Dünya 19:09 10.06.2021

Cenevrədə Putinlə Baydenin görüş yerinin həndəvərində quş belə uçmayacaq

Cenevrə Dövlət Şurası Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutacağı 16 iyun üçün işəgötürənlər və işçilər üçün tövsiyələrini dərc edib.

Qaynarinfo xəbər verir ki, "İnterfaks"ın İsveçrə televiziyasına istinadən sitat gətirdiyi mətnlərə görə, şəhər sakinlərinə, mümkünsə, həmin gün ofisə getməmələri və evdə işləmələri tövsiyə edilib. Rusiya-ABŞ zirvəsi zamanı avtomobillərin və piyadaların hərəkəti üçün bağlanacaq təhlükəsizlik zonasını göstərən bir xəritə də yayımlanıb. Həmin ərazi girişə qapadılacaq. Buraya bütün La Grange parkı, Au Vives parkı, eyni adlı çimərlik, Cenevrə sahilləri, Cenevrə Gölü sularının bir hissəsi daxildir.

Bundan əlavə, mesajda qeyd olunur ki, zirvənin keçirildiyi yerə yaxın ərazilərdə sakinlərin hər hansı bir nümayiş keçirmələri və dronlardan istifadə etmələri qadağandır.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bidenlə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar 16 iyun Cenevrədə - Villa La Grange-da baş tutacaq. Yerli KİV-lərin verdiyi məlumata görə, artıq antenləri və xüsusi avadanlıqları olan zirehli maşınlar təklif olunan görüş yerinin ərazisində müşahidə edilib.
 
Alpər