XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Köçənlərə pul ödəyən dünyanın 6 mənzərəli guşəsi (FOTO)
Dünya00:13 25.09.2026

Köçənlərə pul ödəyən dünyanın 6 mənzərəli guşəsi (FOTO)

Dünyanın müxtəlif yerlərindəki bəzi kiçik şəhər və mənzərəli kəndlər ora köçməyə qərar verən şəxslərə xeyli pul ödəməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Yerli hakimiyyətlər bununla əhalisi azalan yaşayış məntəqələrini tənəzzüldən xilas etməyə və yeni işçi qüvvəsi cəlb etməyə çalışırlar.

Lakin vəsait heç də şərtsiz verilmir – bu proqramların hər birində yerinə yetirilməsi vacib olan ciddi tələblər var.

Media köçənlərə maddi ödəniş təklif edən 6 cəlbedici istiqamətin siyahısını açıqlayıb.

İsveçrə: 30 min dollara qədər

Valle kantonunda yerləşən kiçik Alp kəndi Albinen böyüklərə 25 min İsveçrə frankı (təxminən 30 412 dollar), hər uşaq üçün isə əlavə 10 min frank ödəməyi təklif edir. Proqram 2017-ci ildə, kəndin əhalisi 300 nəfərdən aşağı düşdükdən sonra başladılıb. Kənddə nə məktəb, nə bank, nə də poçt var, yalnız bir pab fəaliyyət göstərir.

Şərtlər asan deyil: müraciət edən şəxsin yaşı 45-dən çox olmamalı, kənddə dəyəri 200 min frankdan artıq olan ev almalı, orada ən azı 10 il yaşamalı və İsveçrə vətəndaşlığı əldə etməlidir. Köç 10 il davam etməzsə, ödənilən pul geri qaytarılmalıdır. 2023-cü ildə proqram gözlənilmədən geniş yayıldı. Albinen meri Beat Yostun sözlərinə görə, bələdiyyəyə hər gün təxminən 100 müraciət daxil olurdu.

Yunanıstan: Adada təqaüd və pulsuz yaşayış

Krit və materik Yunanıstan arasında yerləşən kiçik Antikiter adası üç və ya daha çox uşağı olan ailələrə üç il ərzində hər ay 500 avro təqaüd ödəməyə, həmçinin pulsuz yaşayış yeri və ərzaq təmin etməyə hazırdır.

Proqram 2019-cu ildə, adada cəmi 24 sakin qaldığı vaxt başladılıb. Layihə bir neçə dəfə dayandırılıb və yenidən bərpa edilib. Sonuncu dəfə 2023-cü ildə Yunanıstan Pravoslav Kilsəsinin maliyyə dəstəyi ilə bərpa olunub. 2026-cı ilin yanvarına olan məlumata görə, hələ heç bir ailə adaya köçməyib: yaşayış evlərinin tikintisi davam edir, baxmayaraq ki, müraciətlər qəbul olunur.

İtaliya: 15 min avro

Əhalisi təxminən 1,6 milyon nəfər olan İtaliyanın Sardiniya adası kiçik şəhər və qəsəbələrdən əhalinin köçməsi ilə mübarizə aparır. Əhalisi 5 min nəfərədək olan yaşayış məntəqəsinə köçənlərə evin təmiri üçün 15 min avro ödənilir. Bundan əlavə, ilk uşağın doğulması və ya övladlığa götürülməsi üçün ayda 600 avro, hər növbəti uşaq üçün isə 400 avro müavinət verilir.

Əsas şərt Sardiniyada daimi yaşamaq və 18 ay ərzində burada qeydiyyata düşməkdir.

İrlandiya: 70 min avroya qədər

2023-cü ildə başladılan “Our Living Islands” proqramı materiklə körpü və ya bənd vasitəsilə əlaqəsi olmayan 30 İrlandiya adasından birində məskunlaşmaq istəyən şəxslərə 70 min avroyadək vəsait təklif edir. Pul 1993-cü ildən əvvəl tikilmiş yaşayış evlərinin təmiri üçün qrant proqramı çərçivəsində ayrılır.

İrlandiya hökuməti proqramın məqsədini belə izah edib: “dayanıqlı və tamhüquqlu icmaların sahil adalarında uzun illər yaşamağa və inkişaf etməyə davam etməsini təmin etmək”.

Yaponiya: 1 milyon yenədək

2019-cu ildən Yaponiya hökuməti sıx məskunlaşmış Tokiodan kənd yerlərinə köçməyə hazır olan şəxslərə pul ödəyir. Bir ailə 1 milyon yen (təxminən 6400 dollar), tək yaşayan şəxs isə 600 min yen alır. Köçən şəxs yeni yaşayış yerində biznes açarsa, məbləğ əlavə 1 milyon yen arta bilər.

Əcnəbilərin Yaponiyanın ucqar bölgələrində daşınmaz əmlak alması çətin deyil. Lakin qrant əldə etmək üçün daimi və ya uzunmüddətli rezident statusu tələb olunur – iş vizası kifayət etmir.

İspaniya: 40 min avroya qədər

İspaniyanın La-Rioxa əyalətində həyata keçirilən “Revive” proqramı 45 yaşadək, əhalisi 5 min nəfərdən az olan şəhər və qəsəbələrə köçməyə hazır şəxslər üçün nəzərdə tutulub.

Ödənişin məbləği yaşayış məntəqəsinin ölçüsündən asılıdır: əhalisi 2001–5000 nəfər olan yaşayış məntəqələri üçün 20 min avrodan, 500 nəfərdən az əhalisi olan yerlər üçün isə 40 min avroyadək vəsait ödənilir.

Pul ev almaq və ya təmir etmək üçün istifadə edilməli, köçən şəxs isə həmin ərazidə ən azı beş il yaşamalıdır.

Aydın