XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukraynanın bir şəhərində fəlakət: Aclıq insanları balardakı otları yeməyə məcbur edir
Dünya18:33 24.09.2026

Ukraynanın bir şəhərində fəlakət: Aclıq insanları balardakı otları yeməyə məcbur edir

Ukraynanın işğal altındakı Oleşki şəhərində insanlar artıq həyətlərində yetişən alaq otlarını yeməyə məcbur qalırlar. Buna səbəb ərzaq təminatının hələ də həyata keçirilməməsi və tərəvəz mövsümünün başa çatmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin jurnalistləri şəhər sakinlərinin şahidliyinə əsaslanan materialında məlumat verib.

Sakinlərin sözlərinə görə, onlar tələyə düşüblər. Ruslar şəhərdən təxliyəyə imkan vermir və yaşayış məntəqəsi atəşə tutulmaqda davam edir. Şəhərdə elektrik enerjisi yoxdur, mağazalar işləmir, ərzaq və dərman gətirilmir.

Şəhərdə fəaliyyət göstərən yeganə xəstəxanaya həftədə bir neçə dəfə Oleşkidə qalan həkimlər gəlir və imkanları daxilində sakinlərə tibbi yardım göstərirlər. Lakin dərman çatışmazlığı şəraitində xəstələri tam müalicə etmək mümkün deyil. Buna görə də mina-partlayış xəsarətləri alan insanların travma almış ətraflarını amputasiya etmək məcburiyyətində qalırlar.

Jurnalistlərlə nadir hallarda əlaqə saxlaya bilən yerli sakinlərin sözlərinə görə, şəhərdə insanlar ölməkdə davam edir. Ölüm hallarının əsas səbəblərindən biri Rusiya hərbçilərinin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardır.

Belə hadisələrdən birində ərzaq almaq üçün Oleşkidən 23 kilometr aralıda yerləşən Radensk şəhərinə gedən ər-arvad həlak olub. Onlar komendant saatı başlamazdan əvvəl evlərinə qayıda bilməyib və pilotsuz uçuş aparatının hücumu nəticəsində öldürülüblər. Həlak olanların dəfn edilməsi zamanı da çətinliklər yaranır, çünki işğalçı qüvvələr əlavə sənədlər və müayinələr tələb edir.

Bildirilib ki, əvvəllər daha çox insan minalanmış yollardan keçərək hərəkət etməyə risk edirdi. Lakin hazırda bu, həddindən artıq təhlükəli hesab olunur və belə cəhdlər edənlərin sayı getdikcə azalır.

Şəhərdə aclıq getdikcə dərinləşir. Sakinlərdən biri jurnalistlərə gündə yalnız bir dəfə yemək yediyini bildirib. Əsas qidası pomidor və ya bal ilə sadə ev çörəyindən ibarətdir.

Sakinlər alaq otu hesab olunan müxtəlif bitkilərin hazırlanması ilə bağlı reseptləri bir-biri ilə bölüşürlər. Bununla onlar əllərində qalan becərilən tərəvəz ehtiyatlarını daha uzun müddət saxlamağa çalışırlar. Yeməklər birbaşa həyətlərdə hazırlanır, çünki Rusiya qüvvələrinin Kaxovka bəndini dağıtmasından sonra şəhərdə elektrik, su və qaz yoxdur.

Ukrayna ombudsmanı Dmitri Lubinetsin qiymətləndirməsinə görə, Oleşkilərdə 6 minə qədər insan, o cümlədən 200 uşaq qalır. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamazdan əvvəl şəhərdə 24 min nəfər yaşayırdı.

Şəhərdə humanitar vəziyyət sürətlə pisləşir. Sakinlərlə əlaqə də son dərəcə məhduddur. Ukraynanın mobil operatorları ərazidə fəaliyyət göstərmir, internet isə yalnız bəzi rayonlarda mövcuddur. Bundan başqa, sakinlər mobil telefonlarını doldurmaqda ciddi çətinlik çəkirlər. Buna yalnız günəş panelləri və ya generatorlara çıxışı olan insanlar nail ola bilirlər.

Ukrayna şəhərdə sağ qalan sakinlərin təxliyəsini təşkil etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Lakin materialda bildirildiyinə görə, Rusiya tərəfi humanitar dəhliz və atəşkəs təkliflərindən imtina edir. Yolların minalanması və Rusiya qüvvələrinin istənilən vaxt dronlarla hücum edə bilməsi səbəbindən müstəqil təxliyə cəhdləri demək olar ki, mümkün deyil.

Aydın