Məmməd SÜLEYMANOV
Sənət 09:43 27.02.2020

"Coker”: Xəstə klounun xətrinə dəyməyin...

Məmməd Süleymanov

"Sirkdə kütləni əyləndirən kloun istirahət bilmədən, fasiləsiz məşq etməlidir, əks halda o, rəqabətdə uduzacaq və aşağı pilləyə enərək zibildaşıyan forması geyinməyə məcbur olacaq. Ona görə də o, həmişə və hər yerdə kloundur” (Evald İlyenkov. "Bütlər və ideallar”)

***

Bayırda 1981-ci ildir. Zibildaşıyanlar 18 gündür tətil edir. Tonlarla zibil toplanıb qalıb və şəhərə iri siçovullar hücum çəkib.

"Coker” filmində eşitdiyimiz ilk cümlələr bunlardır. Fon və dekorasiyalar sinfi ziddiyyətləri təlqin edir. Səni inandırırlar ki, sinfi mübarizədən bəhs edən süjetə seyrçi olacaqsan.

Axı 1981-ci il - Reyqanın prezidentliyinin başlanğıcıdır, neoliberalizmin (reyqanomikanın) dağıdıcı zəfər yürüşünün startıdır. Sosial siyasətin məhvi, sosial işçilərin ixtisarıdır. Filmin əvvəlində psixi xəstələr hələ imtiyazlı dərmanlar alır, ortasında isə daha dərman yoxdur.

Ancaq dayanın bir. Bayırda 1960-lar olsaydı, biz hippiləri və qaradərililərin marşını, 1970-lərdə - pasifistləri və yappiləri, "Qara bəbirlər”i və sitausionistləri, 1990-larda - amansız Los-Anceles qiyamını, 2000-lərdə - "Uoll-striti işğal edənləri” görəcəkdik.

Hamısında da kimlərsə tətil edir, teraktlar və siçovullar da öz yerində. Həmişə də nəvaziş tələb edən psixlər var.

Yəni, başlanğıcdakı fon aldadıcıdır. Kapitalizm elə həmişə bu cür olub. Fonu göstərənlər tələ qurub. Filmdə sinfi mübarizədən heç nə yoxdur. Mitinq edənlərlə psixopat kloun da bir-birindən xəbərsiz paralel mövculuq keçirirlər.

Film soyuqqanlı qatil roluna girmiş və çıxa bilməyən, taxdığı maska artıq sifətinə yapışıb taleyə çevrilən idiot haqqındadır.

Onun heç bir siyasi tələbi, ideologiyası və ideyası yoxdur. "Mənə nəvaziş göstərin” istəyi nə vaxtdan siyasi olub?! Fərd ona çəp baxanları qisas üçün qətlə yetirirsə, onu öz adı ilə adlandırmaq lazımdır. Hansı sinfi şüurdan danışırsız? Coker istismarçı Ueyni qucaqlamağa hazırdır - təki onun dilindən "Oğlum” kəlməsini eşitsin.Onun Ueynə nifrəti "Yox” cavabını möhkəmlədən silləni alandan sonra başlayır. Əcəb antaqonist siniflərdir...

***

Sağ spektrdə Cokeri özününkü sayanlara rast gəlmədim. Ancaq Sol - buyurun. Əsl ekstaz və furor.

Slavoy Jijek onu nümunəvi marksist hesab edir. Ancaq təsdiqləyir ki, filmə baxmayıb. Əlavə də edir: o, haqqında danışdığı filmlərin ümumiyyətlə 50 faizinə baxmır, resenziyaları oxuyur və öz konsepsiyasını hazırlayır. Filmlərə isə ona görə baxmır ki, birdən konsepsiyası puç olar.

Fəlsəfi klounada, elə deyilmi?

Və bu tip yorumçular deyirlər: Əgər istismarçılar əzilənlərə kloun kimi baxırsa, bir gün bu klounlar da Qiyama qalxıb onlar üçün əsl sirk düzəldir.

Bu, heç də "xalqlar üçün bayram” olan İnqilab deyil. Bu, heç uşaqların güldüyü, "Günəşli kloun”un çıxış etdiyi sirk də deyil. Bu, ilk xristianların şirlərə yemləndiyi Lion arenası, yaxud amansız "Nika üsyanı”nın başlandığı Konstantinopol ippodromudur.

Maksimum isə - Cek Londonun bəhs etdiyi "yeraltıların qiyamı”dır ki, Sistem üçün onun heç bir təhlükəsi yoxdur.

Müasir dövrdə mərkəz kapitalizmində o cür qiyamlar nəinki tez yatırılır, həm də "incəsənət”də əmtəəyə çevrilir.

Periferiyalarda isə əgər mərkəz işə qarışarsa, bu qiyamların personajları dəyişmək şansı var. Əlbəttə, daha eybəcər yeni Sistem bərqərar etməklə (Ukrayna kimi, Liviya kimi...) Qələbənin səhərisi gün yuxudan ayılanda isə qiyamçıları ya öz aralarında yeni didişmə və xaos, ya da peşmançılığın gətirdiyi yorğun biganəlik gözləyir.

İnqilablar bu cür olmur. Orada idiotlar və klounların şəxsi qisası yox, tamamilə başqa şərtlər və başqa avanqard tələb olunur...

***

Cokeri başqalarının yox, özünün problemləri yola çıxarıb. O, xəstə fərdiyyətçidir, Mürreyin verilişində təsdiqləyir ki, siyasətdən uzaqdır və aksiyalara inanmır.

O, rəqabətdə uduzmuş kloundur və özünün başqaları tərəfindən uğursuz kloun kimi qəbul olunduğuna qəzəblidir. Şizofreniya, koqnitiv dissonans. Şoumenlərin onu ələ salmasına qarşıdır - halbuki öz arzusu da uğurlu şoumen olmaqdır. O, Mürreyi sinfi düşmən yox, şəxsi düşmən saydığı üçün öldürür. Və qətiyyən şounun əleyhinə deyil - elə ona görə də qətl canlı efirdə baş verir. O, qətli şouya çevirməyi özü üçün uğur sayır.

Onun öldürdüyü ilk üç şəxs - birja işçiləridir. Yəni, guya ki varlılardır. Halbuki, varlılar yoxsullarla məkan və vaqon bölüşmürlər, gecə yarısı yorğun halda metro ilə evə dönmürlər. Qətlin yeganə motivi yenə də sırf şəxsidir - onu ələ salıblar.

Bəs onda Coker ona başsağlığına gələn keçmiş iş yoldaşını niyə qayçı ilə və amansızlıqla öldürür? - o ki isteblişment deyil.

Biləndə ki, onu böyütmüş qadın onun əsl anası deyil - Coker xəstə qarını öldürür. Demə, körpə olanda işgəncəyə məruz qalıbmış, həm də o yaşda ki, xatırlaya bilmir (salam, Freyd!)

Və narazı idiotun şəxsi zəmində qətllərini öz adı ilə yox, Sistemə qarşı Qiyam kimi qələmə vermək ona işarədir ki, rejissor və ssenaristlər öz məqsədlərinə çatıblar. Qiyam satış kimi.

Almaq üçün növbəyə durublar.

***

Qarşımızdakı aqressiv idiotdur. Reyqan dərmanları ləğv etməsəydi belə, Coker qatil olacaqdı (İlk qətlləri törədəndə dərmansız qalmamışdı).

Və kütlələr küçəyə axışanda onun maskasını taxırlar. O, liderdir.

Olurmu bu cür? O qədər olub ki. İnqilabın subyektiv şərtləri yetişməyəndə (hakim siniflər yatmır. Filmdə də TV yalnız debilləşdirici şoular göstərir), narazılar əllərinə düşən, inanmaq istədikləri və reklam olunan  ilk idiotu lider elan edə bilirlər.

Odur ki, bu gün "Yaşıl zona”ya hücum çəkən Bağdad yoxsulları da, Parisdə mitinqə çıxan yanğınsöndürənlər də, Santyaqoda neoliberalizmə etiraz edən tələbələr də sinik, soyuqqanlı idiotun maskasını geyinirlər.

Sistemin çox da vecinədir. Ona elə bu lazımdı - həm etiraz enerjisini buxara çevirir, həm də obyektiv zorakılığa qarşı subyektiv zorakılıq qoyanları idiot və kloun kimi təqdim etmək şansını əldən vermir... 

Və Coker maskası ilə küçəyə axışmaqla yalnız İnqilab enerjisini sublimasiya etmək olar. İnqilab - şou, sinfi mübarizə - karnaval deyil. Əsassız nikbinliyin ardınca isə həmişə əsassız bədbinlik gəlir.

***

"Sizə təəccüblü gələcək: İnqilabçı yola böyük sevgidən çıxır” - Çe Gevara söyləyirdi.

Onu Peru leprozorisinə - ümidsiz xəstələrə, Qvatemalaya - aldanmış və təhqir olunmuş xalqa sevgi aparmışdı. O, Meksikada Fidelə əzilənlərlə həmrəy olduğuna görə qoşulur, Kubaya, Boliviyaya - eyni sevgidən çıxış edərək gedir.

Şəxsi qisasla yalnız Kolumbayn törətmək olar. Özündən sonra cəsədlər və xarabalıqlar, bir də banallaşmış şər qoymaqla...

***

İnqilabın rejissorları Eyzenşteyndir, Dziqa Vertovdur, Medvedkindir, Kris Markerdir.

Dirənişin kinosunu özünün "Əlcəzair uğrunda döyüş”ü, "Yırtıcı” əməliyyatı” və "Keymada”sı ilə Cillo Pontekorvo, "Politexnio”nu çəkən yunan tələbələri, "Mühasirə vəziyyəti” ilə Kosta-Qavras yaradıb.

"Üçüncü kinematoqraf” - Taviani qardaşları və fon Trottadır, sandinist rejissorlardır, Uqo Santyaqodur, argentinalı Solanas və Xetinodur, Migel Littindir, "Svift-1971” qrupu və Xuan Sedrondur.

Qiyamı gənc Qodar və Alen Rene, Pazolini və Brüno Müel, Çilinin "Xalq birliyi” kinematoqrafçıları və Raul Ruis çəkib...

Və bütün bunlardan sonra "Coker” - Sistem əzilənləri film vasitəsilə kloun və idiot adlandırdı. Filmdə də onu narazıların simvoluna elə burjua televiziyası və burjua qəzetləri çevirir - reklam etməklə və tirajlamaqla.

Və Sistem özünə sərfəli olan psevdo-Qiyamın ssenarisini - karikaturanı göstərir..