Xəbər lenti

Con Kelxunun təcrübələri və yer üzündə cənnət məsələsi...
Hüseynbala Səlimov
Ölkə 11:54 23.07.2018

Con Kelxunun təcrübələri və yer üzündə cənnət məsələsi...

Hüseynbala Səlimov

Siyasi publisistlərin və təhlilçilərin bir missiyası da var: insanlara pozitiv impulslar aşılamaq. 

Əgər yazılarımız insanlara yalnız və yalnlz bədbin notlar aşılayacaqsa, onları problemləri dəf etməyə həvəsləndirməyəcəksə, onların mübarizə əzmini artırmayaqca, belə halda bu yazıları yazımağın bir mənası varmı?

Düzdür, başqa cür düşünənlər də olub və indi də var. Məsələn, sovet-eston filosofu Q.Naan deyirdi ki, ziyalıların missiyası həm də cəmiyyətə və fərdlərə acı həqiqətləri çatdırmaqdır.

Fəqət, yenə də fikrimizdə qalırıq: siyasi yazıların da pozitiv yükü olmalı və onlar insanlara həm də nikbinlik aşılamalıdır, çünki bizim bu Dünyada yaşmaqdan, mübarizə aparmaqdan, Yerdəki və Göydəki Allahlara qarşı "savaş” açmaqdan savayı yolumuz yoxdu–iyirminci əsrin ən populyar fəlsəfi cərəyanlarından olan ekzistensializm belə buyurur...

Güman, oxucularda artıq sual yaranıb ki, müəllif bunları bizə niyə  deyir? Son həftələrdə yaşaşdığımız acı proseslərə həsr olunmuş ötən dəfəki yazımı bir daha nəzərdən keçirəndə gördüm ki, bədbin notlar çoxdur. Elə hey bir sual içində qovrulurdum ki, görən, daha nə yazım ki, dediyim yazının neqativ yükü bir az azalsın?

Bu suallarla vurnuxmaqdaydım ki, özüm də gözləmədən bir detal dadıma çatdı. Bir müddətdir psixologiyaya aid bir kitabı tərcümə edirəm. Yeri gəlmişkən, müəllif Azərbaycandan kənarda yaşayan həmyerlimizdi, psixiatriya və psixologiya üzrə elmlər doktoru, professordur. 

Maraqlı və oxunaqlı kitabdır. Tərcüməni artıq bitirmək üzrəyəm, İnşallah, nəşr edilər, reklam edərik, siz də oxuyarsınız və müəllifi də daha ətraflı tanıyarsınız.

Qərəz, yazının əvvəlindəki suala cavab axtarmaqdaydım ki, tərcümə etdiyim kitabda çox maraqlı bir bölməyə rast gəldim. Burada amerikalı zooloq və psixoloq Con Kelxunun "siçovullar cənnəti”lə bağlı təcrübə və araşdırmalarından bəhs edirlirdi.

Bu detal mənim diqqətimi dərhal cəlb etdi. Deməli, Con Kelxun siçovullar üzərində 25 böyük təcrübə aparıbmış. Daha dəqiq desək, o, bir neçə siçovul götürərək onlar üçün sözün əsl mənasında cənnət yaradır: komfortlu məkan, gen–bol su və qida! Alim özü buna "siçovul cənnəti” deyirmiş. Amma təcrübələr nə göstəribdir? 

Deməli, bir müddətdən sonra dişi siçovullar cütləşməkdən, çoxalmadan və bala böyütməkdən tamam imtina edir. 

Gənc siçovullar da hər hansı bir sosal funksiya yerinə yetirmək istəmir, onlar da cütləşməyə və normal siçovul həyatı keçirməyə maraq göstərmirlər, yalnız yeyir və yatırlar. Amma ən maraqlı və düşündürücü  məqam bilirsinizmi nədir? Getdikcə belələrinin sayı artır. Bol qida və su olduğu halda, siçovullar arasında hannibalizm başlayır. Xeyli həm erkək və həm də dişi siçovullar olduğu halda heyvanlar arasında biseksualizm və homoseksualizm meydan sulayır... 

Beləcə, siçovullar qırılmağa başalyırlar. Kelxun 25 belə təcrübə keçirir, "siçovul cənnəti” yaradır, amma son nəticədə siçovulların hamısı qırılır!
Kelxunun bu təcrübələri çox geniş ictimai və siyasi rezonans doğurubmuş. Amma ona qarşı çıxanlar da az deyilmiş. Ən böyük irad isə bu, imiş ki, heyvanların davranışını insanlara aid etmək olmaz. Bundan başqa, bioloqlar Kelxunun təcrübələrini şübhə altına ala biləcək düz altı arqument irəli sürürlər! Fəqət, bununla belə Kelxunun təcrübələrinə indi də maraq azalmayıb və belə tədqiqatları davam etdirənlər var.

Bəs bundan hansı istimai–sosial nəticələr çıxa bilər? Birinci nəticə budur ki, Yer üzündə cənnət yaratmaq mümkün deyil. 

Kelxun siçovul populyasiyası üçün cənnət yaratdı, amma son nəticədə siçovulların hamısı qırıldı.

Biz isanlar üçün də Yer üzündə cənnət yaratmaq çağırışları və hətta cəhdləri çox olub, ümumiyyətlə, cənnət haqdakı təsəvvürlər insanları ən çox cəlb edən məsələdir; kimi bu Dünyadakı əzablarının müqabilində o biri dünyada mükafatlandırılacağını düşünür, kimi də səbrsizlik edərək cənnəti elə Yer üzündə yaratmağa çalışıb və ya çalışır...

İkincisi, Kelxun təcrübələrinin əsasında "iki ölüm” nəzəriyyəsini yaratmışdı: ruhən ölüm və fiziki ölüm. Siçovullar əvvəlcə ruhən öldülər. Sonra isə fiziki ölüm gəldi... 

Amma demək istədiyim bir az başqa məsələdir: bizi qoruyan və ayaq üstə qalmağa vadar edən problemlər, çətinliklərdir, onların sayəsində yaşayırıq, onların sayəsində həyatımızın mənası olur, onlar bizi deqradasiya olunmaqdan hifz edir. Bu səbəbdən heç bir vaxt çətinlikdən qorxmayın, mübarizə aparın... 

Bəli, siz də deyə bilərsiniz ki, Kelxunun siçovullar üzərindəki təcrübələrindən insan cəmiyyəti üçün nəticə çıxarmaq düzgün deyil. Olsun. Mən bioloq və ya psixoloq deyiləm. Amma bir detalı diqqətinizə çatdıracam. Məsələn, indi Dünyanın çox ölkələrində, xüsusən ABŞ və Avropada müşahidə olunan çox iyrənc tendensiya – eyni cinsli insanlara nikaga girməyə icazə verilməsi, haradasa, C.Kelxunun təcrübələrindəki əlamətlərin təzahürü deyilmi? Bu yolla tox və firavan, problemsiz Qərb cəmiyyətlərinin deqradasiyası başlamırmı?.. 

Yaxud həmin tox və firavan ölkələrdəki anlaşılmaz cinayətləri və aqressiyanı götürün. Elə bunlar da deqradasiyanın bir əlaməti deyilmi?..

Nə isə... Bilmirəm, fikrimi sizə çatıdıra bildim, ya yox? Qərəz, bir daha deyirəm ki, qoy, siyasi və ictimai həyatdakı problemlər, sosial – iqtisadi çətinliklər sizi qorxutmasın. Bizi yaşadan və inkişaf etdirən, insan adını daşımağa imkan verən məhz həmin çətinliklərdir...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->