Aqşin YENİSEY
Ölkə 12:30 18.11.2022

Dodaqdan qəlbə, qəlbdən ağıla gedən uzun yol

Benjamin Franklin ABŞ-ın bünövrəsini üç anlayış üzərində inşa edirdi: Amerikasayağı yumor, fəlsəfi praqmatizm və söz azadlığı. Hər üç anlayış alt şüurla əlaqəsi olmayan şüurlu bir yaradıcılıqdır. Şüur alt şüurdan ötürülən ibtidai emosiyaları bu üç anlayışla tormozlayır.  

Şüur - Aktiv yaddaşımızı mühafizə edir, iradəmizi yaradır və gücləndirir, məlumat toplayır, yeni şeylər öyrənir, təcrübələrimizi saf-çürük edir, mühakimə edir, məntiqə əsaslanır, yumoru yaradır və anlayır, müqayisə etmək bacarığı var, keçmiş, indiki və gələcək zamanları ayırd edə bilir. 

Alt şüur - Passiv yaddaşımızdır, heç bir analiz etmək bacarığı yoxdur, spontandır, iradəmizə tabe deyil, bir neçə işə eyni anda reaksiya verir, instinktivdir, yumor hissi yoxdur, nəyin yaxşı, nəyin pis olduğunu qanmır. Tezbazardır, vərdişlərimizin xeyrini, ziyanını araşdırmadan özündə depolayır, keçmişi ağına-bozuna baxmadan, lazım oldu-olmadı xərcləməyi sevir. Gələcək haqqında heç bir fikri yoxdur, eqoistdir, cırtqozdur, gecə-gündüz çalışır, eşşəkarısı kimi "zəhmətkeş”dir, emosionaldır, məntiqdən zəhləsi gedir. Yuxu alt şüurdakı həyatdır. İnsan yatanda şüurun yerini alt şüur zəbt edir.

Elə cəmiyyət də yatanda eynisi baş verir.

Rus alimi Siolkovski öz xəyallarına ciddi şəkildə inanan entuziast "xəstələr” üzərində apardığı müşahidələrdən bu nəticəyə gəldi ki, onlar, sadəcə, xoşbəxt olacaqları "psixi bir məkan” axtarırlar və bu naməlum məkana yola düşmək üçün "yol yoldaşları” yığırlar, özlərinin ibtidai, kortəbii hipnotik ənənələri ilə bir-birilərini məntiqin "əsarətindən” xilas edirlər, real dünyadan uzaqlaşıb başqa bir dünyanın adamına çevrilirlər. Bu cür "xəstələr” bir-birilərinə qara verə-verə, real dünyanı aşağılaya-aşağılaya özlərini "bu başqa psixi dünyada” çox xoşbəxt hiss edirlər, çünki yaşadıqları real dünyanı təsəvvürlərində artıq özlərinin zibilliyinə  çeviriblər; burada hər kəs iyrəncdir, onlar isə tamamilə başqa bir psixi məkandadırlar, bu məkan gözəldir, cənnətdir, psixi cakkuzidir. 

Entuziastlərdən fərqli olaraq skeptiklər isə qəlbin hökmünə yox, ağıla, reallıq hissinə üstünlük verirlər, skeptiklərə görə, dünyada hər şeyi ağıl yaradır, qəlb isə ondan bəhrələnir. 

Entuziazm fanatizmin bir növüdür ki, şüuru inkar edir. Qəlb inanır, inanmamağı mənasızlıq sayır, ağıl isə şübhə edir, inanmaq istədiyi şeyi axtarır, hətta onu özü yaratmaq istəyir. Qəlb siçanı tutacağına ümid edən pişik kimi səbrlə pusquda yatır, ağıl isə ömrünü çürüdüb pusquda yatmaqdansa, daha qısa və asan yolla siçanı tutmağın yollarını axtarır. Qəlb ağıla kinayə ilə deyir: "Zəhmət çəkmə, sənin axtardığını mən tapmışam”. Ağıl isə ikiqat kinayə ilə cavab verir:

"Yanılırsan, sənin tapdığın mənim axtardığım deyil”.

Psixoterapevt yazıçı Vladimir Levi deyirdi ki, əlbəttə, hər iki cəbhənin olması heç də pis deyil, bəşəriyyətə həm ehtiraslı möminlər, həm də amansız "şeytan vəkilləri” lazımdır. Lakin mühərriklə əyləc arasında qarşılıqlı anlaşma yoxdursa, bəs onda necə olacaq?

Bizim cəmiyyət "qəlbçilərin” üstünlük təşkil etdiyi bir cəmiyyətdir. Toplum insanı açıq-aydın ağıllı adamları sevmir, hər addımda onları aşağılayıb çıxdaş etməyə çalışır. Hər "öldürdüyü” ağıl sahibi ilə birlikdə özünün də "öldüyünün”, yoxa çıxdığının fərqində deyil. Niyə? Çünki onun üçün real məkan deyil, "psixi məkan” daha önəmlidir.

Ümumtürk etnosu miqyasında düşünsək, o hələ "Dodaqdan qəlbə” qədər irəliləyib, qarşıda isə qəlbdən ağıla aparan uzun bir yol var.

Aqşin Yenisey