Deputat: "Erməni məsələsində vətəninə qarşı xəyanət sayıla biləcək addıma yol vermək qəbuledilməzdir" (VİDEO)
"Xaricdən səsləndirilən fikirlərin arxasında nə durduğunu hamı bilir. Söyüşü də elə-belə söymürlər. Xüsusi xidmət orqanları onlar üçün kanalları açaraq təminat verirlər ki, sizin toxunulmazlığınız var və sizi qoruyacağıq. Odur ki, ölkənizə qarşı istənilən söyüşü söyə bilərsiniz, qarayaxma, gözdənsalma kampaniyası apara bilərsiniz. Bu arxayınçılıq olmasa, heç kəs bu qədər açıq mətnlə söyüşü efirə gətirə bilməz. Ölkədə soyuqqanlı və doğru fikri aşılamaq mühiti yaratmaq lazımdır. Bu gün sosial şəbəkələr qaragüruhçuluğun meydanına çevrilib. Bu da düşüncə istehsal edir. Ona görə də orada söz demək olmur”.
"Report" xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.
Deputat həmçinin Sevinc Osmanqızının paylaşımına da münasibət bildirib: "Sevinc Osmanqızı, ilk növbədə, öz atasının ruhuna hörmət etməlidir. Şəhid olan atasının məzarı məhz Azərbaycandadır. Hətta xalqımız atasına şəhid kimi ən böyük hörməti göstərir və bundan sonra da göstərəcək. Çünki o, torpaq uğrunda şəhid olub. Ona görə də ermənilərə münasibətdə atasının bəslədiyi münasibəti göstərməlidir. Umacağımız budur. Demirik ki, dəyiş, amma atasının bəslədiyi münasibətdən kənara çıxmamalıdır. Bu gün xaricdə olan insanları ölkəyə bağlayan həmin məzarlardır. Şəhid qızı ən azından erməni məsələsində atasının diapazonundan kənara çıxmamalıdır. Erməni məsələsində vətəninə qarşı xəyanət sayıla biləcək addıma yol vermək qəbuledilməzdir. Bu, gələcəkdə övladları qarşısında başını aşağı edəcək hərəkətdir. Erməni məsələsini həll etməyənə qədər hər bir azərbaycanlı ləyaqətli mövqe tutmağa məhkumdur”.
Onun sözlərinə görə, erməni məsələsində Azərbaycanın milli maraqlarına zidd çıxış edənlərə qarşı çıxanları dəstəkləmək birmənalı şəkildə nankorluqdur: "Çünki döyüş bölgəsində həlak olan azərbaycanlıdır. Belə şəraitdə ölkəmizə qarşı çıxmaq xəyanətdən başqa bir şey deyil. Terrorçuluğu özlərinə fəaliyyət növü kimi seçən ermənilər xaricdə yaşayan azərbaycanlılara təzyiq göstərdilər. Soydaşlarımız hər zaman məkandan asılı olmayaraq dirəniş göstərir. Elə bir aura yaratmalıyıq ki, xaricdə ölkəmizə qarşı çıxış edənlərin Azərbaycan cəmiyyətində təqdir olunması ayıb sayılsın. Ölkənin əleyhinə çıxış edənləri dəstəkləyən hər kəs fikirləşməlidir ki, düşmən dəyirmanına su tökür. Müharibə gedən şəraitdə kiçik bir detal ölkənin əleyhinə işləyir. Bu kimi hərəkətlər erməni qarşısında Azərbaycan xalqının mövqelərini zəiflədir. Söyüş söyənlər niyə xarici ölkələrin səfirlikləri və ya konsulluğun qarşısında yox idi?! Siz azərbaycanlı deyilsiniz?!”
F.Mustafa qeyd edib ki, bir qrup ziyalı bəzi insanların parlamentin binasına qanunsuz daxil olmasını dəstəklədi: "Deməli, dəstək səmimi deyil. Belə ziyalılarımız varsa, deməli, vəziyyət o qədər də yaxşı deyil və durum dəyişilməlidir. Düşmən kimi özünü sərgiləyən şəxslərə nifrəti ortaya qoymaq lazımdır. Qarşılarında elə çoxluq olmalıdır ki, onlar heç bir söz deyə bilməsinlər. ola bilər xaricdə hansısa ölkədə təşəkkür, əlavə maaş, studiya alasan. Ancaq unutmaq olmaz ki, hər bir halda ölkədə sənin adın düşmən kimi xatırlanacaq. Başqa ölkənin əlində alət olan adamların fikirləri ilə narazılığı dövlətə qarşı nifrətə çevirmək olmaz. Dövlətin əbədiliyinə xələl gətirən hər kəsin qarşısında durmaq lazımdır”.
Deputat vurğulayıb ki, ermənilər təxribatlar törədən kimi Azərbaycana qarşı informasiya hücumu da başlayır:
"Hamı həmin dəqiqə orduda nəsə qüsur axtarır. Əgər xaricdə oturan hərbçisisənsə, öz lazımi tövsiyələrini ver. Tovuz hadisələrinin hələ birinci günüdür, Rəhim Qazıyev sosial şəbəkələrdə insanları küçələrə çıxmağa səsləyərək bildirirdi ki, hakimiyyət torpaq verib. Bunu ancaq düşmən deyə bilər. Bu fikri cəmiyyətə söyləmək özü cinayətdir. Azərbaycan dövləti güclüdür və zərbə vurmaq mümkün deyil. Döyüş xəttində könüllü birliklər yox, dövlət döyüşür. Hamı da dövlətlə birlikdə bu işə dəstək olmalıdır.
Ziyalılıq xarakterdir. İstənilən məsələdə ortaya çıxıb xarakterə uyğun mövqe sərgilənəcək. Xarakter olmayanda ümumi kütlənin ziddiyyətinə gedirlər. Ziyalılıq imtiyazla bağlı deyil. Bu gün elə bir ənənə yaranıb ki, kimin çox bəyənmə sayı varsa, elə bilirlər həmin şəxs ziyalıdır. İmtiyazı itirəndə tənqidçiyə çevrilirlər. Əksi olanda isə quzu balası olurlar. Gerçək ziyalılar müşahidəçi missiyasını yerinə yetirməyə çalışırlar.
O, fikrini deməkdən çəkinir, ona görə də təhlükəlidir. Həmin ziyalını qorumaq lazımdır ki, ortaya qoyduğu məhsul var. Cəmiyyətin dəyərlərini dəyişib, layiqli insanlar önə çıxmalıdır. Ziyalı cəmiyyəti yönləndirə biləcək fikrə sahib olsa, radikallaşma bu səviyyədə olmayacaq. Səsin dalınca gedə bilməyənlər küyün dalınca gedəcəklər. Deməli, ziyalının səsi yoxdur. Ziyalı insanları müstəqilliyə çağırmalıdır. Çünki onlar dövlətlə cəmiyyət arasında orta mövqe yaradan təbəqədir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər