"Azərbaycanda distant təhsil özünü 45-50 faiz civarında doğrulda bilib. Bunun nəticəsidir ki, bu il ali məktəblərə qəbul imtahanlarında çoxsaylı gənc yüksək bal toplayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ənənəvi tədrisin bərpası fonunda 1 il 6 ay davam edən distant təhsilin özünü nə dərəcədə doğruldub-doğrultmaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Ənənəvi tədrisdə keyfiyyət göstəricisi 75 faiz idisə, distant tədrisdə 45 faiz civarında olub. Heç olmamasındansa, bunun özü də yaxşı nəticədir”, deyə ekspert əlavə edib.
Kamran Əsədov bildirib ki, ənənəvi tədrisə qayıdılsa da, distant təhsili də tam olaraq unutmamalıyıq:
"2020-ci ilin martında distant təhsilə ehtiyac yarananda öncə onu tətbiq etməkdən çəkinirdik. Amma məcburiyyətdən distant təhsilə keçəndə məlum oldu ki, heç də çətin proses deyil. Baş nazirin qərarı ilə ölkədə distant təhsil ləğv edildi. Yenidən ənənəvi təhsilə keçirik. Bununla belə, düşünürəm ki, distant təhsili tam yaddan çıxarmamalıyıq. Ona görə ki, müəyyən şəxslər səhhətinə görə tədris prosesində iştirak edə bilməyəcək. Xüsusən də ali və orta ixtisas təhsili müəssisələrində az xərcli distant təhsili daxil etməliyik. Amma orta məktəblərdə, tibbi təhsildə bu olmaz. Hər halda distant təhsil zamanı tədris sistemi elektronlaşdı. Elektron resurslarımız kifayət qədər çoxaldı. Distant təhsil dövründə müəllimlərin demək olar ki, hamısı internet və kompüterdən istifadəni mənimsədi. Bu qazancımızdır”.
Ekspert düşünür ki, ali məktəbdə oxuya-oxuya işləyən şəxslər üçün distant təhsil tanınmalıdır:
"Səhhətinə görə məktəbə gələ bilməyən şagirdə də onlayn xidmət göstərilməlidir. Bir sözlə, xidmət olaraq distant təhsil ləğv edilməməli, təhsilin bütün pillələrində alternativ xidmət olaraq davam etdirilməlidir”.
Rüfət Sultan
Şərhlər