"Azərbaycan Dəmir Yolları” QSC-nin "2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə 21 may 2020-ci il tarixində dünyanın aparıcı şirkətlərindən olan "McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir.
Sentyabrın 2-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Videokonfrans zamanı "McKinsey&Company” şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.
Ümumiyyətlə, Azərbaycan dövlət şirkətlərinin korpotariv strategiyalarının hazırlanmasında beynəlxalq şirkətləri və ekspertləri cəlb etməyi nə qədər önəmlidir?
Millət vəkili Vüqar Bayramov FED.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, bütövlükdə iri dövlət şirkətləri üçün korporativ strategiyanın hazırlanması çox önəmlidir: "Beynəlxalq maliyyə qurumları belə xüsusi strategiya hazırlayan zaman yalnız yerli ekspertlərdən deyil, xarici ekspertlərin də istifadə edir. Azərbaycanda beynəlxalq konsaltinq şirkətlərinin, eləcə də yerli ekspertlərin cəlbi ilə bağlı oxşar təcrübənin tətbiqi və strategiyanın hazırlanması məqsədəuyğundur”.
O qeyd edib ki, "2030 Koporativ Strategiya”sı dəmir yollarında 2030-cu ilə qədər strateji yanaşmanın müəyyənləşdirilməsinə imkan verəcək.
Millət vəkili "Azərbaycan Dəmir Yolları” QSC-nin bu istiqamətdə gördüyü işləri və prosesə "McKinsey&Company” şirkətinin cəlb edilməsini müsbət qiymətləndirib: "McKinsey&Company” Azərbaycanda "Strateji Yol Xətirələri”nin hazırlanmasında iştirak edib. Azərbaycanda mövcud iqtisadi reallığı yaxından qiymətləndirən şirkətdir. Bu baxımdan əməkdaşlığın davam etdirilməsi pozitiv hal kimi qiymətləndirilməlidir və "Azərbaycan Dəmir Yolları” tərəfindən strategiyanın hazırlanması səhmdar cəmiyyətin idarəedilməsi baxımından müsbət mərhələ kimi xarakterizə olunur. Bu artıq növbəti mərhələlər üçün həm mövcud vəziyyətin qiymətləndirilməsi, həm də strateji baxışın ortaya qoyulmasına imkan verəcək”.
V.Bayramov bildirib ki, korpotariv strategiyanın hazırlanması "Azərbaycan Dəmir Yolları”nın fəaliyyətinin daha da genişlənməsinə və çevikliyin artmasına imkan verəcək. "Azərbaycan Dəmir Yolları”nın oxşar praktikasının digər dövlət şirkətləri tərəfindən də həyata keçirilməsi məqsədəuyğun olardı”,- deyə millət vəkili əlavə edib.
Şərhlər