Dünya 10:59 06.11.2013

Deputat: "Qarabağ Rusiyanın tərkibində olsun"


Rusiya Dövlət Dumasının Liberal-Demokratlar Partiyasından (LDPR – rəhbəri Vladimir Jirinovski) olan deputatı Roman Xudyakov bəyan edib ki, tanınmamış Dağlıq Qarabağ Rusiyaya qatılmaq istəyərsə, rəsmi Moskva bu təşəbbüsü qəbul edə bilərdi.

Parlamentari bu barədə Ermənistanın Yerkir.am mətbu orqanına müsahibəsində bildirib.

“Bilirsiniz, yalnız onu deyə bilərəm ki, “Dağlıq Qarabağ Respublikasının” “rəhbərliyi” bu təkliflə hökumətimizə müraciət edərsə, düşünürəm ki, hökumət onu nəzərdən keçirər, - deyə, parlamentari qeyd edib. – Xüsusilə də bizlər, Dövlət Dumasının deputatları. Məsələn mən bu təklifi böyük məmnunluqla dəstəkləyərdim”.

Belə ssenarini qiymətləndirən deputat əlavə edib ki, “xalq özünü Rusiyanın bir hissəsi hesab edirsə və Rusiyaya qoşulmaq, onun tərəfindən tanınmaq istəyirsə, o zaman niyə də yox?!”. O həmçinin bildirib ki, belə olan halda Qarabağı öz ərazisi hesab edən Azərbaycan “artıq hər şeyin bitdiyini, insanları rahat buraxmağın lazım olduğunu başa düşərdi”.

Öz tərəfindən mətbu orqan bu mövzuda Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazmış Zori Balayana istinad edir. Belə ki, həmin məktubda Balayan Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil edilməsini nəzərdə tutan 1813-cü il tarixli Gülüstan müqaviləsinin vacibliyindən bəhs edir.

Eyni zamanda, qondarma “DQR” rəhbərliyi Rusiyaya qoşulmaq barədə müraciətlə çıxış etməyiblər.(oxu.az)