Xəbər lenti

“Ded Hasan” kim idi? - PORTRET
Dünya 14:54 19.01.2013

“Ded Hasan” kim idi? - PORTRET

Rusiya nəşrləri “Ded Hasan”ın qətlinin azərbaycanlı kriminal avtoritetlərin işi olduğunu iddia edirlər

Rusiyanın və bütövlükdə MDB-nin kriminal aləmi məşhur avtoritet «Ded Hasan» ləqəbli Arsen Usoyanın qətlinin şoku altındadır. Bəlli olduğu kimi, Rusiya cinayətkar aləminin kralı hesab edilən və milliyyətcə yezidi kürdü olan bu şəxs yanvarın 16-da özünə məxsus «Starıy fayton» adlanan restoranda qətlə yetirilib. Məşhur Yaponçik-İvankovun ölümündən sonra “Ded Hasan” praktiki olaraq rus kriminal aləminin başçısına çevrilmişdi. Onu son günlərə kimi Rusiya cinayətkar aləminin sözsüz lideri hesab edirdilər. Qətlin sifarişçinin kimliyi barədə Rusiya nəşrləri ən müxtəlif versiyalar irəli sürməyə başlayıblar. Əksər nəşrlər isə qətlin azərbaycanlı kriminal avtoritetlərin əli işi olduğunu irəli sürürlər. Bəzi məlumatlara görə, Usoyanın Soçidə keçiriləcək Olimpiada üçün tikilən yolla bağlı müəyyən qruplarla anlaşılmazlığı yaranmışdı. “Ded Hasan” həmin yolun tikintisini ona tabe olan firmaların həyata keçirməsinə çalışırdı.


34 yaşında baba

Qətllə bağlı Aslan Usoyanın qardaşı qızı da danışıb. Karine Amoyan bildirib ki, “Ded Hasan” bu bazar gürcü və azərbaycanlı “qanuni oğru”ların iştirakı ilə keçiriləcək “sxodka”da iştirak etməli idi. Karine Amoyan onu da qeyd edib ki, onlar hələ ki, qətlin mümkün sifarişçiləri haqqında danışmaq istəmirlər. Bu haqda təfərrüatlar məlum olduqdan sonra danışa bilərlər. Usoyanın qardaşı qızı, həmçinin əmisinin nə üçün “Ded Hasan” çağırılmasına da aydınlıq gətirib: “O, çox gənc yaşda, 34 yaşında baba olub. Buna görə də oğru aləmində onun «Ded Hasan» çağırıblar”. Qeyd edək ki, Gürcüstanda doğulan Aslan Usoyan uzun müddət idi ki, Moskvada yaşayırdı. Onun bir qızı və bir oğlu vardı. Karine Amoyan bildirib ki, əmisi sonuncu dəfə Ermənistanda 1994 və 1995-ci illərdə, qardaşlarının dəfnində iştirak etmək üçün olub.

«Ded Hasan» 27 fevral 1937-ci ildə Tiflisdə anadan olub. O, fəaliyyətinə Gürcüstanda başlasa da, sonradan əhatə dairəsi Moskva, Ural, Sibir, Özbəkistan, Krasnodar, Soçi və SSRİ-nin digər ərazilərinə qədər genişlənib. Kriminal aləmin əfsanəsi olan və hələ sovet dövründə avtoritet adı alan “Ded Hasan” 90-cı illərin çox ağır kriminal müharibələr dövründən sağ çıxmışdı. Rus xüsusi xidmət orqanları onun Rusiya kriminal aləminin xaç atası adlandırırdılar. Ümumiyyətlə, “Ded Hasan” postsovet məkanının ən böyük avtoriteti idi. Gürcüstanda “hakimiyyət” qurmaq Aslan Usoyana 10 ilə başa gəlib. Maraqlı fakt odur ki, Mixail Saakaşvili prezident seçildikdən sonra “qanuni oğrular” ilə mübarizəni öz tədbirlər planına daxil etmişdi. Cinayətkar qruplaşmalarla bağlı qanunda dəyişikliklər edildi. Ölkəni “qanuni oğru”lardan təmizləməyə hökumətin 5 il vaxtı getdi. Əgər 2000-ci ildə Gürcüstanda 300 “qanun oğru” var idisə, indi azadlıqda yalnız 83 yaşlı Qoqi Çikovani var. Həbs olunan 30 avtoritetdən savayı, hamısı ölkədən çıxıb.

