Pompeydə bəzi sakinlər, böyük ehtimalla Asiya və ya Afrika meşələrindən gətirilən bitkilərdən hazırlanmış ətirli maddələri yandırıblar.
Qaynarinfo xəbər verir ki, “The Independent”in yeni araşdırmaya istinadən yazdığına görə, bu, Roma imperiyası dövründə mövcud olan geniş beynəlxalq ticarət şəbəkəsi sayəsində mümkün olub.
Pompey eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində vulkan külünün altında qalıb. Şəhər sakinlərinin əksəriyyəti boğulma və termal şok nəticəsində həlak olub. Bununla belə, dağıdıcı püskürmə evlərdəki məişət qurbangahlarında qalan kül qalıqlarının qorunub saxlanmasına da səbəb olub.
Tədqiqatçılar bildiriblər ki, Roma yaşayış məskənlərində tez-tez buxurdanlara rast gəlinir. Bu qablar evlərdə dini ayinlər zamanı oddan istifadə edildiyini göstərir. Lakin indiyədək bu qabların içində konkret hansı maddələrin yandırıldığı məlum deyildi.
Alimlər ilk dəfə Pompeydə insanların tanrılara qurban olaraq ətirli maddələr yandırdığı evlərdəki buxurdanların tərkibini araşdırıblar. Nəticədə həm yerli bitkilərin, həm də Asiya və Afrikadan gətirilmiş aromatik maddələrin izləri aşkarlanıb.
“Antiquity” jurnalında dərc olunan araşdırmada bildirilir ki, hər iki buxurdanın içində yanacaq və ya qurban kimi istifadə edilən oduncağın, həmçinin çəyirdəkli meyvələr verən bitkilərin və ya dəfnənin, ehtimal ki, şərab və ya üzümün izləri müəyyən edilib.
Bundan əlavə, alimlər Asiya və ya Səhradan cənubda yerləşən Afrikadan gətirildiyi ehtimal olunan burzerkimilər (Burseraceae) fəsiləsinə aid ağacların qatranlarının qalıqlarını aşkar ediblər. Tədqiqatçıların sözlərinə görə, bu, belə buxur növlərinin Pompeydə evlərdə keçirilən dini ayinlərdə istifadə edildiyini göstərən ilk arxeoloji sübutdur.
Alimlər ritual qablarından götürülmüş külü təhlil etmək üçün bir sıra müasir laboratoriya üsullarından istifadə ediblər.
“İndi Pompeydə evlərdə keçirilən dini ayinlər zamanı hansı aromatik maddələrin yandırıldığını dəqiq müəyyənləşdirə bilirik”, – araşdırmanın müəlliflərindən biri, Sürix Universitetinin arxeoloqu Yohannes Eber bildirib.
O əlavə edib ki, yerli bitkilərlə yanaşı, idxal edilmiş qatranların izlərinin də aşkarlanması Pompeyin uzaq ticarət əlaqələrinə malik olduğunu göstərir.
Qablardan birində alimlər, ehtimal ki, Asiyanın və ya Afrikanın tropik bölgələrindən gətirilmiş ekzotik ağac qatranı aşkar ediblər.
“Aromatik qatranlar Ərəbistandan, Afrikanın və Asiyanın tropik meşələrindən Hindistan və Səhradan cənubda yerləşən Afrika ölkələrindən gətirilən mallarla birlikdə satılırdı. Ən azı eramızdan əvvəl I əsrdən etibarən bu məhsullar Qırmızı dəniz vasitəsilə şimala daşınırdı”, – araşdırmada qeyd olunur.
Daha sonra bu mallar İsgəndəriyyə vasitəsilə İtaliyaya gətirilir, oradan isə Portus və Puteoli limanlarına daşınırdı. Məlumdur ki, bu şəhərlərdə də buxur tacirləri fəaliyyət göstərirdi.
Alimlər həmçinin Pompeydə evlərdə keçirilən dini ayinlər zamanı üzüm əsaslı maddələrin də yandırılmış ola biləcəyini müəyyən ediblər.
“Bu, Roma incəsənət nümunələrində təsvir edilən və həmin dövrün mətnlərində qeyd olunan şərabın ayinlərdə istifadəsi ilə uyğun gəlir. Eyni zamanda bu, arxeoloji tədqiqatların elmi analizlə tamamlanmasının əhəmiyyətini göstərir”, deyə tədqiqatın həmmüəllifi, Bonn Universitetinin əməkdaşı Maksim Rajo bildirib.
Araşdırmanın digər müəllifi Filip V. Ştokhammer isə qeyd edib ki, müasir kimyəvi və mikroskopik üsulların birləşdirilməsi tədqiqatçılara Pompey sakinlərinin gündəlik dini ayinlərinin bir hissəsini faktiki olaraq yenidən təsəvvür etməyə imkan verib.
Onun sözlərinə görə, bunun sayəsində təxminən 2000 il əvvəl şəhərdə yaşamış insanların gündəlik həyatı müasir tədqiqatçılar üçün daha aydın olub.
Aydın
Şərhlər