Sənət 14:25 09.03.2015

Demokratın qadını - Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə

Demokratın qadını

Nə qədər ideologiya olursa olsun, onların çoxunu bir-biri ilə qarşıdurmaya salan məqamlar əsasən ailə və qadın məsələlərinə baxışlarla bağlıdır. Əbəs yerə "ailə dövlətin kiçik modelidir” demirlər. Bunu solçular da, sağçılar da, mərkəzçilər də, hətta maoçular da inkar eləmir.

Qadının bütün cəmiyyətlərdə və bütün ideologiyalarda üzərinə böyük məsuliyyət düşür. "Qadın elə olmalıdır ki, ətrafdakılar ondan nümunə götürsün". Bunu islamçılar bir cür, kummunistlər başqa cür başa düşə bilər. Bəlkə də liberallarda belə bir qızıl və ya gümüş qayda yoxdur. Amma qadın öz azadlığıyla nümunə olmalıdır, başqalarını azadlığa ilhamlandırmalıdır – bu cür düşüncə də istisna olmaz.

Niyə qadın? Kişinin də üzərinə az yük düşmür. Məsələn, demokrat adam olmaq və çürük düşüncəli bir cəmiyyətdə qadınıyla necə davranmalı olduğu barədə baş sındırmaq ağır məsuliyyətdir. Molla Nəsrəddinin arvadıyla eşşəyin belində getməsi məsəli kimi. Hər nə cür etsən, bu cəmiyyətdə hərə bir söz deyəcək. Halbuki onlarda belədir:

- Həyat yoldaşlarını bütün günü qorxu ilə qapının arxasında saxlayır, ancaq toydan-toya evdən bayıra çıxmaq fürsəti qazanan xanımları da "Oscar” almağa gedirmiş kimi bəzənib-düzənirlər. Ərləri isə susur, yaxud da adam arasında susurmuş kimi görünür və eşşək kimi içib evə gələndən sonra "toydan sonra nağara” mərhələsi başlayır. Bir neçə ailədə belə şeylərin baş verməsini uzaqdan-yaxından eşitmişəm.

- Onlar ancaq hansısa qadının xoşuna gəlib onunla bir müddət sonra yata bilmək üçün özünü demokrat və açıqfikirli kişi kimi qələmə verir. Hətta bir qadın "bakirə olmayan qızla evlənərdin?” sualı verəndə düşünmədən "hə” deyən gədələr var ki, o sualı mən versəm bıçaqlayarlar.

- Onların etirazı və məmurlardan narazılığı "çavuş” görənə qədərdir. Polis görmədikləri halda heç kimi "priznavat” eləmirlər. Adam arasında, ictimai nəqliyyatda söyüş söyməyə, qatıqlamağa hazırdırlar. Amma istənilən adamla ana-bacı söhbəti etməyə də hazırdırlar.

- Öz ailələrindəki xanımlara hicab hökmü keçirə bilməsələr belə, hicablı və hicabsız bir xanımın hansısa mübahisəsi olsa, düşünmədən hicablını müdafiə edərlər.

- Onlar onun-bunun arxasınca baxıb fantaziya quran kişilərdir. Amma saatlarla Ramazan xütbəsi dinləyə bilərlər....

- Onlarla qadın barədə danışmağın mənası yoxdur. Çünki "kişi” anlayışı belə qaranlıq gələr.

Bu cür məxluqlarla eyni ölkədə yaşamaq, ailə saxlamaq, övlad böyütmək dəhşətli dərəcədə çətindir. Demokratın qadını olmaq isə artıq faciədir. Çünki hər bir demokrat kişi bu ölkədə potensial vicdan məhbusudur.

Edebiyyat.biz