Xəbər lenti

Cəmiyyətimizə sayğı varsa...
Hüseynbala Səlimov
Ölkə 16:49 03.07.2018

Cəmiyyətimizə sayğı varsa...

Hüseynbala Səlimov

Bəlkə də hər şeydən əvvəl saytımızın redaktoruna minnətdarlıq etmək lazım gəlir ki, heç olmasa, bizə Türkiyə siyasətilə bağlı tənqidi qeydlər yazmağa imkan verir.

Yox, məqsədimiz tənqid xatirinə tənqid yazmaq da deyildir. Bunun nə bizə, nə də Türkiyə siyasətinin təəssübünü çəkənlərə bir maraqlı cəhəti ola bilməz, çünki qərəz elə də yaxşı iş deyil, diqqətli oxucu bunu dərhal tutur və artıq onun yazara etimadı itir.

Amma bir çox ölkələrin siyasətinə baxanda nədənsə yadıma məşhur sovet lətifəsi düşür. Bəli, ABŞ prezidenti R.Nikson SSRİ rəhbəri L.Brejnevə deyir ki, Amerikada hər bir adam Ağ Evin qarşısına gəlib prezident haqqında istədiyi sözü deyə bilər. L.Brejnev də özünü o yerə qoymur və qayıdır ki: "Burada nə var ki? Elə bizdə də istənilən vətəndaş Qızıl meydana gəlib ABŞ prezidenti haqqında üəryindən keçən hər şeyi söyləyə bilər”...

Qərəz, bir daha deyirəm ki, çox ölkələrin siyasi reallığı indi buna yaxındır. O cümlədən də bizim qardaş Türkiyənin. Yox, yenə deyirəm ki, qərəzli adam deyiləm. Fəqət, bu günlərdə bir xəbərin şahidi oldum. Belə dedilər ki, Milliyyətçi Hərakat Partiyasının sədri D.Bağçalı ilə ölkə prezidenti R.T.Ərdoğan arasında məsləhətləşmə olub və onlar fövqəladə rejimi götürmək məsələsini müzakirə ediblər. 

Səhv etmiriksə, ölkədə fövqəladə rejim məşhur dövlət çevrilişinə cəhddən sonra tətbiq olunmuşdu. Əslində onu seçki ərəfəsində götürməli idilər, çünki nə qədər çalışırsan, çalış, seçki vaxtı hətta "fövqəladə sözü” varsa, artıq müəyyən şübhələr yaranır.

Əsla demirik ki, seçkidə buna əsas verən səbəblər oldu. Yox, ən azı öz müşahidələrimiz belə deməyə imkan verir ki, normal demokratik seçki üçün nə qədər şərait yaratmaq mümkün idisə, hamısı edildi: namizədlər, partiyalar gen-bol təbliğatlarını apardılar, üstəlik, hər hansı bir ciddi pozuntu da qeydə alınmadı. Əgər belə şey olsaydı müxalifət dərhal bunu dilə gətirərdi.

Amma sual yaranır: bəs onda fövqəladə vəziyyət R.T.Ərdoğanın nəyinə lazımdır? Bax, bu suala cavab verməyə həqiqətən çətinlik çəkirik.

Bir daha deyirik ki, ola bilsin, Türkiyədə demokratiyanın durumu ilə bağlı bizim qeydlərimiz bəzi oxucularda hətta qıcıq da yaratsın. Amma düşünürük ki, Türkiyə müsəlman dünyasında ilk böyük cəhddir. Demokratik və sekulyar quruluş – çox təəssüf ki, müsəlman dünyasında elə də geniş yayılmış hadisə deyil bu.

Amma son vaxtlar Türkiyədə də avtoritarlığa meyl yaranmışdı,xarici siyasətdə qəribə ziqzaqlar baş verir, ölkədə hər vasitə ilə dinin rolunu qabartmağa çalışırdılar. Hər siyasi lider hakimiyyətdə çox qaldıqca onun səhv etmək imkanları da artır. Bu mənada Ərdoğan da istisna deyil. Onun da səhvləri çoxdur. Bir tərəfdən bu, təbiidir, digər bir tərəfdən də  düşünürsən ki, heç kimin 80 milyon ölkəni eksperimental bir düşərgəyə çevirmək hüququ-haqqı yoxdur.
Hazırda R.T.Ərdoğanın türk millətçilərilə yaxınlaşması müşahidə olunur. Düşünürük ki, bu, müəyyən mənada F.Gülənin dini şəbəkəsinə qarşı atılmış addımdır və hər halda, ziyanlı addım da deyil. Millətçilər üçün demokratiya məsələsi ən ön prioritet olmasa da, axırıncı da deyil. Elə onların xarici siyasət vektoru da daha çox inam yaradır, nəinki dinçi siyasi qrupların. 

Sözsüz, Türkiyədə demokratik proseslərin yolunda xarici əngəllər də var: ABŞ–ın siyasətindəki qeyri-səmimi notlar, Avropanın soyuqluğu... Heç sözsüz, bütün bunlar həlledici olmasa da, ciddi məqamlardır. Amma burada bir məsələ var: qeyri – səmimilik, soyuqluq hətta ABŞ – Avropa münasibətlərində də sezilir. Amma orada heç kimin ağlına da gəlmir ki, bu detalları götürüb demokratiya ilə bağlı neqativ nəticələr çıxarsın.

Amma Türkiyədə də, elə öz Azərbaycanımızda da belə tendensiyalara təsadüf etmək olur. Sanki demokratiya Qərbin bizə sırıdığı bir libasdır – elə fürsət axtarırıq ki, onu tez soyunub bir tərəfə tullayaq.

Fəqət, belə olmamalıdı. Kimi buna "demokratiya”, kimi də "hüriyyət” deyir, amma bu, hər şeydən əvvəl universal, bütün bəşəriyyətin ərsəyə gətirdiyi bir siyasi model, quruluşdur,- mədəni insanlar və cəmiyyətlər üçün bunun alternativi yoxdur. Bundan Qərb monarxiyası olan Britaniya da istifdə edir, Şərq monarxiyasıYaponiya da. Elə bu səbəbdən də düşünməyək Qərbin "zibil”inə düşüb demokratiyanı seçmişik. Yox, belə deyil. Bir daha deyirik ki, bu, universal bir modeldir. İnsanlarımıza və öz cəmiyyətimizə sayğımız varsa, demokratiyaya da sayğımız olmalıdır...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->