Hər yeni yazıçının yaradıcılığı ilə tanış olmaq dənizə getməyə bənzəyir. Orada sunamilər, dalğalar və ləpələrlə qarşılaşacağımı bilirəm. Yorulub evə, sakitliyə qaçdığım da olub. Bir daha onlara qayıtmadığım hallar olub, nə mənfi, nə müsbət fikir demək istəməmişəm. Sadəcə olaraq istəməmişəm. Bir yazıçıya, bir qələm adamına laqeydlik ən acımasız münasibət olsa da, bunun səbəbləri odur, onlardır. Necə deyərlər, gəmini sən batırdın, limanı da mən yandırdım.
Amma elə yazıçılar var, əvvəl söhbəti sənə sahili döyəcləyən ləpələr kimi rahatlıq gətirər, sonra şeirlərini dalğalar, romanlarını düşüncəni dəyişən xoşməramlı sunamilər bilərsən.
"Tale başımın üstündə səma kimidi,
Qaçıram, hey qaçıram,
Altından çıxa bilmirəm..."
Uzun-uzadı danışan, taleyini mənə anladan və heç bir enerjiyə inanmayan, özünü dəyişmək istəməyən rəfiqəmə bu misralarla cavab vermişdim. "Misraların müəllifi kimdir?" sual etmişdi.
"Kənan Hacı", demişdim.
Həmin gündən ikimiz "Fironun dəftəti"nı başlamışdıq. Sonra "Çəhrayı qan", "Quşlar üçün karusel" bizi dəniz saydığımız, əslində okean olan dərinliyə aparmışdı. Kənan Hacının yaradıcılığı ilə tanışlıq təkcə "İki qadını ayıran pəncərə" ilə deyil, "Yağ kimi" və "Rəqqasə" ilə də davam etmişdi. Və heç zaman rəfiqəmlə bir-birimizə "Uzaqlaşın, soyuqdur" deməmişdik.
"Sınmış budaqlardan
Qan damcılayır,
Yarpaqlar tökülür göz yaşları tək,
Son dəfə torpağı
sıxır ovucunda
Erkən quruyan ağac" şeirindəki ahəng bizi "Kölgə" kimi izləmişdi.
Kənan Hacının yaradıcılığını ilə tanış olmazdan əvvəl, mütləq o insanı dinləməlisiniz. Biz də onu dinləmişdik. Buzovnanın şirin dialektində təkəbbürdən uzaq, sadə söhbətinin bitməsini adam istəmir, biz də istəməmişdik. Yazıçı deyir ki, yazmaqdan qabaq pozmağı bilməlidir gənc yazarlar. Müasir nəslin əsas səhvi oxucunu özündən aşağı səviyyədə görməsidir. Yazıçı oxucunun ayağına getməlidir, onun nə istədiyini bilməlidir. Sovet dövründə 70 minlə çıxan Azərbaycan yazıçıları bu gün 200 kitabını güclə satır. Bölgələrdə oxucu azlığı var.
Səsinin tonundan ədəbiyyat süzülən Kənan bəy 12-dən artıq kitabın müəllifidir. Canlı ünsiyyətin kasadlığı səbəbindən özünü təsdiq edə bilməyən insanlardan bəhs edən yazıçı, boşluğa düşən və yaşı artdıqca ərtafı tərəfindən qəbul olunmamağın acısını yaşayanlardan danışır. "Bəzən bir obrazı dörd real qəhrəmanla birləşdirirəm, tale bağlarını bir düyünlə bərkidirəm", deyir.
Sistemli dünya ədəbiyyatını oxuyan, yerli ədəbiyyatı nağıl, folklor, əsatirlə başlamağı tövsiyyə edən Kənan Hacı gecə 11-dən sonra səhərə kimi yazdığını nəql edir.
Gənclərin dil qusurları, yazılarında türk sintaksisi, qramatikasının nəzərə çarpdığını, milli yazarları xarici dilə tərcümədə çətinliklərin olduğunu, ədəbi mühitdən uzaq durmasının səbəblərini açıqlayır. Qeyri-sağlam ədəbu mühitdən uzaq qalmağı məqsədə uyğun sayır.
İlin ən yaxşı jurnslisti, yeni nəsl yazarı, "Qızıl qələm", H.Zərdabi, Hüseynzadə mükafatlarına layiq görülmüş yazıçı, bütün sadə, təvazökar insanlar kimi etdiyi tərcümələri kimsə soruşmasa, söyləyənə oxşamır. L.Tolstoy "İnsan nə ilə yaşayır", U.Eko "Naməlum O", rus və Avropa ədəbiyyatından onlarla tərcümələr Azərbaycan ədəbiyyatı üçün gözəl hədiyyələr sayılır.
Şeirli-bayatılı, sözlü-söhbətli, təhkiyəli yazıçı ömrünə baxıram, izləyirəm və düşünürəm. Hələ ruhunda, qəlbində misralara, sözə çevriləcək saysız damlalar var, sel ola biləcək damlalar…
Axı söhbətimin əvvəlində dənizə rast gəldiyimi zənn etdiyim halda okeana düşmüşdüm. Bu dərinliyə tək baş vurmağın asan olmayacağımı bilib, rəfiqəmi cağırmışdım. Sonra biz dünyanın ən sakit səs tonu olan, sadəliyi söhbətinin hər hərfinə don etmiş insanı dinləmişdik.
"Özündən qaçmaq olmur"u bizə poetik, nəsrli-nəzmli başa salan "Yaddaş kartı"mızda "Atamın sevgilisi" olduğunu, hər birimizin həyatının kitab olduğunu bizə hiss etdirmişdi.
Acıları və gözəllikləri qələm olmasaydı, hara yazardıq, görəsən?! Yazıçının yaradıcılığına baxıb, bunu düşünmüşdüm.
Damlalar olmasa idi, dənizin də yaranmadığı, olmadığı kimi...
Könül Nuriyeva
Şərhlər