«Ded Hasan» və Yaponçik


«Ded Hasan»ın ən ağıllı addımı Yaponçik ləqəbli Vyaçeslav İvankov ilə əlaqələri düzgün qurması idi. 2005-ci ildə Yaponçik həbsxanadan hər şeyini itirmiş vəziyyətdə çıxmışdı. «Ded Hasan» Moskvanın mərkəzindəki biznes mərkəzlərindən birini ona vermişdi. Yaponçikin avtoritetindən istifadə edən «Ded Hasan» “slavyan oğruları”-nı öz tabeçiliyinə aldı. Elə həmin il müxtəlif etnik kökə malik 10 nəfərə “qanuni oğru” adı verildi. Onlar gürcü, erməni, rus, kürd, azərbaycanlı və biri isə qırğız idi. Aslan Usoyanın ən böyük uğuru “oğru dünyası”-nda etnik ayrı-seçkiliyi aradan qaldırmaq oldu. Bunun ardınca Ural uğrunda mübarizədə də qalib gələrək nəzarəti ələ aldı. Ona müqavimət göstərən Aleksandr Xabarov həbs olundu, bir müddət sonra isə kamerasında asılmış halda tapıldı. «Ded Hasan» bölgələrdə o qədər uğurlu planlar reallaşdırırdı ki, artıq qanuni oğru Tariyel Oniani (Taro) ilə münaqişə kəskinləşəndə bütün “oğru birliyi” onun tərəfində idi. 2008-ci ilin yayında Taro Piroqovsk su anbarında xüsusi qayıqda təşkil etdiyi böyük toplantıya «Ded Hasan»ı və Yaponçiki də dəvət etdi. Lakin onlar toplantıya gəlmədilər. Bunun əvəzində qayığın üzərində polis vertolyotu peyda oldu. 30 “qanuni oğru” həbs olundu. «Ded Hasan» 2009-cu ildə yenidən Tariyel Oniani (Taro) ilə münaqişəyə girdi. Elə həmin vaxt “Ded Hasan”ın tərəfində duran İvankov (Yaponçik) snayperlə vurularaq öldürüldü. Bəziləri bu hadisədən sonra «Ded Hasan»ın Tarodan Yaponçikin qisasını alacağına and içdiyini deyirlər. 2010-cu ilin aprelində Usoyan Ukraynanın təhlükəsizlik qüvvələri tərəfindən saxta sənədlərlə ölkəyə girməkdə ittiham olunaraq həbs olunmuşdu. Ukraynadakı biznesi ilə bağlı səfərə gələn Usoyan tezliklə azad edilmişdi. Sentyabrın 16-da isə ona Moskvanın mərkəzində atəş açılmışdı. Sağ qalsa da, onun həyatını qorumaq üçün mətbuata “ölmüşdü” xəbəri verilmişdi.
«Ded Xasan»ın ölümü kriminal aləmdəki vəziyyəti nəzarətdən çıxaracaq

Ekspertlərin əksər hissəsi hesab edir ki, «Ded Hasan»ın ölümü oğru aləmindəki qanlı münaqişəni daha də dərinləşdirəcək və bu da Rusiya ilə yanaşı keçmiş sovet məkanında kriminal dünyada nüfuz dairəsinin bölüşdürülməsinə səbəb olacaq. Məsələn, Ukrayna Ali Radasının deputatı Vladimir Aryev bildirib ki, «Ded Hasan» Ukraynadakı kriminal dairələrdə böyük nüfuza malik olub və indi 90-cı illər qayıdacaq. «Kommersant» hüquq mühafizə orqanlarındakı mənbəsinə istinadən yazır ki, Usoyanın ölümündən sonra kriminal klan əvvəlki tək postsovet məkanında ən qüdrətli olaraq qalacaq.

“Ded Hasan”ın özünə varis təyin etdiyi də bildirilib. Ondan sonra kriminal aləmə Dmitri Çanturiya (Miron ləqəbli) başçılıq edəcək. Məhz onu «Ded Hasan» ölümündən əvvəl öz yerinə təyin edib. İdeoloji varis isə Zaxari Kalaşov olacaq. Hazırda bu şəxs İspaniyada cəzasını çəkir. Bu il azadlığa çıxacaq bu şəxsin ekstradisiyasını Gürcüstan tərəfi də tələb edir. Belə ki, gürcü hakimiyyət orqanları biznesmen Aleks Kreyni öldürməyə görə onun barəsində 18 il qiyabi hökm çıxarıblar. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra onun ekstradisiya olunacağına heç kim inanmır. Rusiya Dumasının komissiya sədri İrina Yarovaya, kürd mafiya lideri olaraq tanınan “Ded Hasan”ın öldürülməsinin ictimai baxımından təhlükəli bir inkişaf olduğunu söyləyib. Ancaq Yarovayaya görə ölkənin, mafiya döyüşlərinin yaşandığı 1990-cı illərə dönmə təhlükəsi yoxdur. «Ded Hasan»a istiqamətli sui-qəsdin yaxşı təşkil edilmiş bir hücum olduğunu yazan Yarovaya «Mən polisin günahkarları tapacağına inanıram. Xalqın yaşadığı sahələrdə işlənən bu cür hücumlar ictimai baxımdan çox təhlükəlidir" deyə bildirib.

“Qanuni oğru” sovet termini kimi


Ümumiyyətlə “qanuni oğru” sistemi sovet sisteminin bir hissəsi kimi götürülməlidir. Sovet dövründə onlardan “zon”larda nizam-intizam yaratmaq üçün istifadə olunurdu. SSRİ dağılandan sonra isə bu sistem mafiya qruplaşmalarına çevrildi. Lap əvvəllər qaçaqlar, sonra qoçular və ən nəhayət, lotular olub. Lotular qaçaqların ənənəsini müəyyən qədər saxlamışdı. SSRİ dağılandan sonra lotuların bir çoxu biznesmenlərin ortaqlarına çevrildilər. Bir qədər də yeni qaydalarla razılaşmayanlar aradan götürüldülər. Məsələn, “Yaponçik” böyük mafiyanın bir hissəsi idi. Onun əli ilə bir çox “qanuni oğru”lar aradan götürüldü, sonra isə onun özünü də sıradan çıxardılar. Belə götürəndə qanuni oğrunun heç nəyi olmamalıdır. Amma “Ded Hasan”ın nəzarətində xəstəxana, evində təhlükəsizlik sistemi, cangüdənləri vardı. Əksəriyyəti də onun kimidir.

"Ded Hasan" PKK-y yardım edib?

"Novaya Gazeta"nın müxbiri Sergey Kanev "haberrus.com" saytına verdiyi açıqlamada "Ded Hasan"in PKK-ya silah satdığına dair məlumatlar olduğunu deyib. Kanev özünün mənbələrinə istinadən bildirib ki, PKK-ya silah satan şəxslərin başında kürd əsilli rus mafiya babası, "Şakro" ləqəbli Zaxari Kalaşov gəlir: "Mənim əldə etdiyim sənədlərdə "Şakro" və "Ded Həsən"in Türkiyədə PKK-ya silah satdığı bildirilirdi. Mənbələrim də bunu təsdiqləyir. İkisinin da PKK liderləriylə əlaqələri var".

«Qətldə azərbaycanlı izi»

Maraqlıdır ki, əksər Rusiya nəşrləri «Ded Hasan»ın qətlində azərbaycanlı kriminal avtoritetlərin əli olduğunu bildiriblər. Bu işdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin adı xüsusi hallanır. Rusiya nəşrləri yazır ki, «Rövşən Lənkəranski» bütün azərbaycanlı avoritetləri öz hakimiyyəti altında birləşdirməyə çalışır. Lakin onlardan bir çoxu (Vaha ləqəbli Baxış Çiliyev, lotu Quli ləqəbli Nadir Səlifov və Yuska Şəmkirski ləqəbli Yusif Əliyev) Usoyanın klanına daxil olublar. Rövşən Caniyev 2009-cu ildən «Hasan»ın Moskvanın göyərti bazarına təyin etdiyi adamları sıxışdırıb çıxarmaq istəyirdi. Bu qarşıdurmada isə əsasən Rövşənin adamları olan 20-yə yaxın şəxs öldürülüb. 2009-cu ildə Caniyevin “Yaponçik”lə mübahisəsi düşüb. Belə ki, İvankov Moskva ətrafı ərazidə quru beton qarışıqlarını öz nəzarəti altına almaq istəyirdi. Özü də pərakəndə və topdan satış tikinti bazarlarının bir çoxu Rövşənin adamlarının nəzarətində olub. Tərəflər razılığa gələ bilmədiyindən “Yaponçik” öldürülür. 2010-cu ilin payızında Rövşəni Ukraynada saxta pasportla tuturlar və bu zaman o, özünün kriminal imperiyasını Vaqif Tukanov adlı birisinə tapşırır. Lakin elə həmin ilin sentyabrında sonuncunu öldürürlər, üstündən iki həftə sonra isə «Ded Hasan»ın özünü yaralayırlar. 2012-ci ilin aprelində killer azərbaycanlı avtoritet İlqar Cəbrayılovu (Danabaş ləqəbli) güllələyir. Məlumatlara görə, bu şəxs Usoyanın klanında azərbaycanlı istiqamətin təhlükəsizliyinə nəzarət edib. Məhz bu zaman «Ded Hasan» anlayır ki, onun qətlini sifariş edən Tariel Oniani deyil, məhz Rövşən Lənkəranskidir. Hazırda Rövşənin Birləşmiş Ərəb Əmirliklərində yaşadığı bildirilir.

“Ded Hasan”a qarşı birləşmiş “vor-zakon”lar Moskvanı tərk ediblər

Son məlumatlara görə, “Ded Hasan”a qarşı birləşmiş “vor-zakon”ların liderləri Cemo Mikeladze, Merab Canqveladze və Rövşən Canıyev Moskvanı tərk ediblər”. Bu barədə hüquq mühafizə orqanlarından “Rosbalt”a bildirilib. Onlar alına biləcək intiqamdan və hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqlarından ehtiyat edirlər. Məlumatda bildirilir ki 17 yanvar tarixində səhərindən etibarən xeyli avtoritet qruplaşması Moskvanı tərk edib. Qalanları isə 18 yanvar axşam saatlarına qədər Moskvadan çıxmaq niyyətindədirlər. Qeyd edək ki ölkəni tərk edənlər Usoyanın rəhbərliyi altına girməyən oğrulardır. Onlar Rusiyadan xarici dövlətlərə keçmək üçün Belarus ərazisindən istifadə edirlər.

Azər NURİYEV
Kaspi.az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->