Siyasət 15:42 21.10.2020

Ceyhun Bayramovla Lavrovun görüşü barədə açıqlama verildi (YENİLƏNİB)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla son zamanlar baş tutmuş telefon əlaqələrindən sonra, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşlər keçirilib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - deyə mətbuat xidmətinin açıqlamasında yazılıb.
 
***15:33 

Moskvada işçi səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatında bildirilir ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Qeyd edək ki, S. Lavrovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilib.