Xəbər lenti

DİN: "Milli Şuranın aksiya keçirməsinə razılıq verilməsin"
Ölkə 14:09 15.10.2013

DİN: "Milli Şuranın aksiya keçirməsinə razılıq verilməsin"

Daxili İşlər Nazirliyi Milli Şuranın 12 oktyabr mitinqi ilə bağlı bəyanatına münasibət bildirib

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, Milli Şuranın oktyabr ayının 12-də Bakıda keçirdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb: "Qanuna müvafiq olaraq mitinq zamanı ictimai asayişin qorunmasına cəlb edilmiş polis əməkdaşları kənardan mitinq iştirakçılarının təhlükəsizliyini və ictimai asayişi qoruyub. Lakin mitinq başa çatdıqdan sonra bir qrup gənc mitinq üçün müəyyən edilən sahədən kənarda  - nəqliyyatın və insanların sıx hərəkət etdiyi ərazidə ictimai asayişin kobud şəkildə pozulmasına yönəlmiş qanunsuz hərəkətlər edərək polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib. Sözsüz ki, onların bu hərəkətlərinin qarşısı vaxtında alınıb və asayişi pozan 6 gənc polis idarəsinə gətirilərək barələrində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məndə olan məlumata görə, məhkəmə həmin şəxslərin ikisini 15, digər ikisini 10 sutka inzibati həbslə, digər iki şəxsi isə pul cəriməsi ilə cəzalandırıb.

Məlumdur ki, özünü Milli Şura adlandıran qurumun istər seçkidən öncə, istərsə də seçkidən sonra mitinq keçirmək üçün müraciətlərinə hakimiyyət orqanları tərəfindən müsbət cavab verilib. Görünür, razılaşdırılmış aksiya bunların ürəyincə deyil. Çox güman ki, bunlar "hakimiyyət mitinq keçirməyə imkan vermir" - deyərək, paytaxtda qəsdən asayişin və vətəndaşlarımızın təhlükəsizliyinin pozulmasına rəvac verən hərəkətlər törətmək, bununla da polisi təxribata çəkərək, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirmək və özlərinin guya "zorakılığa məruz qalan demokratlar" olmaları barədə rəy yaratmağa cəhd göstərirlər.

Belə davam edərsə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini də nəzərə alan DİN ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı təmin edilməsi məqsədi ilə BŞİH qarşısında vəsatət qaldıra bilər ki, bundan sonra onların mitinq, yürüş keçirmək barədə müraciətləri ilə razılaşmasın. Bir daha bildirirəm ki, belə vəsatət yalnız ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edərdi".

Qeyd edək ki, oktyabrın 12-də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin bir hissəsini təmsil edən Milli Şura seçkilərin nəticələrinə etiraz məqsədilə  BŞİH ilə razılaşdırılmış mitinq təşkil edilib. Mitinqdən sonra bir qrup gənc polis idarəsinə aparılıb. Baş verən hadisə ilə bağlı Milli Şura bəyanat yayıb.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->