Ölkə 15:15 24.09.2021

Cümhuriyyət illərindən başlayan söz azadlığının bu günü ekspertlərin gözü ilə...

(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanmışdır)

Hüquqi baxımdan Azərbaycanda söz, mətbuat azadlığının gerçək tarixi Azərbaycan Xalq Cümhuriyyəti illərindən başlayır. Amma Azərbaycanda söz, mətbuat azadlığının bünövrəsi XX əsrin əvvəllərində qoyulub. O vaxt Azərbaycan mətbuatında böyük bir intibah yaşanırdı. "Əkinçi”dən sonra "Ziya” və "Kəşfül” qəzetləri işıq üzü gördü. Bu nəşrlərin dayanmasından 30 il sonra isə yeni qəzetlər işıq üzü görməyə başladı. "Həyat”, "İrşad”, "Tərəqqi”, "Təkamül”, "Açıq söz” və s. kimi qəzetlərin azad fikiri, məlumatları yayması tarixi faktdır. 1919-cu ildə Azərbaycan Parlamentinin Mətbuat Nizamnaməsini qəbul etməsi söz, mətbuat üzərində senzuranın aradan qaldırılması, mətbuatın qeydiyyatının hökumətdən asılı olmamasını bəyan edən qanundan sonra Azərbaycanda sözün həqiqi mənasında mətbuat azadlığı dövrü başlayb. 

Beynəlxalq təşkilatlar tənqid etsə də, Azərbaycanda internet azaddır...

Media eksperti Qulu Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra, təqribən 2000-ci illərə kimi cəmiyyət söz və mətbuat azadlığının faydasını, havasını gördü, duydu və onu yaşadı:



"Ona görə mətbuat tarixində bu məqamları yaddan çıxartmalı deyilik. Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün vaxtı ilə müəyyən işlər - onun hüquqi bazası, KİV, televiziya, ictimai yayım, məlumat əldə etmək haqqında xeyli işlər görülüb. Ən önəmlisi konistitusiyada xüsusi olaraq hər kəsin məlumat əldə etmək, yaymaq, sərbəst şəkildə ifadə etmək haqqında xüsisi maddə var. 51-ci maddə ölkədə söz, mətbuat azadlığına təminat verir. Amma reallıq isə mətbuatın vəziyyəti ilə bağlıdır. Mətbuatımız nə dərcədə azaddır, nə dərəcədə plüralistdir, bu televiziyalardan görünürmü” və s. bunlar tamamilə başqa mövzudur. Bu barədə çox da ürək açıqlığı ilə danışmaq olmur”.

Qulu Məhərəmli internetin azad olmasını diqqətə çatdırıb:

"Beynəlxalq təşkilatların bəzən Azərbaycanı tənqid etməsinə baxmayaraq, bu faktdır ki, ölkədə internet azaddır. Düzdür, bəzi saytlara, səhifələrə bloklamalar, müdaxilələr olur, amma bununla yanaşı, insanlar həm saytlarda, həm sosial şəbəkələrdə öz fikirlərini açıq şəkildə ifadə edə bilirlər. Hər halda bu söz, fikir, mətbuat azadlığının bir göstəricisi kimi mətbuat azadlığı indeksində önəmli yer tutur. 1990-ci illərin ortaları ilə müqayisədə müəyyən geriləmələr var. Bu da yürüdülən siyasətdə yol verilən bəzi əyintilərlə, bəzi məmurların öz vəzifə səlahiyyətlərini aşması ilə bağlıdır. Bunların hamısı söz və mətbuat azadlığına müəyyən dərəcədə təsir edir. Medianın İnkişaf Agentliyi yaradılıb və onun nizamnaməsində birbaşa göstərilir ki, bu qurum ölkədə söz, mətbuat azadlığının, plüralizmin inkişafına yardım edəcək. Necə edəcək, onu gələcək fəaliyyəti gəstərəcək”.



Qulu Məhərrəmli İkinci Qarabağ savaşı dövründə fövqəladə vəziyyət olduğu üçün bir çox azadlıqların məhdudlaşdırıldığını diqqətə çatdırıb:

"O cümlədən də söz, mətbuat, davranış azadlığı. Məsələn, 44 günlük müharibə dönəmində internet məlum səbəblərdən məhdudlaşdırıldı, saytlara girmək imkanları daraldıldı. Amma bununla yanaşı, insanlar xüsusi texniki qurğular vasitəsi ilə internetə girib məlumat əldə etməyə çalışdılar. İndi internet sərbəstdir və insanlar bundan istifadə edə bilirlər. Müharibə şəraitində fövqəladə vəziyyət elan olunursa, söz və mətbuat azadlığının məhdudlaşdırılması mexaniki olaraq qüvvəyə minir. Azərbaycanda da belə oldu və uzun müddət davam etmədi”.

Azərbaycanda söz, fikir və məlumat azadlığının inkişaf prespektinə gəlincə, Qulu Məhərrəmli vurğulayıb ki, bu dünyanın qəbul etdiyi demokratik dəyərdir:

"Söz və məlumat azadlığı demokratik cəmiyyətin əsas atributlarından biridir, insan haqları konteksində bu, ən önəmli hüquqlardan biridir. Azərbaycan da elan edib ki, hüquqi dövlət qurur və buna doğru gedir”.  

