Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində hərbi-dəniz təlimləri zamanı fövqəladə hadisə baş verib.
Qayanrinfo inform.kz-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə sürüklənib.
Hadisə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin təlimləri zamanı hərbçilərin Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirdiyi vaxt baş verib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 24-də hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə aparılıb. İlkin məlumatlara əsasən, dənizə 19 hərbçi düşüb. Hazırda 9 hərbçinin həlak olduğu təsdiqlənib, 3 nəfər xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri göndərilib. Əməliyyata Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər müvafiq xidmətlər cəlb olunub.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə yollanıb.
Qazaxıstan Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Nazirlik həlak olanların ailələrinə lazımi yardım və dəstəyin göstəriləcəyini bildirib.
Axtarış-xilasetmə əməliyyatının gedişi və hərbçilərin vəziyyəti ilə bağlı əlavə məlumatlar daxil olduqca və təsdiqləndikcə açıqlanacaq.
Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyi daha əvvəl ölkənin Xəzər sektorunda “Xazar Qorğanı – 2026” hərbi-dəniz təlimlərinin keçirildiyini bildirmişdi. Manevrlərə Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və katerləri, hidroqrafik gəmilər, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsi bölmələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aviasiyası cəlb olunub.
Aydın
Şərhlər