Xəbər lenti

Dərs yükü ağırdırsa, nəyi çıxaraq? - Nazirdən münasibət
Ölkə 21:19 22.06.2026

Dərs yükü ağırdırsa, nəyi çıxaraq? - Nazirdən münasibət

Elm və təhsil naziri Emin Əmrullayev dərs yükünün ağırlığı ilə bağlı narazılıqlara münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər Tv"-yə birgə müsahibə verən nazir qeyd edib ki, burada vacib məsələ beynəlxalq hədəflər və göstəricilərlə müqayisə aparmaqdır:

"Bu sual, fikrimcə, olduqca mürəkkəb sualdır. Bu sualın birmənalı cavabı yoxdur. Çünki biz cəmiyyət olaraq bu mövzuda müəyyən "staja” malikik. Mən bu suala dəfələrlə cavab vermişəm. Mənə görə, biz hələ də qeyri-müəyyən anlayışlarla danışırıq. Nazirlik olaraq biz müəyyən göstəricilərdən danışırıq, cəmiyyətdən bizə verilən geribildirim isə qeyri-müəyyəndir. "Çoxdur”, "azdır” deyirik, amma nə qədər çoxdur sualı da önəmlidir. Yaxud nə qədər olmalıdır ki, ona nisbətən "çoxdur” deyək? Burada vacib məsələ beynəlxalq hədəflər və müqayisə edilə bilən göstəricilərlə müqayisə aparmaqdır. Bu, daha konstruktiv müzakirə olardı.

Birinci sual budur: bizim təhsil sistemindəki fənlərin və dərs saatlarının sayı necədir? Belə baxsaq, bəzi təhsil sistemləri ilə müqayisədə Azərbaycanda bu göstəricilər bir qədər az, bəziləri ilə müqayisədə isə bir qədər çoxdur. Yaxud tədris ilinin müddətini müqayisə etsəniz, Azərbaycanın tədris ili o qədər də uzun deyil. Təhsil nailiyyətləri daha yüksək olan bəzi ölkələrdə daha qısa yay tətilləri görürük. Biz isə daha uzunmüddətli yay tətili ilə əhatə olunmuşuq.

Başqa bir vacib sual ondan ibarətdir ki, əgər çoxdursa, azaldılmalıdırsa, onda nəyi azaltmaq lazımdır? Burada böyük və haqlı, eyni zamanda çətin sual ortaya çıxır.

Mən əvvəlki müsahibələrimdə də bu barədə məlumat vermişəm. Format etibarilə bu, sovet sistemindən miras qalmış bir modeldir. Tədrisin təşkili, tədris planları, fənlər və onların həftəlik dərs yükü müəyyən olunub: fizika iki saat, biologiya iki saat və s. Həmin dərs saatlarının sayı həm də müəllimlərin əməkhaqqını müəyyən edir.

Ən vacib sual isə məzmunun nə dərəcədə gələcəklə səsləşməsi və gələcəyə uyğun olmasıdır. Burada iki tərəfi düzgün balanslaşdıraraq suala cavab verilməlidir. Bir tərəfdən, əgər nəsə uyğun deyilsə, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır. Daha konkret desək, Azərbaycan təhsilində və ya məzmununda hansı məqamlar var ki, onların çıxarılmasını cəmiyyət yekdilliklə, yaxud ən azı böyük əksəriyyətlə dəstəkləyir? Hansı fənni çıxartsaq, Azərbaycan təhsilinin məzmunu daha uyğun olar? Bu, mənim şəxsi fikrim ola bilər. Amma müzakirə şəxsi fikirlərdən daha çox uşaqların maraqlarından çıxış etməlidir. Mən düşünürəm ki, bu müzakirə vacibdir və davam etdirilməlidir. Lakin müzakirələrdə səsləndirilən fikirlər qeyri-müəyyənlikdən müəyyənliyə doğru gəldikcə, onların faydalılığı da artacaq. Çünki artıq bir neçə ildir ki, ictimaiyyətin şərti olaraq "uşaqlar çox yüklənir”, nazirliyin isə "yox, hər şey qaydasındadır” deməsi ilə bu sualın cavabını konstruktiv şəkildə tapa bilmirik. Eyni zamanda, sadaladığım müəyyən çərçivələr bu prosesdə sürətli və çevik addımlar atmağa mane olur. Bəli, biz öz tərəfimizdən çalışırıq ki, bu model dəyişsin və Azərbaycan təhsilinin təşkili adambaşı maliyyələşmə sisteminə keçid prosesi ilə daha çevik mexanizmlərin tətbiqinə imkan versin".
--> -->