Ölkə 11:03 24.09.2019

Deputat: “Məni söyənləri çağırıram, gəlsinlər, onlara çay süfrəsi də açım...”

"Məni söyən, haqqımda fantaziyalar yayanları çağırıram, 10 nəfər gəlsin, yazılsın qəbuluma, özü də böyük məmnuniyyətlə onlar üçün çay süfrəsi də açaram".

Qaynarinfo xəbər verir ki, bu sözləri deputat Hadı Rəcəbli musavat.com-a geniş müsahibəsində jurnalistin xarici müdaxilə və təhlükələrlə bağlı sualını cavablandırakən deyib. 

O, xaricdə yaşayanların 99 faizinin Azərbaycana qarşı maliyyələşdiyini bildirib: "Kim desə də, mən inanmaram ki, onlar xaricdən maliyyələşmirlər, idarə olunmurlar. Bu, mümkün deyil! Orada oturan adamların 99 faizi maliyyələşir və bizim dövlətimizin əleyhinə kampaniya aparır. Dünya güclərinin apardığı siyasətə baxın, dağıdıblar, məhv ediblər bəzi ölkələri. Suriya, Livana, elə Gürcüstana, Ukraynaya baxın. Biz çağırış edirik ki, debatlara çıxaq. Məni çağırın, gəlim çıxış edim. Necə ki, sizə müsahibə verirəm, bəzi fikirlərinizlə razılaşıram, onlarla da eləcə... 

Deputat onu söyənlərlə debata hazır olduğunu da dilə gətirib: "Mən dialoqa tam hazıram. Məni söyən, haqqımda fantaziyalar yayanları çağırıram, 10 nəfər gəlsin, yazılsın qəbuluma, özü də böyük məmnuniyyətlə onlar üçün çay süfrəsi də açaram. Amma bir şərtlə ki, mən də danışım, onlar da. Deyəcəksən ki, filan yerdə filan şey yazmışdılar, vəssalam, onda danışmağın mənası yoxdur. Hamıya çağırış edirəm, gəlin müzakirələr aparaq! Məgər bu gün Amerikada hər şey "yağ kimi”dir? Amerika, Fransada niyə korrupsiyaya qarşı mübarizə idarəsi var? Hər şey "yağ kimi”dirsə, niyə var? Cəmiyyət olan yerdə problemdə olur, nöqsan da olur, biz bunu inkar etmirik. Amma görülən işləri, əhalinin sosial müdafiəsinə dövlətin ayırdığı 5 milyardlıq vəsaiti görməmək, məncə, allahsızlıqdır”.