Qaynarinfo Orxan Saffarinin "Fəhlə əlləri” parkı hekayəsini təqdim edir:
Çoxdandır ki, "Fəhlə əlləri" parkına getmirdim. 20-ci sahənin ən "konçenni" parkı idi bura - nə gündə, amma necə doğma!
*
Evimin yanıdır e, denən, get də. Di gəl, daha nədənsə, həvəs yox idi. Heç yolumu da ordan salmıram. Halbuki, məhlələrdən gələndə yolu uzatmaq üçün məhz ordan keçirdim. Məktəb illərim dərslərdən, hazırlıqlardan qaçıb, bu parkda siqaretdən sümürüb, "coca-cola”dan içib, tum çırtlamaqla keçmişdi. Deyəsən, böyüdük deyə, buranın da marağı itdi. O vaxtlar hansı uşağı tapmaq istəsək, bu parka gələrdik. Ümumiyyətlə, bu parkda nə desən, kimi istəsən görmək olardı.
Yadıma düşür, Arif Quliyevə "Armudlu Gülüstan" suyu adı ilə pivə vermişdik, sonra da parkın içindəki kafedə çay içmişdik. Elə bil, məhlə uşağımızdı. Zarafatsız, bu nə xatirədir ki? İndi düşünürəm, niyə Arif Quliyevlə belə bir xatirəm var? Onun o parkda nə işi var idi? Parkı keçdim, bizim yanımızda nə işi var idi? Yaxşı, bunu da keçdim, biz o qədər qudurmuşduq ki, bu cür məzələnirdik? Belə də ki, həmişə ucuz yumoru ilə Arif Quliyev güldürməyəcəkdi ki. Bir dəfə də belə şeyə gülməyin...
*
İndi bu park elə təmir olunub ki, bütün xatirələrimizin üstü bağlanıb və elə mən indi başa düşürəm ki, bər-bəzəkli yerlər, şəhərlər heç də xoşbəxtlik demək deyilmiş. Getdikcə bütün hisslərimizin, xatirələrimizin betonlaşması bizi də daşlaşdırır. İndi daha çox o tör-töküntünü, kafeli, skamyası qırıq yerləri, parkın ortasındakı dəmirin arxasında gizlincə siqaretdən sümürənləri, kolun dibinə işəyənləri, hələ o bomj arvadla kişi var idi, onları axtarıram. Axtarıram deyəndə, yolda görürəm, amma onlar da o deyil. O parkda görmürəm, gəlib bizdən siqaret istəmirlər.
Ucaboy, sanarsan, gənclikdə basketbolçu olmuş (indi idmanı atıb deyə kökəlib) bir qadın idi. Bir dəfə həmin o rus qadını da işəyən görmüşdüm. İçmişdi. Necə iyrənmişdim, xudaya? Bir də görürdün ki, spirt dümləyənlərlə öpüşürdülər. Onlar da qadın tapmışdı axı, buraxmışdılar "obşaka". Sonra... İndi əlil arabasındadı. Ayaqlarını kəsdilər. Yenə həmin kişi gəzdirir onu. Dilənirlər, dolanırlar. Parka gəlmirlər bircə. Deyəsən, onlar da mən axtardığım rahatlığı gəzirlər.
Mən indi bu parkda o yekə ağacın altında iki litrlik "cola”, "odnarazıvı" stəkanlar, tum, siqaret də ki yerində - bunları axtarıram. Yoxdu.
Gündəlik doz bunlar idi. Hərdən pivə qonaqlığımız da olurdu ki, o, başqa söhbətdi.
*
Şər qarışanda bura ağzına kimi dolu olurdu. Hərə bir skamyada özünə məskən salır, saat 11-12-də də arvadların dili ilə desək, xarabalarına dağılırdılar. Ondan sonra park yenə bizə qalırdı. Uşağı ilə gələn gəlinlər, iki-iki, üç-üç oturan arvadlar, parkın içindəki kafedə yığışan nərd yoldaşları, ora-bura qaçışıb zəhlə tökən balaca uşaqların əlindən ancaq gecə yarısı rahatlıq tapmaq olurdu. Dalaşan da bura gəlirdi, barışan da. Parkın lap aşağı hissəsində də spirt içən alkaşlar, narkomanlar. Bir ara oturduğumuz yerə də dadanmışdılar, sonradan təpinib qovduq onları. Bircə, siqaret istəməyə gəlirdilər. Siqaret də elə şeydi ki, əsir də götürsən, yemək də verməsən, onu mütləq verməlisən. Düşmənin düşmənə güzəştə getdiyi tək şeydir. Ömrü boyu siqaret çəkdiyi üçün oğlunu döyən ata da vaxt gəlir qəbullanır, keçir xahişə-minnətə ki, tərgitsin. Axırda da nəvəsini göndərir ki, get, o eşşək dədənə denən, siqaret versin.
*
Mənə qəribə gələn bir şey də var ki, bunlar niyə ölmürlər? Allahın "Ağsu" arağını bir az artıq içən kimi, iki gün altını çəkirəm, amma bu qoca bomjlar səhərdən axşama spirt gillədir, soyuq yerdə yatır, zir-zibil yeyir, əvəzində hamısı da sapsağlam. Mən isti evdə, isti yemək, təmiz əyin-baş, ayaq üstə qırxım çıxır. Bu zalım balalarını soyuq da tutmur heç. O da cəhənnəm, hər siqareti çəkirlər, sinəyə də düşür. Nə sirri-xudadırsa, baş açmıram.
İndiyədək hələ qrip olan, quru ya elə bəlğəmli öskürən bomj görməmişəm...
Ümumiyyətlə, biz nəsə onların həyatını həmişə görməzdən gəlirdik. Mən bir az gəlmirdim amma. Arada spirt də alırdım onlara. Hərdən günortalar tək gəlib oturanda söhbətləşirdik də. Düzdü, zəhlətökəndi çoxu, maraqlı həyatları olmur elə də, amma yenə də məcburiyyətdən həmsöhbət olurdum. Biri var idi aralarında, sonradan gələn idi, "çujoy bomj" deyirdik ona. Sonra oldu "baqatı bomj".
O, maraqlı idi. Həm də qəribə. Adı da Şahlar. Ada bax e. Şahlar adında müəllim olar, idarə müdiri olar, altında "Pradosu" olan jek rəisi olar, amma vallah, bomj olmaz. Ən azı bu əzəmətli ada görə davranmaq daha yaxşı olardı. Şəxsən mən Şahlar olsam, ölü yeri bir kafe götürüb işlədərəm, daha bomj olmaq nədir?!
*
Avroviziya yarışması keçirilən ərəfələr idi. Bayılı tamam söküb düzəltmişdilər, park salmışdılar. Uçuq-sökük evləri bir də sökdülər, neft qoxan küçələri mənzərəyə çevirdilər, dənizkənarı park, "Kristal Holu" da tikdilər, vəssalam da. Gecəqondu dəyişib oldu "turetski məhəllə".
"Bayıl Cabir" də elə bunların poxunun üstündə getdi sroka. Cabiri burda hamı tanıyır. Vəziyyətə baxırdı. İndi onun "vorovskoy”luğu haqqında danışmaq istəmirəm, amma söhbəti və Bayılı bilənlər nə demək istədiyimi bildi. İki turist məhləyə şortiklə girmişdi deyə, döyüb pis günə salmışdı, onun üstündə getdi məhbəsə.
*
Onu deyirdim, axı. Avroviziya ərəfəsi idi. Bayıl-Dvatsatı uşaqlarını bir-bir dənləyirdilər. Sroku olan, ara uşaqları, kim varsa, hərə bir şeylə gedirdi təzədən. Hamı da bilirdi ki, müsabiqədən sonra çıxacaqlar. Nədi-nədi turistlərdən "razboy" eləməsinlər deyə, camaatın balası əlli-ayaqlı gedirdi.
Sözüm məhbəsdən uzaq, çalışaq cinayət və cinayətkarlardan da uzaq duraq. O, təzə gələn bomju deyirdim, axı. Bildiyin normal insan. Hələ evi də var idi. Boqatı, stilni bomj. Olardı 50-55 yaşı. Keçmiş hərbçi idi həm də. Üstü-başı da tər-təmiz. Avtobusda görsəm, ağsaqqal deyib, yer verərəm. Hiss edirdin ki, o biri alkaşlarla kapitan kimi davranır. Birinə deyir, uzanıb içmə, birinə deyir, suyu artıq oldu. Az qala desin ki, sən axşam naryada çıx, ərazidəki bütün spirt qablarını yığ.
Bir dəfə uşaqlarla yığışanda uzun söhbət elədik onunla. Həyatın danışdı, donub qalmışdıq. Spirt içə bilmirdik, yoxsa bu həyat hekayəsinə ayıq qulaq asmaq kədərin təsir gücünü azaldır.
30 yaşında hərbidən ayrılandan sonra gedib Moskvaya. Təbii, adət-ənənəyə sadiq olaraq bir rus qancığına da ilişib. Sonra da adam öldürüb. Çeçen imiş öldürdüyü. Danışdı, VAZ 21-07-nin içindəcə bir güllə vurub. 8 il 6 ay da kalendarla srok oturub. Çıxanda da qalmağa qorxub, qayıdıb Azərbaycana. Qayıdanda da nə yaxınlar ona yaxın idi, nə də başqa bir kimsə yaxın dururdu. Sonra da oturub içkiyə, zamanla ailə dağılıb, məsələ o yerə çatıb ki, hazırda Baş leytenant oğlu da imtina edib. Bircə dövlətin verdiyi bir evdir, orda da indi tək qalır.
