XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Beynimiz yolu necə tapır? - Alimlər mühüm mexanizmi aşkarladı
Dünya18:51 24.09.2026

Beynimiz yolu necə tapır? - Alimlər mühüm mexanizmi aşkarladı

Edinburq Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq neyrobioloqlar qrupu müəyyən edib ki, xəritə üzrə mürəkkəb marşrutların planlaşdırılması və vərdiş halına gəlmiş yollarla hərəkət beyində fərqli mexanizmlərlə idarə olunur.

Qaynarinfo xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, tanış olmayan ərazidə naviqasiyada əsas rolu yaddaşın möhkəmlənməsinə və məkan təfəkkürünə cavabdeh olan beynin cüt hissəsi – hipokamp oynayır.

Təcrübə zamanı gəmiricilərə xüsusi labirintdə gizlədilmiş yeməyi tapmaq öyrədilib. Heyvanların bir qismi eqosentrik strategiyadan istifadə edib – konkret dönüş istiqamətlərini və məsafələri öz bədənlərinə nisbətdə yadda saxlayıblar. Digər siçovullar isə allocentrik yanaşmadan istifadə edərək laboratoriyadakı xarici obyektlərə əsaslanıb və məkanın xəritəsini zehində qurublar. Alimlər beyinə yerləşdirilmiş miniatür mikroskopların köməyi ilə neyronların fəaliyyətini real vaxt rejimində müşahidə ediblər.

Məlum olub ki, xarici istiqamətləndiricilərə əsaslanaraq marşrutu planlaşdırarkən hipokampdakı neyronlar heyvan ilk addımını atmazdan əvvəl gələcək yolu aktiv şəkildə “sınaqdan keçirir”. Əzbərlənmiş eqosentrik marşrutlardan istifadə zamanı isə belə aktivlik müşahidə olunmayıb.

Fərziyyələrini tam təsdiqləmək üçün tədqiqatçılar optogenetika metodundan istifadə ediblər. İşıq impulslarının köməyi ilə onlar qərar qəbul edilən anda siçovulların hipokampını müvəqqəti olaraq deaktiv ediblər. Bu müdaxilə gəmiricilərin məkan xəritəsinə əsaslanaraq istiqamət tapmaq qabiliyyətini tamamilə aradan qaldırıb, lakin onların vərdiş halına gəlmiş yollarla hərəkətinə heç bir maneə yaratmayıb.

“Bizim nəticələrimiz inandırıcı şəkildə göstərir ki, hipokamp xəritə üzrə istiqamətlənmə zamanı məkanın yadda saxlanılmasında səbəb-nəticə baxımından mühüm rol oynayır, lakin əzbərlənmiş hərəkətlər zamanı bu rol müşahidə olunmur”, – tədqiqatın aparıcı müəlliflərindən biri, professor Riçard Morris vurğulayıb.

Məkan yaddaşı problemi uzun illərdir dünyanın aparıcı neyrobioloqlarının diqqət mərkəzindədir. Ağır neyrodegenerativ xəstəliklərin, xüsusilə Altsheymer xəstəliyinin inkişafı zamanı ilk növbədə insanın məkanda istiqamətlənmək və yeni marşrutlar qurmaq qabiliyyətlərindən biri zərər görür.

Gələcək təcrübələr mütəxəssislərə demensiyası olan insanların nə üçün əvvəllər tanıdıqları küçələri tanımamağa başladıqlarını və hətta yaşadıqları ərazidə belə tez-tez yollarını itirdiklərini daha yaxşı anlamağa kömək edə bilər.

Aydın