Daha bir inqilab olsa...

Daha bir inqilab olsa...

Hüseynbala Səlimov

Tolstoyun belə bir cümləsi var ki, bütün xoşbəxt ailələr biri-birinə bənzəyir, hər bir bədbəxt ailə isə özünəməxsus şəkidə bədbəxtdir – bəli, səhv etmirəmsə, yaddaşım aldatmırsa, "Anna Karenina” romanı məhz bu cümlə ilə başlayırdı, hansını ki, deyilənə görə, L.Tolstoy C.Coysun "Uliss” romanını oxuyandan sonra "Bu romanı əvvəl oxusaydım "Anna Karenina”nı mən də bu üslubda yazardım” deyibmiş...      

Odur ki, ola bilsin, hər yerdə belə olur, amma hərdən mənə elə gəlir,  Azərbaycanın siyasətinin həmişə xüsusi özəllikləri olub. Yadımızdadır ki, vaxtilə hər dəfə yaz gələndə təkcə adi həyat yox, siyasi proseslər də canlanırdı: yazda impuls alan proseslər ta qışadək davam edirdi.   
  
Bəli, 88-ci ilin payızından başlayaraq ölkədə hər il mütləq nəsə baş verirdi; məhz o illərdə insanlar ilk dəfə meydanlara rəsmi bayramları qeyd etmək üçün yox, öz etirazlarını bildirmək üçün çıxdılar. Tədricən hakimiyyətlər də Moskvanın göstərişi və qrafikilə yox, ictimai təzyiqin diqtəsilə dəyişməyə başladılar. 

Bizim birinci və hələki sonuncu inqilabımız da yazda – 92-ci ilin mayında baş vermişdi. Cəmi bir neçə gün bundan əvvəl hansısa möcüzə nəticəsində insanlar qəfil xatırladılar ki, 27 il bundan əvvəl ilk Azərbaycan inqilabı baş vermişdi.

Biz onu ona görə "ilk” adlandırırıq ki, sovetlərin rəsmi tarixinin iddialarına rəğmən Azərbaycanda heç bir sosialist inqilabı olmamışdı və sosializmlə bağlı nə vardısa, ölkəyə 11-ci qırmızı ordunun süngülərinin üstündə gətirilmişdi, hətta Azərbaycanın ilk kommunist rəhbəri N.Nərimanov da Bakıya qırmızı ordunun əsgərlərinin çiyinlərində daxil olmuşdu...

Buna qədər ciddi, izdihamlı bir milli-azadlıq hərəkatı da olmamışdı; düzdür, Bakı uğrunda döyüş olmuşdu, bizim birinci paytaxtımız Bakı erməni işğalından azad edilmişdi, qurucu atalarımız hətta tələm-tələsik "İstiqlaliyyət bəyannaməsi” də tərtib etmişdilər, amma bununla belə böyük hesabla proses elitar-aristokratik xarakter daşıyırdı. Millətimizin taleyini onun böyük kütlələri deyil, bir neçə dünyəvi təhsil almış, savadlı və elitar, gənc insanlar həll edirdi, - məhz onlar millətimizin adından Azərbaycanın müstəqilliyini bəyan etmişdilər. O vaxta qədər isə bu ad yalnız və yalnız coğrafi məzmun kəsb etmişdi və məhz bu bir neçə gənc insanın sayəsində o, həmişəlik siyasi məzmun qazanmış oldu.

Bizim məşhur 1992-ci ilin may inqilabımızın məqsəd və vəzifələri daha kasad idi. O vaxtadək Azərbaycan artıq təkrar olaraq müstəqilliyini bəyan etmişdi, rəsmi şəkildə BMT və böyük dövlətlər tərəfindən tanınan suveren dövlət olmuşdu, özünün ikinci "Müstəqillik bəyannaməsini” qəbul etmişdi, rəsmi olaraq kommunist ideologiyasından imtina etmişdi, hətta neft kontraktları ilə bağlı da "kəşfiyyat” xarakterli ilk danışıqlar aparılmışdı... 

Əlbəttə ki, demokratiya ilə bağlı müəyyən dərəcədə, qaçılmaz problemlər vardı (axı hər şey təzəcə başlayırdı!), eləcə də Dağlıq Qarabağ problemilə bağlı işlər heç də qaydasında deyildi. Amma sonrakı illər göstərdi ki, o vaxt ölkə daha liberal və demokratik idi – hətta bizim inqilabçı –demokratların bir illik hakimiyyətilə müqayisədə! Ən azından o vaxt daxili işlər naziri və ya qeyrisi yanına silahlıları salıb qəzetlərin redaksiyalarını gəzmirdilər.
 
Dağlıq Qarabağ problemilə bağlı da eyni sözləri demək olar; sonrakı illərdə işğalın coğrafiyası dəfələrlə böyüdü, biz təkcə dağlıq deyil, aran Qarabağı da itirdik.

Ona görə də bizim birinci və hələki sonuncu inqilabımız siyasi fiksiyadan başqa şey olmadı. Nə demokratiya artdı, nə də Dağlıq Qarabağı qaytardıq. Bu azmış kimi, keçmiş kommunist elitasının daha mühafizəkar qanadının hakimiyyətə yolunu açdıq; "sexovşik” kommunistləri devirib keçmiş partokrat kommunistləri hakimiyyətə gətirdik.

