Bildiyiniz kimi, 11 aprel 2018-ci il tarixində Azərbaycanda ilk dəfə növbədənkənar Prezident seçkiləri baş tutub. Bu növbədənkənar seçkilərdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev yenidən Azərbaycan xalqının etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
12 aprel 2018-ci il tarixində isə İlham Əliyevin bu inamlı qələbəni qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub. Bu tədbirdə cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak edib.
İlk dəfə "İlhamla davam" sloqanı da məhz bu tədbir zamanı səsləndirilib. Bu səbəbdən, "Davam” Gənclər Hərəkatı bu günü həm də ideoloji doğum günü kimi qeyd edir. Bu görə də 12 aprel tarixində "Davam”ın İdarə heyətinin üzvləri və bir qrup davamçı gənc Bakı Dayaq Mərkəzində bir araya gəlib.
Tədbirdə "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə heyətinin üzvləri Natiq Mehdiyev, Məhəmməd Türkmən, Sabir Rüstəmov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili və davamçı gənclər iştirak edib.
Nihad Allahyarlı gəncləri salamlayaraq tədbiri açıq elan edib. O bildirib ki, 3 il əvvəl Azərbaycan xalqı "İlhamla davam” deyərək stabilliyə, müsbətyönümlü dəyişikliklərə, Qarabağ probleminin həlli istiqamətində atılan addımlara da "davam” demiş oldu. Bu gün biz bu siyasətin əməli nəticələrinin təzahürünü həm ölkənin xarici siyasətində, həm də ölkədaxili islahatlar prosesinin gedişatında görürük. Artıq Qarabağ problemi arxada qalıb, Azərbaycanın qüdrətli ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Korrupsioner məmurlara qarşı mübarizə gücləndirilib, gənc kadrların önə çəkilməsi, islahatlar prosesi daha da dərinləşib.
Tədbirdə çıxış edən Toğrul Allahverdili diasporla işin təşkilindəki mövcud vəziyyət, Azərbaycan diasporunun fəaliyyətindəki mənfi və müsbət məqamlar, qarşıda duran hədəflər barəsində söhbət açıb. O, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla, əsasən gənclərlə daimi əlaqələrin qurulması üçün "Davam” Gənclər Hərəkatı nəzdində Diasporla İş Mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb. Öz çıxışının sonunda vurğulayıb ki, dünya azərbaycanlıları da "İlhamla davam” deyir və hər zaman İlham Əliyevin uğurlu siyasətinə olan dəstəklərini ifadə ediblər.
Tədbirin gedişatında İdarə heyətinin üzvləri də çıxış ediblər. Natiq Mehdiyev "Davam” ailəsini bu gün münasibətilə təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənclik hər zaman vətənpərvər olmalı və vətənpərvərlik ruhunda yetişdirilməlidir.
Məhəmməd Türkmən "Davam” Gənclər Hərəkatı tərəfindən media ilə bağlı atılacaq addımlar barəsində danışaraq gəncləri ictimai fəal olmağa çağırıb.
Anar İrzaquluyev regionlarda yaşayan gənclərin problemləri, istəkləri və arzularını dilə gətirib və onların "Davam”a olan maraq və tələbatını xüsusi vurğulayaraq hərəkatın şəbəkələşməsini təqdirəlayiq hesab edib.
Sonda davamçı gənclər də öz fikir və təkliflərini bildirərək xoş arzularını ifadə ediblər. Onlar "Davam Gənclər Hərəkatı tərəfindən gənclərin inkişafına göstərilən diqqətə görə təşəkkür ediblər.
Şərhlər