmur olsun, istər kasıb, bohem. Yazıçılıqda əsas faktor istedaddır. Yazıçı haqqında tərif yazılmaz, yazıçının əsəri barədə yazmaq lazımdır. Mənim meyarım istedaddır, ortaya qoyulan əsərin bədii keyfiyyətidir. Başqa hər şey qondarmadır, müvəqqəridir, bayağıdır. Məmur yazıçılarımızın da arasında həqiqi ədəbiyyat adamları var. Ancaq məmurluqları onların ətrafında yaltaqlar saxlamasına şərait yaratdığı üçün, bayağı görüntü yaranır. Hər halda hər şey ədəbiyyat naminə olanda daha gözəl olur.

 

- Məsələn, sən bir dəfə bu barədə yazanda bir neçə adam fikir səsləndirdi ki, bəs, özü niyə Kamal Abdulla haqqında xoş sözlər deyir, kitabı haqqında kitab yazıb...

 

- Kamal Abdulla barədə xoş sözlər demişəm, yeri gələndə müdafiə də etmişəm. Ancaq yeri gələndə tənqid də etmişəm, həm də dəfələrlə. Kamal Abdulla ədəbiyyatımızın böyük istedadlarından biridir, ciddi yazıçıdır. Kamal Abdulla yaradıcılığına münasibətim onun məmur olmasıyla bağlı deyil. Yazıçı Kamal Abdulla hər zaman istedadlı gənclərə dəstək olduğu, yol açdığını görmüşəm. Bu gənclərin arasında Kamal Abdullanı bütləşdirənlər də, ona təmənna ilə yanaşanlar da var.

 

Bəli, onun romanı haqqında monoqrafiya yazmışam. Bunu gizlətmirəm, hətta dəfələrlə vurğulamışam. Ədəbi gündəmdə olan "Yarımçıq əlyazma" romanını bir əsər kimi təhlil etmişəm. Məlumat üçün deyim ki, peşəkar ədəbi təhlildən söhbət gedir. Roman haqqında yazılmış 40-dan çox yazıya istinad etmişəm və xüsusi olaraq tənqidi məqamları qabarıq göstərmişəm.

 

Kitabı bitirəndən sonra dəfələrlə görüşsək də, Kamal Abdullaya bu barədə heç nə deməmişəm. Ümumiyyətlə, mənim yazdığım yazılara görə təmənnam olmayıb. Eləcə də Kamal Abdullanın romanı haqda yazdığım monoqrafiya sırf elmi, tənqidi kitabdır. Və 4 il öncə bəyan etmişəm, nə zaman Kamal Abdulla vəzifədə olmaz, o kitabı nəşr etdirəcəyəm. Hansı ki, o vaxt Kamal Abdulla dövlət müşaviri idi. Bu gün də o kitabı öz hesabıma çap etdirə bilərəm, ən azı tələbələr üçün ciddi mənbə olacağına əminəm. Sadəcə pandemiya və s. məsələlərə görə hələ ki, çapını vacib bilmirəm.

Kamal Abdulla ilə şəxsi münasibətlərimiz də hər zaman iki yazıçı münasibəti olub. Sadəcə məmur, rektor olduğu üçün onun yaradıcılığını gözardı edə bilmərəm. Onun istedad və yaradıcılığı mənim üçün əsasdır.

 

- Dəstək deyəndə nəyi nəzərdə tutursan? Gənc yazarlara maddi yardım, yoxsa başqa bir şey? Çünki Kamal Abdullaya münasibət birmənalı deyil. Onun haqqında kimlər yazı yazırsa, həmin adam haqqında fikirlər də birmənalı olmur. O cümlədən sənin də haqqında səsləndirirdilər onu müdafiə etdikdə, haqqında yazı yazdıqda. "Kamal Abdulla ondan yazan adama pul verir", "Gənc yazarlara ondan yazmağı istəyir" və.s kimi.

 

- Mən dəstək deyəndə, Slavyan Universitetində və ADU-da yaradılan, Yaradıcılıq Fakültəsini, Kamal Abdullanın rəhbərlik etdiyi Yaradıcılıq Fondunu,sim-sim.az saytını nəzərdə tuturam. Kamal Abdullanın rəhbərlik etdiyi AYF-nin xətti ilə çap olunan gənc yazarların kitabları yəqin ki, xatırlayırsınız. Mən polemikalarda haqlı olduğu üçün Kamal Abdullanı dəfələrlə müdafiə etmişəm, ancaq buna görə qarşılıq gözləməmişəm. Kamal Abdulla cəmi iki kitabını mənə imzalı olaraq hədiyyə edib. Digər bütün kitablarını öz pulumla almışam. Kiməsə pul verib yazı yazdırdığına da inanmıram. Məncə, Kamal Abdulla belə şeylərə pul xərcləyəcək qədər bədxərc deyil.

 

- Başqa hansı məmur yazıçıları misal çəkə bilərsən? Hansı ki, onlar haqqında da mənfi fikirlər var və sən Kamal Abdullaya olan mövqeyin kimi ona da bu cür münasibət bəsləyirsən. Bir sözlə, istedadlı olan.

 

- Məncə, indi bunlardan danışmasam, daha yaxşıdır. Bəlkə başqa vaxt.. Daha gözəl şeylərdən danışaq.

 

- Gözəllik demiş, bu gün həm də ad günündür. 37 yaşın olur. Nə düşünürsən? Həyat necədi? Məmnunsanmı?

 

- Həyat gözəldir. Yaxşısı da, pisi də mənimdir. Yaşamağa dəyər. Çətinliklər isə təbiidir. Hələ harasıdır, ömür vəfa etsin, daha pis günlər, daha yaxşı günlər də olacaq. Yaşayaq, görək başımıza nə gəlir.

 

- 3 il sonra 40 yaşın olacaq. Ömrün ən yaxşı çağlarından birinə doğru gedirsən. Həm də 40 yaş sindromunun yaxınlığındasan. Həssas bir adam üçün adi şey deyil. 40 illik bir ömür. Peşman olduğun çox şeymi var? 20 il əvvələ qayıdıb nəyi dəyişmək istərdin ki, indi bu sualla üz-üzə qalmayasan?..

 

- Yaş artdıqca həyatımda çox şey dəyişir. Gözəl yaşamışam. Əla dostlarım, möhtəşəm çətinliklərim olub. Heç nəyə görə peşiman deyiləm. 20 il əvvələ qayıtsam, əlimdən gələni edərəm ki, yenə bu ömürü yaşayım.

 

- Axı, sən tez-tez narazılıq edirdin bu ömürdən, taledən. Deyəsən, həssas dönəmlərinə düşür. Amma ən azı yəqin ki, bu qədər həssas olub, baş verənlərə son dərəcə ağrı-acı ilə yanaşmaq istəməzdin. Daha mazoxistlik varsa, bir şey deyə bilmərəm.

 

- (Gülür) Hamımızın narazı qaldığı, gileyləndiyi dövrlər olur. Məndə deyəsən çox olub.(Gülür) Ancaq yaşlandıqca əminəm ki, ən gözəli budur. Həssaslığım hər zaman mənə əzab versə də, narazı deyiləm artıq. İnsan əzab çəkdiyi, ağrı-acını hiss etdiyi qədər insandır. Ola bilsin, uzun yaşamayacam. Ancaq yaşadığım hər anı hiss etmək möhtəşəm duyğudur.

 

- Əgər, bu 37 illik ömürdə yazıçı olmasan, yaza bilməsən, kim olardın?

 

- Yəqin qatil olardım. Ya da ən yaxşı halda dəli.

 

- Özünə ən çox nə arzu edirsən bu ad günündə? Bundan sonra nə dəyişsin, necə olsun?

 

- Stabil, sakit bir həyatım olsun istərdim. Kitablarımı yığmaq, ömrümü başa vurmaq üçün balaca bir daxma da qurmaq arzum var. Yazmaq istədiyim əsərlər, ssenarilər var, onları tamamlaya bilsəm, əla olar. Hər şey belə qalsa da, narazı deyiləm. Alışdığım ömrü yaşamaq da maraqlıdır.

 

- Onda biz də sənə onları arzu edirik. Hər şey ürəyincə olsun. Təbriklər!

 

- Təşəkkürlər. Minnətdaram.


Orxan Saffari

Oxşar xəbərlər