Həm dövlət, həm özəl medialarda ciddi problemlər mövcuddur

Media eksperti Ələsgər Məmmədlinin fikirincə, söz o zaman azad olur ki, yayıla bilir. Ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi üçün hansı işlər görülür məsələsinə gəlincə, Ələsgər Məmmədli bunun bir az qəliz proses olduğunu hesab edir:



"Əslində bir çox işlər var ki, onlar görülmür. Görülən işləri saymaq əvəzinə, biz görülməyənlərdən danışırıq. Normalda ifadə və məlumat azadlığı konistitusiyanın 47-50-ci maddələrində öz əksini tapıb. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olan zaman həm də Avropaya inteqrasiya yolunu seçib, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Hansı ki, orada 50-ci maddə həm plüralizmi, həm ifadə, həm də məlumat azadlığını qoruyur. Hələ ki, aradan keçən 20 il müddətində biz konistitusiyada olan kifayət qədər müddəanı bir tərəfə qoyub, onlara müxtəlif maddələr çərçivəsində əl gəzdirdik. Hazırda plüralizm çox aşağı səviyyədədir. Yox deməzdim, çünki internet media, sosial şəbəkələr var. Bu baxımdan onlar da Azərbaycanda mövcud olduğuna görə plüralizm xüsusən sosial şəbəkə üzərində mövcuddur. Əgər peşəkar mediadan danışırıqsa, həm dövlətin, həm də özəl şəxlərin təsis etdiyi media orqanları var ki, orlarda ciddi problemlər mövcuddur. Plüralizm yoxdur və ifadə azadlığına ciddi basqılar var, bundan əlavə dezinfomasiyalar çox geniş yayıla bilir. Bu da onun göstərir ki, azad olmayan mediaya istənilən müdaxilə rahat olur və bu müdaxilə həm də medianın özünün keyfiyyətini çox aşağı salır”.



Ələsgər Məmmədli bildirib ki, 44 günlük müharibə zamanı ölkədə hərbi vəziyyət elan edildi, mətbuata senzura qoyuldu, eyni zamanda da internet bloklandı:

"Bu, artıq istisna haldır. Amma 44 günlük müharibə başa çatdı, dekabrın 10-da hərbi vəziyyət aradan qaldırıldı. Hazırda Azərbaycanda sivil vəziyyətdir, müharibə şəraiti və vəziyyəti elan olunmayıb, normal həyat hökm sürür. Amma 44 günlük müharibə dönəminə dönsək, əlbəttə ki, hərbi vəziyyət elan olunduğundan hərbi vəziyyət haqqında qanunla ifadə, mətbuat və internet azadlğına məhdudiyyətlər qoyulur. Azərbaycanda birbaşa internetə çıxış problemləri oldu, sosial şəbəkələrə VPN-lə qoşulmaq mümküm idi. Bəzi VPN proqramlarına internet qadağan olundu. İstər televiziya, radio, istər qəzet-jurnal, istərsə də internet media özünü hərbi vəziyyətə uyğun köklədi. Düşünürəm ki, Azərbaycan mediası həmin dönəmdə sınaqlardan yaxşı çıxdı, cəmiyyət çox da məlumatsız qalmadı. Sosial şəbəkələr və Telegram kanaları önəmli rol oynadı, onlar cəmiyyəti müntəzəm olaraq maarifləndirdi. Düzdür, neqativ hallar da oldu ki, erməni mənbələri çox sürətlə dezinformasiyalar yayırdı. Biz isə gerçək mənbələrdən gerçək informasiyaları gec aldığımızdan bəzən o informasiyalar cəmiyyətdə ciddi şəkildə xəyal qırıqlığı yaradırdı. Xüsusən də müharibənin ilk günləri. Çətin olan relyefdə çətin olan istehkamların yarılmasında müəyyən itkilərimiz olmuşdu. Erməni mətbuatı həmin itkiləri sosial şəbəkələrdə çox geniş propoqanda alətinə çevirmişdi. Bu, bir az Azərbaycanda xəyal qırıqlığı yaratmışdı. Amma sonra qısa zamanda biz çox sürətli informasiyaları necə almağın yolunu tapdıq, həm də alternativ metodla necə işləməyin yolunu öyrəndik. Bizə 44 günlük müharibədə məlumat almaqda Türkiyə mətbuatı da dəstək verdi. Xüsusən də müharibə bölgəsində olan jurnalistlər oradan qaynar xəbərlər çatdırırdılar ki, bu da Azərbaycan xalqı üçün çox önəmli idi. Sosial şəbəkədə azad olunan bölgələrlə bağlı Prezidentin mesajları olurdu. Bunlar da informasiya bolluğunu artırırdı. Dekabrdan sonra isə Azərbaycan mediası yenə öz axarına döndü. O axarda isə həmişə problemlər olub və olacaq da”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.