"Bu gün dərman preparatları ilə bağlı hamı şikayət edir. Deputat, məmur və sadə vətəndaş. Çünki nəticə göz qarşısındadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli həkim Aydın Əliyevin inhisarçıların, oliqarxların süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa Azərbaycana deyil, Dubaya aparılması ilə bağlı fikirlərini şərh edərkən deyib. Ekspert deyir ki, Azərbaycanda dərman bazarında qiymətlərin şişirdilməsi prosesi var:
"Həkimin də dediyi kimi, ola bilsin, belə bir yola da əl atıblar. Amma niyə var? Əsas səbəb odur ki, Azərbaycanda Tarif Şurası tərəfindən qiymətlərin tənzimləmə mexanizmi yalnışdır, bazara başqa oyunçuların girməsinə əngəllər var. Əgər rəqabətli mühit yaransa, bazara başqa oyunçuların girməsinin qarşısında olan əngəllər aradan qalxsa, yəni, bu sahədə səbəblər aradan qalxsa, nəticə də dəyişəcək. O zaman hamılıqla, yəni imkanı olan şəxslər şirkət açacaq və xarici ölkədən dərmanları alıb Azərbaycana gətirəcək. Heç yenidən Dubaya getməyə ehtiyac da olmayacaq. Bütün bunlara imkan yaradılmalıdır”.
Nətiq Cəfərli hesab edir ki, dərman preparatlarının qiymətinin baha olmasının 3 səbəbi var:
1. Bazarın inhisarçılığı,
2. Tarif Şurasının qiymətlərin tənzimləmə mexanizminin yalnış olması,
3. Dərman satışında əlavə dəyər vergisinin tətbiq edilməsi 18 %.
Bu üç səbəb aradan qalxsa nəticə dəyişəcək. Bizdə də qonşu ölkələrdəki kimi dərmanların qiyməti ucuz olacaq. Əgər bu səbəblər ardan qalxmasa, illərlə dərmanların qiymətinin baha olması ilə bağlı şikayət ədəcəyik”.
Qeyd edək ki, həkim Aydın Əliyev inhisarçılar və ya oliqarxların süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa Azərbaycana gətirilmədiyini açıqlayıb. Həkim bildirib ki, onlar dərman preparatlarını ölkəmizə idxal etməzdən öncə ofşor zona olan 3-cü ölkəyə, yəni Dubaya daşıyırlar:
"Əgər istehsalçıdan 1 dollara alıbsa, ofşor zonada onu məsələn, 5 dollara rəsmiləşdirir. Bundan sonra ölkəmizə giriş zamanı sənədlərdə 5 dollara aldığı göstərilir. Digər xərcləri də üzərinə gələndə o dərman vasitəsinin bizdə pərakəndə satışı ən azı 10 dollara yüksəlir. Halbuki birbaşa gətirilsə qat-qat ucuz olar”.
Bahar Rüstəmli
Şərhlər