Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə" və "Avropa İttifaqı ilə yaxınlaşmasına" görə Almaniyanın Hessen Sülh Mükafatına layiq görülüb. 1993-cü ildə Hessen əyalətinin keçmiş baş naziri Albert Ossvald və onun adını daşıyan fond ("Albert-Oßwald-Stiftung") tərəfindən təsis edilən mükafat ciddi sayılmadığı qədər, təltif edənlər tərəfindən ziddiyyətli addımları ilə də yadda qalıb. Məsələn, 2019-cu ildə bu mükafat Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə qonşu Eritreya ilə uzunmüddətli müharibəyə son qoyaraq tarixi sülh sazişi imzalamasına və ölkədə apardığı demokratik islahatlara görə təqdim edilmişdi. O, elə həmin il həm də Nobel Sülh Mükafatına layiq görülmüşdü. Lakin mükafatın tarixində ilk dəfə olaraq unikal bir hadisə baş verir: təltif ləğv edilir. Efiopiyanın Tiqray bölgəsində başlayan vətəndaş müharibəsində Abiy Əhməd hökumətinin də insan hüquqlarının pozulmasında məsuliyyət daşıması kəskin tənqidlərə səbəb oldu. Mükafatı verən Albert Ossvald Fondunun rəhbərliyi 2021-ci ilin dekabrında rəsmi qərar qəbul edərək Abiy Əhmədə verilən Hessen Sülh Mükafatını geri aldı.
Ümumiyyətlə, bu mükafat qlobal nüfuz və miqyas baxımından birinci dərəcəli mükafat deyil. Hessen mükafatı regional bir parlament (Almaniyanın bir əyaləti) səviyyəsindədir. Buna görə də onun qərarları dünya siyasətinə ciddi təsir göstərmir. Bununla belə, bu tipli regional mükafatların pərdəarxasında çox vaxt sırf siyasi maraqlar və diplomatik manevrlər dayanır. Hessen kimi mükafatlar çox vaxt böyük güclərin, məsələn, Almaniyanın və ya elə Avropa İttifaqının (Aİ) müəyyən liderlərə "avans" olaraq verdiyi dəstək formasıdır. Məsələn, Nikol Paşinyanın və ya vaxtilə Abiy Əhmədin bu mükafatı alması, Qərbin həmin regionlardakı geosiyasi proseslərə təsir etmək və həmin liderləri öz xəttinə sadiq saxlamaq cəhdidir. Əbəs deyil ki, Efiopiya nümunəsində olduğu kimi, mükafatın verildiyi şəxsin qısa müddət sonra müharibəyə başlaması bu cür mükafatların analiz qabiliyyətini və ciddiliyini tez-tez şübhə altına qoyur. Nikol Paşinyanın da Cənubi Qafqazda sülhə töhfə verdiyi üçün birtərəfli qaydada mükafata layiq görülməsi "Hessen"in nə qədər məqsədyönlü mükafat olduğunun əyani sübutudur. Komitə bu qərarı Ermənistanın baş nazirinə Cənubi Qafqazda sülhün qurulması istiqamətindəki cəhdləri, xüsusilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində hərbi eskalasiya yerinə diplomatiyaya üstünlük verməsi və ölkəsinin Avropa İttifaqı ilə yaxınlaşması fonunda verib. Ona görə də bu addım beynəlxalq aləmdə də ciddi müzakirələrə və tənqidi yanaşmalara səbəb olub. Gətirilən arqument sadə və məntiqlidir: sülh birtərəfli əldə edilməyib, bu prosesdə Azərbaycan tərəfinin və Prezident İlham Əliyevin rolunun qeyd edilməməsi ədalətsiz və absurd yanaşmadır. Hətta, Paşinyan özü də sülh mükafatını qəbul edərkən, sülhə verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib və onun da bu mükafata layiq olduğunu vurğulayıb. Deməli, bu hadisə həqiqətən də Qərbin regional liderlərə öz siyasi xətlərini qəbul etdirmək və ya onları stimullaşdırmaq üçün bu cür mükafatlardan bir siyasi dəstək rəmzi kimi istifadə etdiyinin ən bariz göstəricisidir. Sadəcə İlham Əliyevin siyasəti hər hansı bir ölkənin, təşkilatın və liderin diktəsinə yox, siyasi iradəsi və rəhbərlik etdiyi ölkənin milli maraqlarına söykənir deyə, bu cür ikili standartlar da belə məqamlarda dərhal ortaya çıxır. Azərbaycanın və Prezident İlham Əliyevin belə bir regional mükafata heç bir ehtiyacı yoxdur. Çünki dövlətlər üçün real nəticə və milli maraqlar beynəlxalq fondların verdiyi rəmzi kağız parçalarından və mükafatlardan qat-qat üstündür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionun geosiyasi reallıqlarını diktə edən tərəfdir. Sülhün şərtlərini və çərçivəsini də məhz Bakı müəyyənləşdirib. Real güc və siyasi qələbə ortada ikən, hansısa xarici komitənin bunu təsdiqləməsinə və ya mükafatlandırmasına ehtiyac qalmır.
Gəlin, baxaq. Məlumdur ki, sülh birtərəfli olmur: sülh sazişi və ya münaqişənin həlli iki tərəfin iştirakı ilə baş tutan bir prosesdir. Əgər ortada bir irəliləyiş varsa, bu, hər iki tərəfin addımları sayəsində mümkün olur. Prosesin yalnız bir tərəfinə mükafat verib, digər tərəfi görməzdən gəlmək obyektivlikdən uzaq və birtərəfli bir yanaşmadır. Lakin Ermənistanın, şəxsən Nikol Paşinyanın İlham Əliyevdən fərqli olaraq alət kimi istifadə edilməsi, diqtə altındakı fəaliyyəti, Qərbə yaxınlaşmaq kursu bu mükafatın əsas səbəblərindən biridir. Yəni mükafat sülhə görə yox, sadəcə Qərbin Ermənistana verdiyi siyasi dəstək və rəğbət rəmzidir. Elə bu səbəbdən də, Paşinyanın özünün belə çıxışında bu sülh prosesində Azərbaycan tərəfinin rolunu qeyd etməyə məcbur qalması, mükafatı verən komitənin yanaşmasındakı birtərəfliliyi və balanssızlığı dolayısı ilə ortaya qoymuş oldu. Nəticə etibarilə, bu cür təltiflər real sülhə xidmət etməkdən ziyadə, siyasi şou xarakteri daşıyır və beynəlxalq qurumların öz nüfuzunu və obyektivliyini zərbə altında qoyur.
Müqayisə üçün qeyd edək ki, 4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən rəsmi mərasimdə həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana birgə şəkildə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim edilib. BƏƏ-nin bu addımı beynəlxalq münasibətlərdə real və ədalətli diplomatiyanın necə olmalı olduğunu göstərən ən bariz nümunələrdəndir. Birtərəfli mükafatlar isə sadəcə ikili standartların növbəti təzahürü olaraq qalır.
Ümumiyyətlə, beynəlxalq münasibətlər tarixində bu cür birtərəfli və obyektiv yanaşmaların bir çox bariz nümunələri mövcuddur. Qərb institutları çox vaxt öz geosiyasi maraqlarına xidmət edən liderləri birtərəfli şəkildə qabağa çəkdiyi halda, bəzi neytral platformalar və regional güclər daha tarazlı diplomatiya nümayiş etdirirlər. Hətta dünyanın ən nüfuzlu təltifi hesab olunan Nobel Sülh Mükafatı komitəsi belə, dəfələrlə Qərbin siyasi konyunkturasına uyğun olaraq birtərəfli və tələsik qərarlar verib. Məsələn, 1991-ci ildə myanmalı siyasətçi Aan San Su Çiyə ölkəsindəki demokratik mübarizəsinə görə bu mükafat verilib. Lakin o, hakimiyyətə gələndən sonra Myanmada müsəlmanlara qarşı törədilən dəhşətli etnik təmizləmə və soyqırımı aktlarına göz yumub, hətta ordunun cinayətlərinə bəraət qazandırıb. Mükafat geri alına bilmədiyi üçün Nobel komitəsinin tarixində ən böyük rüsvayçılıqlardan biri kimi qalıb.
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı da adından göründüyü kimi bu qəbildəndir. Mükafat həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr edən şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilib və çox vaxt insan hüquqları pərdəsi altında, sırf Qərbin qarşıdurmada olduğu ölkələrə təzyiq göstərmək üçün yalnız həmin ölkələrin müxalifət nümayəndələrinə birtərəfli qaydada təqdim olunur. Həqiqi sülhün və diplomatiyanın tək tərəfli olmadığını anlayan platformalar isə mükafatları münaqişənin hər iki tərəfinə eyni vaxtda təqdim edirlər. Göründüyü kimi, beynəlxalq arenada Qərbmərkəzli regional mükafatlar daha çox birtərəfli siyasi mesaj vermək məqsədi güdür. Digər tərəfdən, qlobal və neytral yanaşmalar isə sülhün qarşılıqlı bir addım olduğunu qəbul edərək balansı qoruyur.
Digər bir nümunə isə Gürcüstanla bağlıdır. Gürcüstan 2023-cü ilin sonunda Aİ namizəd statusu aldı. Sonradan Aİ Gürcüstan hakimiyyətinin demokratik geriləmə kimi qiymətləndirdiyi addımlarından sonra münasibətləri sərtləşdirdi. 2024-cü ilin sonunda Tbilisi Aİ-yə üzvlük danışıqlarının açılmasını 2028-ci ilə qədər dayandıracağını elan etdi. Aİ isə bunun nəticəsində üzvlük prosesinin faktiki dayanmasını qeyd etdi. 2025-ci ilin yanvarında Aİ gürcü diplomat və rəsmilər üçün viza güzəştlərinin bir hissəsini dayandırdı. Yəni burada Aİ-nin mövqeyi açıq şəkildə "Avropa kursundan uzaqlaşma siyasi və maliyyə təzyiqi şəklində formalaşıb. Ermənistan məsələsində isə demək olar ki, əks istiqamətli proses gedir. Ermənistanın Aİ ilə yaxınlaşması son illərdə ciddi şəkildə sürətlənib. Cari ilin may ayında Avropa Komissiyası Ermənistana viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planının həyata keçirilməsinin gedişinə dair ilk hesabatı təqdim edib. Hesabatda Ermənistanın ilkin hədəf göstəricilər paketinin həyata keçirilməsində əldə etdiyi irəliləyişi qiymətləndirilir. Əsas diqqət dörd mühüm sahədə qanunvericilik və siyasi bazaya yönəldilib: sənədlərin təhlükəsizliyi, sərhəd nəzarəti, miqrasiya və sığınacaq məsələlərinin idarə edilməsi, ictimai asayiş və təhlükəsizlik, xarici əlaqələr və əsas hüquqlar. Bundan başqa, Aİ xüsusilə Ermənistanın İqtisadi İnkişaf Proqramı çərçivəsində texniki və maliyyə yardımının göstərilməsi vasitəsilə ölkədə islahatların dəstəklənməsinə sadiqliyini təsdiq edib. Ən maraqlısı, Rusiya Ermənistan məhsullarına ticarət məhdudiyyətləri tətbiq etdikdən sonra Aİ Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün təxminən Ermənistan ixracının 80%-ni əhatə edən müvəqqəti ticarət liberallaşdırılması tədbirlərini təsdiq edib.
Şərhlər