Yəni, bu bomj dünyada gördüyünüz ən yaxşı bomjdu. Heyif, vəzifəsi yoxdu. Yoxsa, indi adı bomj yox, yeyib-içən oğlan idi. Baxma da. Bu vəziyyətlə belə pulu olurdu, deyim ki, o biri bomjlar kimidi, yox, elə deyildi. Amma 10 manatı da olsa kolbasa-çubuş, 100 manatı da olsa, kolbasa-çubuş idi. Özü də gəlib bunlarla içərdi. Bizim köhnə bomjlara nə lazımdı? Araqları, spirtlərini alan da var idi, başqa nə istəsinlər?
Maqsud, İbrahim, Nuru, Kazım. Həyatımda bildiyim bomj adları bunlardır. O da "Fəhlə parkı"nın bomjları. Bax, indi bu adlar maraqlı gəlirdi. Çünki heç vaxt heç bir bomjdan ad soruşmamışam. Nurunun əsl adı deyəsən Nurəddin idi. Onlar heç vətəndaş da deyillər. Şəxsiyyət vəsiqələri yox, heç kim tanımaz etməz. Bircə biz, küçələrin uşaqları bilərdi, tanıyardı onları. Gözümüzün qabağında "Qazel”ə qoyulub az aparılmayıblar ki kimsəsizlər qəbirstanlığına...
*
O vaxtlar söhbət gəzirdi ki, parkda bomjlarin arasında Xüsusi Xidmət orqanlarının əməkdaşı var, illərdi özünü bomj vidinə salıb, əməliyyat aparır. Parka yığışan cavan-cavan uşaqların dəmlənməsində onun da əli var. Öyrənir kim çəkəndir, kim soxandı. Bu söhbət bizə çatanda o bomjlardan hər ehtimala uzaq durduq. Nə olar, nə olmaz deyə. Amma açığı, həm də şübhələnmirdik heç cür. İzləyirdik də. Sonra bu təzə gələndən şübhələndik, onu da özüm güdürdüm. Xüsusi xidmət orqanlarının əməkdaşlarından beter olmuşduq lap. Amma heç cür tapa bilmədik. İnanmadım ki, bizim bu bomjlar Təhlükəsizlikdən olar. O qədər yaxşılıq eləmişik e, onlara. Bunun suyu-siqareti var, spirti, a kişi, spirti var.
*
- Ağsaqqal, heç müalicə-zad almaq fikrin yoxdu? Axı, sən bunlar kimi deyilsən, düzələ bilərsən də.
- Yoxdu. Belə də ölüb gedəcəm. Heç nə vecimə deyil. Srokda olanda xəbər çatdı ki, sən də məni bağışla, balamsan, arvad xəyanət edir. Onunla da bitdi. İnanmayacaqsan, amma həbsdən çıxıb gələndə bunu özünə bildirmədim. Hər şey normal imiş kimi davam elədim. Niyə boşanmadım? Bilmirəm. Yəqin, çox sevirdim. İndi sevmirəm amma. Öldürüb təzədən bədbəxt olmaq istəmirdim. Oğlum da içkini tərgizdirmək istədi, olmadı, istəmədim, dava-dalaşlar, imtina elədi məndən. Üzümə baxmır. Onu hərbiyə özüm həvəsləndirmişdim. Cin kimi oğlandı. Elə-belə hərbçi deyil ha.
- Amma dayı, belə də olmur axı. Pis çıxmasın, əynin-başın yerində, az çox da pulun olur. Dövlət də verir. İşləyib, artıra da bilərsən.
- Yox e, yox. Mən bu həyatı özüm seçdim, həm də xəstəyəm elə. Rakam. Çox keçməz, məni də bu parkdan "Qazel”ə qoyub apararlar.
...Şahlar dayı ilə belə söhbətləri çox eləmişik. Açığı, başına gələn maraqlı əhvalatları elə iştahla danışırdı, adam hərdən bomj olmaq istəyirdi.
*
Mən universiteti bitirmişdim. Əsgərlikdə idim. Bütün bunları da posta çıxanda xatırlatmışdım. Qəfildən yadıma "Fəhlə əlləri" parkı düşdü. Hər şeyi yenidən xatırlamağa başladım. Qəribə hisslər idi. Sabah səhər poliqona gedəcəkdik. Dedilər, Xüsusi Təyinatlıdan komandir gələcək, dəlinin biridir. Səs-sorağı bütün hərbi hissələrdə gəzirdi.
Mən yol boyu onu müşahidə eləmişdim. Amma hələ ki, heç nə anlamış deyildim. Niyə ona dəli deyirdilər, o niyə belə susqundur - suallarının arxasınca eşələnirdim.
*
Uzaqdan qoyulmuş nişanları vurmalı idik.
Xüsusi Təyinatlının Baş leytenantı Orucov Şamil Şahlar oğlu idi...
Gördüm, dedikləri qədər dəlidir. Nişan almağa sonradan spirt qabları qoydu...
Yadıma "Fəhlə əlləri" parkı düşdü.
Ruhun şad olsun, Şahlar dayı...
Şərhlər