Bu səbəbdən 27 il bundan əvvəl baş vermiş inqilabı epizodik olaraq xatırlayan insanlar dərhal da başa düşürlər ki, böyük hesabla xatırlamalı bir şey də yoxdur: həmin inqilabi bircə ildən yalnız ironik "bəy” sözü qaldı ki, bununla da sonradan o dövrün siyasət adamlarını və fəallarını "işarələmək” üçün istifadə edirdilər. Bəli, insanlar anlatdılar ki, elə adlar və titullar var ki, onları kütləvi şəkildə mənimsəmək olmur, bunun üçün həqiqətən də xidmətin olmalıdır – necə deyərlər, gədadan bəy olmaz...

Beləcə, devriləndən sonra ironik "bəy” ləqəbi alan o dövrün siyasi xadimləri sonrakı illərdə "ana müxalifət” roluna razılaşdılar, hərdənbir hakimiyyətin məsləhəti və göstərişilə kiçik aksiyalar keçirməklə, jurnalistlərin bu və digər suallarını tutuquşu kimi cavablandırmaqla illərlə düşündülər ki, guya bunlar da qlobal demokratik prosesə böyük töhfə verirlər və "üçüncü demokratiya dalğası” yetişəndə onları da yada salacaqlar. 

Fəqət, tezliklə belə məlum oldu ki, artıq heç kimin nəinki onların, hətta bir qrup həqiqətən də fədakar demokratlar dəstəsinin də xidmətlərinə ehtiyacı yoxdur: bəli, bir-iki həqiqi demokrat illərlə hüquq və azadlıqlar haqqdında danışdı, amma şanlı millətimiz bütün bunları dinləyə - dinləyə tənbəl-tənbəl yalnız imtiyazlar haqqında düşündü – bəli, azadlq və hüquq yox, məhz imtiyazlar haqqında...

Düşünmək olardı ki, bizə bunlar keçmişin nostaljisini yaşadacaq; o keçmişin ki, hələ haradasa toplaşmaq, hakimiyyət mənsublarının siyasətini müzakirə, hətta tənqid etmək olurdu, hər gün təzə qəzet almaq və onu digərlərinə də vermək olurdu ki, daha çox adam oxusun.

Amma nə qədər qəribə olsa da heç bir nostalji yoxdur. Şəxsən mən özümə tez-tez eyni sualı verirəm: "Sən yeni hakimiyyət istəyirsənmi?”. Di gəl, ürəyimin dərinliyində hiss edirəm ki, yox, istəmirəm. Güman ki, elə insanların əksəriyyəti də belə düşünür.

Bilirsinizmi, niyə? İndiki hakimiyyət o cəhətinə görə yaxşıdır ki, biz üllüziya qurmuruq, nə varsa, onunla məhdudlaşırıq, hakimiyyətdən hər hansı umacağımız-küsəcəyimiz yoxdur, həm də anlayırıq ki, adam hər deyilənə, o cümlədən də ölkədə nə vaxtsa kardinal siyasi islahaların da  aparılacağı haqdakı vədlərə də inanmamalıdır...

Həm də Dağlıq Qarabağ problemi həll olunmasa da, demokratiya ilə bağlı müəyyən problemlər olsa da ölkənin özündə və siyasətində bir stabillik, proqnozlaşdırıla bilinən vəziyyət bərqərar olubdur və məlum deyil ki, mərhum prezident Heydər Əliyev əvvəlki hakimiyyətlərin bəzi səhvlərini aradan qaldırmasaydı, məsələn, Rusiya və İranla münasibətləri yoluna qoymasaydı, Azərbaycan belə mürəkkəb geosiyasi arealda mövcudluğunu qoruyub saxlaya bilərdimi? Mən səhvlərdən təkcə birini dedim, amma onlar bir deyildi, iki deyildi, çox idi. Odur ki, daha heç kim risk etmək istəmir – bəli, bir dəfə bizə şans verildi, Heydər Əliyev kimi bir şəxsiyyət tapıldı ki, onları düzəltsin. Bu dəfə kim onları düzəldəcək? Belə bir adam tapılacaqmı?.. 
   
Üstəlik, yeni hakimiyyət gələcək, 27 il bundan əvvəl olduğu kimi konkret ümidlər yaranacaq ki, bəs bunu belə etmək lazımdır, onu elə! Amma bu növbəti bir məyusluq olacaq, çünki insanların əksəriyyəti, xüsusən də onların ən hiyləgər hissəsi olan siyasətçilər adətən məzmuna toxunmurlar, yalnız fasadları dəyişməyə çalışırlar. Mən isə artıq elə bir yaşdayam ki, çətin, ikinci böyük yalanı yaşamağa gücüm çatsın.

Həm də sizə bir şeyi deyim. Allah eləməmiş, Azərbaycanda daha bir inqilab olsa, bu dəfə ermənilər Bakıya qədər gəlib çatacaq. Mən bunları havadan, boş-boşuna demirəm, necə deyərlər, gördüyümü görmüşəm – bəli, bizim ərazilərimizin çoxu Bakıda siyasi qarmaqarışıqlar yaşanan zaman işğal olundu. Odur ki, gəlin farağat olaq...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR