Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan “Lonely Planet” ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu il “Best in Travel list 2027” siyahısında dünyanın müxtəlif yerlərindən 50 istiqamət yer alıb.
“Hər il özümüzə sual veririk: növbəti dəfə hara səyahət edək? Bu dəfə cavab bizi planetin 50 fərqli guşəsinə aparır: Venetodakı möhtəşəm dağ silsilələrinə, vulkanik mənzərələri ilə seçilən Montserrat sahillərinə, Avstraliyanın Qırmızı Mərkəzinə, Qucaratın duz düzənliklərinə və bir çox başqa məkana”, deyə siyahının müəllifləri bildiriblər.
Onların sözlərinə görə, siyahı nəşriyyatın müəlliflərinin şəxsi təcrübəsi əsasında hazırlanıb. Müəlliflər bu məkanlarda olublar, onları öz gözləri ilə görüblər və digər səyahətçilərə tövsiyə etmək üçün kifayət qədər əsas əldə ediblər.
Avropada 2027-ci il üçün tövsiyə olunan istiqamətlər
“Lonely Planet” 2027-ci ildə Avropada aşağıdakı istiqamətlərə diqqət yetirməyi tövsiyə edir:
* Veneto regionu, İtaliya;
* Skener-med-Falsterbu şəhəri, İsveç;
* Killarni fiyordu, İrlandiya;
* Leon şəhəri, İspaniya;
* Dessau şəhəri, Almaniya;
* Napoleon yolu, Fransa;
* Şibenik şəhəri, Xorvatiya;
* Egey dənizi, Yunanıstan;
* Lipari adaları, İtaliya;
* Müqəddəs Katbert yolu, Böyük Britaniya.
Digər tövsiyə olunan istiqamətlər
Reytinqin müəllifləri gələn il Avstraliyanın Qırmızı Mərkəzini, Kanadadakı Şahzadə Eduard adasını, ABŞ-ın Nyu-Meksiko ştatını, Argentinanın Bariloçe şəhərini və Göllər diyarını, Nikaraquanın Qranada şəhərini, Keniyanın Tsavo-Şərq və Tsavo-Qərb milli parklarını, Meksikanın Qvadalupe vadisini, Hindistanın Darciliq şəhərini, Vyetnamın Dananq şəhərini, Yaponiyanın Tohoku regionunu, Antarktida yarımadasını, Tanzaniyanın Qombe-Strim Milli Parkını və bir sıra digər istiqamətləri də ziyarət etməyi tövsiyə edirlər.
Aydın
Şərhlər