Xəbər lenti

Dəhşətli yol qəzaları niyə azalmır?
Ölkə 23:55 08.11.2019

Dəhşətli yol qəzaları niyə azalmır?

6 gündə yol qəzalarında 6 nəfər ölüb, 6 nəfər yaralanıb

Statistikaya görə, bu ilin ilk altı ayı ərzində Azərbaycanda 342 nəfər avtomobil qəzalarında həyatını itirib. Bu rəqəm 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 nəfər çoxdur.

Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti orta yaşlı insanlardır. Dünyadakı tendensiya isə bunun əksini deyir. Araşdırmalar göstərir ki, maşınların təkərləri altında adətən ən çox 5 yaşdan yuxarı uşaqlar, eləcə də yeniyetmələr və yaşı 29-dək olan gənclər qalır.

Heç də əksər hallarda qəzaya səbəb sürücülərin maşını sərxoş vəziyyətdə idarə etməsi olmur. Azərbaycanda bu ilin altı ayı ərzində cəmi 12 sərxoş sürücü qəza törədib. Avtoqəzalara ən çox sürət həddini aşma səbəb olur.

Ümumiyyətlə son bir ayda yollarda ağır qəzalarının artdığının şahidi oluruq. Təkcə noyabrın 2-dən bu günə qədər avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xüsusən də piyadaların vurulması hadisələri son dərəcə artıb.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da mətbuata açıqlamasında bildirmişdi ki, piyadaların vurulması ümumi hadisələrin 52 faizini təşkil edir ki, bu da narahatlıq doğurur:

"Hesab edirik ki, piyadaların vurulmaması üçün təbliğat işlərini gücləndirmək, eləcə də bu sahədə media nümayəndələri ilə birgə profilaktik tədbirlərin keçirilməsinə, vətəndaşların bundan yararlanmasına dəstək olmalıyıq”.

Bununla da ekspertlər qeyd edir ki, yol qəzalarının artmasına səbəb həm sürücü, həm də piyada məsuliyyətsizliyi var. Həmçinin vurğulanır ki, piyada keçidlərinin normal vəziyyətdə olmaması, qanunda nəzərdə tutulduğu kimi, keçidlər arasında məsafələrin düzgün təyin edilməməsi, həmçinin yolların dar olması da yol-nəqliyyat hadisələrinə səbəb ola bilir.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb:

"Nəinki yolların darısqal olması, ümumiyyətlə yol şəbəkəsinin, sisteminin özü də bəzən qəzalara səbəb ola bilir. Bu da yol təsərrüfatının nasaz olması ucbatından baş verən yol-nəqliyyat hadisəsi, yolların işıqlandırırlmaması səbəbindən piyadaların vurulması və sairə hallar da təəssüf ki, tez-tez baş verir. Hətta yolları qazan zaman düzgün işarələr qoyulmaması, nişanlar qaydasında olmadığından qəzaların sayı artır. Dəfələrlə olur ki, qazanılmış yollar maşın düşür, hansısa qəza baş verir və saiə. Əslində bu cür hadisələr olmamalıdır, yol təsərrüfatına aid qurumlar öz işlərinə ciddi məsuliyyətlə yanaşmalıdırlar. Lakin bəzi hallarda bu tam həllini tapa bilmir.

Məsələn, "Nobel” prospektində işıqlandırma normal vəziyyətdə olmadığından tez-tez toqquşmalar, piyadaların vurulması hadisələri baş verir. Piyadalar da bəzən təhlükəli yerlədən yol keçirlər. Xüsusən də yağışlı havalarda işıqlandırmanın normal olmaması xaotik vəziyyət yaradır.
Həqiqətən yol qəzalarında sürücü səhglənkarlığının, məsuliyyətsizliyinin böyük təsiri var. Məsuliyyətsizlik, qaydalara riayət etməmək bu məsələdə öz sözünü deyir. Bəzi sürücülərin özgüvəni çoxdur. Bu yaxşı haldır, amma hər yerdə keçərli deyil”.

Qeyd edək ki, bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etməyin.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun.

Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısamüddətli istirahət edin".

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->