Çin ordusu gələcək müharibələrdə qoşunlarını təmin edə biləcək intellektual logistika sistemi yaratmaq üçün genişmiqyaslı işlər aparır. Söhbət çoxdomenli sensor şəbəkələrindən tutmuş süni intellektə əsaslanan proqnozlaşdırıcı planlaşdırmaya qədər texnologiyalardan gedir. Bu sistem resursları yük dronları və tırtıllı pilotsuz nəqliyyat vasitələri ilə uyğunlaşdırmağı hədəfləyir.
Qaynarinfo xəbər verir ki, "Defense One” nəşrinin yazdığına görə, Çinin Xalq Azadlıq Ordusu artıq "intellektual birgə logistika” konsepsiyası çərçivəsində bu texnologiyaları yaylalarda, sərhəd zonalarında və sahil bölgələrində keçirilən təlimlər zamanı sınaqdan keçirir.
Birinci mərhələ
Birinci mərhələdə bölmələrin dövri hesabatlarından imtina edilərək avadanlıq və ehtiyatlara daimi nəzarət sisteminə keçid nəzərdə tutulur.
Nəşrdə izah olunur ki, Çin nəqliyyat vasitələrinin və enerji qurğularının avtomatik monitorinqini aparmaq, real vaxt rejimində əşyaları izləyən "ağıllı” anbarlar tətbiq etmək istəyir. "İntellektual birgə logistika” çərçivəsində məqsəd dəstək statusu və ehtiyacların avtomatik müəyyənləşdirilməsi, əsas əşyalar üçün unikal kodların yaradılması və resursların aktual mənzərəsini təqdim edən anbar sistemlərinin qurulmasıdır.
Bu konsepsiyanın əsas dayaqlarından biri Çin ordusundakı hər bir əşyanın unikal identifikasiya nömrəsi almasıdır. Bu, logistikanı sadələşdirir və statusun izlənməsini asanlaşdırır. Çin Xalq Azadlıq Ordusu artıq bu iş üçün ümumi anbarlar sistemini yaradıb.
Ordu rəhbərliyinin ideyası ondan ibarətdir ki, bölmələr hər rotasiya zamanı özləri ilə çadırlar, generatorlar və ofis avadanlığı daşımamalıdır. Bunun əvəzinə bazalarda ümumi düşərgə avadanlığı və tapşırıq dəstləri saxlanılacaq, bölmələr isə gəldikdən sonra ehtiyac duyduqları ləvazimatı oradan götürəcəklər.
Nəşr bildirir ki, Sincanda yerləşən təlim bazaları artıq bölmələrə çadırları, kamuflyaj torlarını, oksigen aparatlarını və digər ümumi avadanlıqları əvvəlcədən sifariş etməyə, sonra isə yerində təhvil almağa imkan verir. Lyaoyanq hərbi yarımdairəsindəki birgə anbar isə hər bir əşyanı QR-kodla işarələyir və hərbçilərə ehtiyatlar barədə onlayn məlumat almağa, həmçinin birləşdirilmiş tədarüklər sifariş etməyə şərait yaradır.
İkinci mərhələ
Nəşrə görə, "intellektual birgə logistika”nın ikinci mərhələsi planlaşdırma və optimizasiyanın süni intellekt vasitəsilə həyata keçirilməsi olacaq. Süni intellekt sayəsində Çin ordusu ehtiyacları ehtiyatlar və nəqliyyat vasitələri ilə daha sürətli uyğunlaşdıra biləcək.
Çin Xalq Azadlıq Ordusu logistika idarəetmə sistemi daxilində real vaxt rejimində məlumatların toplanması, sürətli ötürülməsi, səmərəli emalı və intellektual qərar qəbuletməni təmin edən platforma hazırlayır. Bu sistem artıq sınaq mərhələsindədir.
Nəşrdə qeyd olunur ki, süni intellektin tətbiqi ilə Tibetdə yerləşən sahə bölmələri "Xueyu” adlı çatdırılma tətbiqi vasitəsilə sifarişləri onlayn göndərə bilirlər. Mərkəzləşdirilmiş platforma bu sorğuları real vaxtda birləşdirir və koordinasiyalı plan əsasında tədarükləri paylayır. Bu, sifarişlərin dinamik bölgüsünə, prioritet qaydalarının müəyyənləşdirilməsinə və məhdud sayda yük avtomobilləri, təyyarələr və anbar sahələrindən daha səmərəli istifadəyə imkan verir.
Bundan əlavə, Çin Xalq Azadlıq Ordusu mülki şirkətlərlə əməkdaşlığa başlayaraq intellektual "birgə mağaza”ya bənzər sistem yaratmaq niyyətindədir. 2017-ci ildə Hərbi Hava Qüvvələrinin logistika departamenti bir neçə iri logistika şirkəti ilə beşillik müqavilə imzalayıb. Bu razılaşma nəqliyyat, anbarların idarə olunması, satınalma, informasiya inteqrasiyası və tədqiqat layihələrini əhatə edir və məqsəd müharibə vaxtı döyüşə hazır, fövqəladə hallarda çevik reaksiya verən, sülh dövründə isə xidmət göstərən logistika sisteminin qurulmasıdır.
Üçüncü mərhələ
Nəşr əlavə edir ki, üçüncü mərhələ son kilometrdə avtonom çatdırılmanı nəzərdə tutur. Çin Xalq Azadlıq Ordusu artıq dağlıq və sahilyanı bölmələrdə pilotsuz təchizat üsullarını tətbiq edir, ərzaq və ehtiyat hissələrini daşımaq üçün yük dronlarından istifadə olunur.
Bununla yanaşı, Çində "Mule-200” adlı tırtıllı pilotsuz yerüstü nəqliyyat vasitəsi də sınaqdan keçirilir. Bu texnika piyada bölmələri ilə birlikdə sursat və digər yüklərin daşınması üçün nəzərdə tutulub. Belə platformalar fəaliyyət radiusunu artırır, əvvəlcədən proqnozlaşdırılan marşrutlarda həssaslığı azaldır və çətin şəraitdə təchizat üçün yeni imkanlar yaradır.
Bundan başqa, Çin Xalq Azadlıq Ordusunda yanacaq monitorinqini dövri yoxlamalardan fasiləsiz nəzarət sisteminə çevirəcək platforma üzərində də iş aparılır. Şəbəkə sensorları yanacaq çənlərinin vəziyyətini və ehtiyat səviyyəsini daimi izləyir, məlumatlar avtomatik toplanaraq sistemə yüklənir. Bu da komandirlərə anbarların vəziyyətini real vaxt rejimində izləməyə imkan verir.
Nəşr vurğulayır ki, Çin Xalq Azadlıq Ordusunun planlaşdırıcıları son iyirmi il ərzində Tayvan boğazı üzərindən mümkün müdaxilə zamanı logistikanı əsas problem kimi qiymətləndiriblər. Yeni təşəbbüs məhz bu problemi aradan qaldırmağı hədəfləyir.
Aydın
Şərhlər