Direktor müavinlərinin işə qəbuluyla bağlı edilən dəyişikliyə əsasən, onların işə qəbulu iki formada həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.
Onun sözlərinə görə, birinci formaya əsasən, hazırda ümumi təhsil müəssisələrində işləyən müəllimlər vəzifədə yüksəliş yoluyla direktor müavini olmalıdır. Azı 3 il müəllim işləyən, pedaqoji istiqamət üzrə ali təhsil alan və müəllim kimi fəaliyyət göstərən şəxs direktor müavini seçilə bilər:
"Yəni direktor müavinləri yalnız işləyən müəllimlərdən seçilir. Müəllim işləmiş, sonradan başqa işə keçmiş şəxslərin direktor müavini götürülməsi nəzərdə tutulmur. Bu da sosial lift effekti yaradır. İnsanların vəzifədə yüksəlməsi üçün əlavə imkan deməkdir. Dəyişiklik neçə illərdir işləyən və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının qarşısını alacaq”.
M.Camalzadə bildirib ki, direktor müavini seçməyin ikinci yolu isə müsabiqə yoludur. Təhsil Nazirliyinin razılığı əsasında yerli təhsili idarəetmə orqanları mərkəzləşdirilmiş qaydada proqram təminatından istifadə edərək müsabiqə keçirə bilərlər.
M.Camalzadə əlavə edib ki, mMövcud qaydaya əsasən, həvəsləndirmə tədbirlərindən yararlanan müəllimlər nəzərdə tutulmuş müddət ərzində iş yerini dəyişə bilməz. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq, nəzərdə tutulmuş müddət başa çatmadan da müəllimlərin yerdəyişmə üzrə müsabiqəyə qatılmasına icazə verilir. Yaşa görə həvəsləndirmə tədbiri tətbiq edilməyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb.
Şərhlər