Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanda Azərbaycanın maddi-mədəni irsinə dair iddiaların davam etdirilməsinin sülh prosesinə mənfi təsir göstərdiyini bildirib.
O, Qaynarinfo-ya açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəli aparılması istiqamətində mühüm razılaşmaların əldə olunduğunu deyib:
"Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəli aparılması ilə bağlı mühüm razılaşmalar var. Bunun əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda qoyulub və sülh müqaviləsi paraflanıb. İki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması ilə bağlı bir sıra addımlar da atılıb. Artıq hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında təmaslar baş tutub".

Deputat vurğulayıb ki, Azərbaycanın ərazisindən keçməklə Rusiyadan və Qazaxıstandan malların məhdudiyyət olmadan Ermənistana çatdırılması təmin edilib:
"Bundan sonra Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı da reallaşdırılıb. Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların siyahısı bəllidir. Bütün bu müsbət proseslərlə yanaşı, Ermənistanda iki neqativ proses də mövcuddur və bunlar sülh prosesi üçün əngəldi".
Elman Nəsirov bildirib ki, Ermənistan, dünyadakı erməni lobbisi və diasporu müxtəlif yollarla sülh prosesinə mane olmağa çalışır:
“Bu istiqamətdə təzyiqlər var. İkincisi, Ermənistanda Azərbaycanın maddi-mənəvi irsinə dair iddialar davam etdirilir. Hər iki proses, nəticə etibarilə, sülh gündəliyinə qarşı yönəlib. Nəzərə alsaq ki, gələn il uzunmüddətli və dayanıqlı sülhün əldə olunması ilə bağlı böyük ümidlər var, bu reallıqlar fonunda iki tendensiyanın müşahidə olunması heç də xoşagələn deyil. Azərbaycan bu məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini ifadə edir”.
Deputat Azərbaycan Xarici İşlər Nazirliyinin də məsələ ilə bağlı mövqeyini açıqladığını vurğulayıb:
“Azərbaycan mədəni irsinin qorunması üçün müvafiq qurumlarımız addımlar atırlar. Bunların sırasında diplomatik korpus nümayəndələrinin Qarabağa səfərlərinin təşkili də var. Onlar bir tərəfdən Azərbaycana qarşı ermənilərin törətdiyi vəhşiliklərin izlərini görür, digər tərəfdən isə Azərbaycan tarixinin, mədəni və dini irsinin məhv edilməsi istiqamətində 30 illik işğal dövründə atılan addımların şahidi olurlar. Eyni zamanda, xristian abidələrinə münasibətdə azərbaycanlıların necə davrandığına, onların qorunması istiqamətində hansı işlərin görüldüyünə şahidlik edirlər. Bir tərəfdə mədəni irsə hörmət, digər tərəfdə isə mədəni irsin dağıdılması və vəhşiliklə müşayiət olunan addımlar var. Qoy xarici diplomatik nümayəndələr də bunları görsünlər. Onlar öz hökumətlərini də məlumatlandırırlar. Bununla da beynəlxalq ictimaiyyət baş verənlərdən xəbərdar olur. İnformasiya əsrində bu addımların əhəmiyyəti kifayət qədər böyükdür”.
Bahar Rüstəmli
Şərhlər