DİM koronavirusa yoluxmuş gəncləri intihara sürükləyir – Fors-major

DİM koronavirusa yoluxmuş gəncləri intihara sürükləyir – Fors-major

"Bütün hallarda birmənalı şəkildə ayrıseçkilik salmadan koronavirusa yoluxan uşaqların təkrar imtahanda iştirakı təmin edilməlidir”. 

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "koronavirusa yoluxan uşaqların imtahanda iştirakı necə təşkil edilməlidir” sualına aydınlıq gətirərkən səsləndirib. 

"Azərbaycanda bu il üçün qəbul imtahanları bir dəfə keçiriləcək. Bu imtahanlarda iştirak etməyənlərə təkrar iştirak etmək şansının yaradılması nəzərdə tutulmur. Bu, onların birmənalı şəkildə təhsil hüququnun məhdudlaşdırılmasıdır. Yəni bütün hallarda şagirdlərin təkrar imtahanda iştirakı təmin edilməlidir”.
 


Kamran Əsədov bildirib ki, imtahan təkrar olmayacağı üçün bu şagirdlər gələn ilə qalır: 

"Amma bu doğrudurmu? Xeyr, birmənalı şəkildə doğru deyil. Ən azından ona görə doğru deyil ki, kifayət qədər imtahan binası var, həmin şəxs özünü imtahana hazır hiss edirsə, onlar əlavə otaqlarda imtahanda iştirak edə bilərlər. Nəzər alaq ki, ilk imtahan avqustun 13-14-ü keçiriləcək, ikinci imtahan isə 21-22 avqustda keçiriləcək. Nəticələrin isə çıxma vaxtı bilinmədiyi üçün proses sentyabrın əvvəlinə qədər davam edəcək. Düşünürəm ki, bu prosesdən sonra sentyabrın əvvəlində o şagirdlər üçün imtahan təşkil edilə bilər”. 

Ekspert qeyd edib ki, burda insan taleyindən söhbət gedir. Bir il fasiləsiz olaraq oxuyan gənclərin ümidini qırmaq olmaz. Fors-major haldır, heç kim kefindən bu prosedən kənar qalmaq istəməyib: 

"Bu il pandemiya olduğu üçün həmin şagirdlərə imkan vermək lazımdır. İnsan taleyi ilə oynamaq olmaz, şərait yaratmaq lazımdı. Cavabların beş gün gec çıxması problem deyil. Bu xəstələr 14 gündən sonra sağalırlar. Bu uşaqları bir il ümidsiz qoyub, vaxt və pul itkisinə yol vermək doğru deyil”.
 
Xatırladaq ki, gənc yazar Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə yaxın qohumunun düşdüyü belə fors-major halla bağlı müraciət edib. Müraciətdə deyilir:

"Hörmətli Məleykə xanım, bir neçə dəqiqə öncə Dövlət İmtahan Mərkəzinə zəng etdim, mənə bildirdilər ki, virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcək. Axı bu qərar virusa yoluxan gənci daha da ölümə sürükləməkdir. Axı siz özünüz də mətbuat konfransında dəfələrlə demisiniz ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Ancaq indi belə məlum olur ki, siz belə ədalətsiz qərarla virusa yoluxan gəncləri daha da ağır depressiv hallara salaraq ölümə sürükləyirsiz. Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı? Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbələr vurursunuz? Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir.

Siz məndən də yaxşı bilirsiniz ki, belə məqamlarda virusa yoluxan adamlara psixoloji dəstək olmaq lazımdır.

Yaxın qohumum dəfələrlə tarix və coğrafiya fənləri üzrə keçirilən məktəblər arası olimpiadalarda yüksək yerlər tutub. İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz.

İnanıram ki, bu müraciətimə gözlənilən uğurlu cavabı verəcəksiniz...”

Günay İlqarqızı

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR