Vüsal Bağırlı
Ölkə 09:30 09.04.2019

Dostluq və kitablar haqqında...

Vüsal Bağırlı

İkimiz də proza nümunələrini, hekayə, novella və romanları sevə-sevə oxuyuruq, yəni bir növ mütaliə azarkeşiyik. "Bu qədər oxumaq olar?!” düşüncəsiylə çoxları mütaliə həvəskarına gülür, başları xarab olub deyirlər. Lakin həqiqi kitabsevərləri  bu həvəsdən döndərmək mümkün deyil. 
Dostum Ələsgərlə hündür mərtəbəli eyni şüşə binada, iş mərkəzində çalışsaq da, fərqli mərtəbələrdə otururuq. Məşğul olduğumuz iş sahələri də fərqlidir.

Fəqət, səhər işə tələsərkən də, işdən evə gələrkən də yollarımız kəsişir. Bu sanki öz-özünə baş verir. Bir də görürsən, metroya qədər, piyada yerişli iyirmi dəqiqəlik yolu ədəbiyyata dair söhbətlərlə bir göz qırpımı qədər qısaltmışıq. Ədəbiyyata, prozaya, nəsrə olan sonsuz həvəs bizi maqnit kimi bir-birinə çəkir, cəzb edir. 

Mütaliə üçün müxtəlif üsullardan, müasir texniki vasitələrdən istifadə edirik. Bəzən bunun üçün internetə baş vururuq. Çünki, bu məkanda ədəbi əsərlərin seçim imkanı geniş, tərcümələr isə nisbətən keyfiyyətlidir. Dostum əsərləri əsasən türk dilində yükləyir. Mən isə rusca oxuyuram. Oxuma tərzimiz  fərqlənir. Gözlərimi yormamaq üçün mən yazını adi A4 formatlı kağızdan, o, isə birbaşa "reader”dən  oxuyur.

Onun mütaliə tempi çox yüksəkdir. Ələsgər ay ərzində 3-4 romanı asanlıqla bitirdiyi halda, mən birini zorla bitirirəm. Mənim sürəti artırmaqla, ona çatmaqla bağlı əbəs cəhdlərim,  "rəqibimin” mütaliə bacarığına və oxu vərdişinə məğlub həsəd hissindən o tərəfə keçmir. 

Əksər əsərlər barədə fikirlərimiz üst-üstdə düşsə də, bəzən aramızda ziddiyyətlər,  təbii mübahisələr, ədəbi diskussiyalar  yaranır.

Biz kitab kolleksiyası toplayırıq və bu yarışda da mütaliə dostuma göz-görəti uduzuram. Onun ev kitabxanası təxminən minədək cildliklər, müxtəlif yazıçıların A-dan Z-ya qədər seçilmiş əsərlər toplusu ilə dopduludur. Mənim ixtiyarımda olan kitabların sayı bunlarla müqayisədə təxminən iki dəfə azdır. Lakin, həvəsdən düşmürəm, əksinə, yarışma, rəqabət istəyi məni yeni kitablar almağa, kolleksiyanı zənginləşdirməyə vadar edir.

Birlikdə tez-tez kitab almağa gedirik. Elə ki, o müqəddəs məkana, kitab mağazasına daxil olduq, bizi oradan çıxarmaq qeyri-mümkündür. Bəzən onca dəqiqə üçün gəldiyimiz kitab mağazasında, özümüzü və vaxtı unudur, saatlarla keçən zamanın fərqində olmuruq.  Bir də baxırıq ki, üç kitab almalıyıqsa beş, beş kitab almalıyıqsa yeddisini götürmüşük. 

Aşırı mütaliə, bədii ədəbiyyat həvəskarları bəzən satıcılar tərəfindən aşkar şübhəylə, səbəbsiz qıcıqla, yersiz qısqanclıqla qarşılanırlar. Onlar kitabları, yalnız mütaliə naminə, kolleksiya naminə almağımıza inanmırlar. Onlar bizi özləri kimi, bir kitab alverçisi, bazar dəllalı olaraq görür, "yəqin burdan alıb, başqa yerdə satır” düşüncəsiylə dəyərləndirirlər.

Bir dəfə dostumdan, hal-hazırda nəyi mütaliə etməsi ilə maraqlandım. Üzümə baxıb gülümsündü və kitabın adını göstərdi: "Mənim adım Zorbadır”. 
Əsərin adı qəribə səslənirdi və mən yubanmadan "googl”a baş vurdum. Axtarış məni aparıb əsərin müəllifinə, Nikos Kazandzakis adlı yunan yazıçısıya  çıxardı. O, Avropada kifayət qədər tanınmış ədib, iyirminci əsrin görkəmli ədiblərindən hesab olunsa da, nədənsə onun haqqında çox az bilirdim. 

Bu ərəfədə bəzi tərəddüdlər, şübhələr, daxili narahatlıqlar mənə əziyyət verirdi. Əsəri, bu gözəl dostluq hekayətini oxuduqdan sonra orada bir çox həyat suallarına cavab taparaq mənəvi əminlik əldə etdim. Məsələn, əsərin bir yerində əslən Makedoniyadan olan Zorba deyir:

"Dünyada çox patriotlar vardır. Mən isə qətiyyən vətənpərvər deyiləm. Bir çoxları cənnətin olduğuna inanır və öz eşşəklərini onun zəngin otlaqlarında bəsləməyə çalışırlar. Mənim eşşəyim yoxdur və mən azadam, nə cənnətə, nə də cəhənnəmə inanıram. Ağam, mən savadsızam, nitqim bərbaddır, ancaq sən məni rahatca başa düşürsən. Bir çoxları şöhrətpərəstdir, bəziləri xudbin, Zorba isə belə şeylər barədə fikirləşmir. Mən yaxşılığa sevinmirəm, uğursuzluğa da əsla üzülmürəm. Əgər bilsəydim ki, yunanlar Konstantinopolu zəbt edib, bu məlumat mənə türklərin Afinanı ələ keçirməsindən çox təsir etməzdi.

Mənimçün fərq etməz, arvadım var ya yoxdur, doğruçulam ya əclafam, paşayam ya da hambal,  hamısı eyni şeydir.  Fərq yalnız mənim ölü ya da sağ olmağımdadır. Şeytanamı uyacam, ya Allahamı sitayiş edəcəm, istənilən halda gəbərəcəm, iylənmiş cəsədə çeviriləcəm. İnsanların havasını korlayacam və onlar da məni dörd futluq çalaya basdırıb gedəcəklər”. 

Əsərin digər yerində isə müəllif romanın qəhrəmanı Zorbaya xitabən söyləyir:

"Yer kürəsində böyük dağlar mövcuddur – mən davam etdim –  orada ucadan-uca, hündür, ünyetməz yüksəkliklərdə monastır-məbədlər var. Həmin yerlərdə sarı geyimli zahid-monaxlar yaşayır. Onlar ayaqlarını qatlayıb, gözlərini yumurlar.  Onlar həftələrlə, aylarla yalnız bir ideya haqqında düşünüb dərin yuxuya gedirlər. Yalnız bir ideya, eşidirsən?! Onlar bizim kimi qadınlar və kömür yatağı, kitab və iş-güc haqqında düşünmürlər, onlar diqqətlərini yalnız o böyük ideyaya yönəldib möcüzələr yaradırlar. Möcüzələr, tilsimlər, sehrlər məhz belə yaranır. 

Zorba sən heç görmüsənmi adi zərrəbinin köməyi ilə günəş şüalarını bir nöqtəyə necə toplamaq olur? Bu zaman həmin yerdə od-alov, atəş əmələ gəlir. Bu proses İnsanın beynində də gedə bilər. Möcüzələri biz özümüz yaratmalıyıq, zehnimizi, diqqətimizi bir nöqtəyə, vahid amala, ali məqsədə yönəltməklə. Sən bunu anlayırsanmı?” 

Növbəti gün dostuma, amerikalı yazıçı Uilyam Stayronun "Sofinin seçimi” romanından, onun müharibə illərində Auşvits cəhənnəmindən sağ-salamat qurtularaq Nyu-Yorka gələn və həmin ölüm düşərgəsində etdiyi dəhşətli seçimə görə ömrünün sonunadək əzaba çəkən qəhrəmanından, polşalı qadın Sofinin faciəli taleyindən bəhs etdim.
  
Gələcəkdə oxuması üçün, lap yaxınlarda bitridiyim digər iki əsəri, Lyosanın "Palomino Moleronu kim oldürüb” və  Dmitri Qriqoroviçin "Kənd” povestlərini  də Ələsgərə nişan verdim. 

O, isə gülümsündü və mənə oxuduğu ən yaxşı əsərlərin top-siyahısını göstərdi. Oxucular üçün də maraqlı olacağını güman edib, siyahıdakı bəzi adları təqdim edirəm:  Eji Kosinski "Rənglənmiş quş”, Mo Yan "Qızıl darı tarlaları”, Conni Uillis "Qiyamət kitabı”, Donna Tartt "Qızılı çınqıl quşu”, Sadık Hidayət "Kor bayquş”, Frenk Makkort "Ancelanın külləri”, Entoni Barces "Avtomatik portağal” və Con Fante "Tozdan soruş”, Ayn Rand "Həyatın qaynağı”, Kolett "Dişi pişik”, Tom Beyker "Donuzları təkmələyən uşaq”.

Beləliklə, hamınızı bu maraqlı əsərləri oxumağa səsləyirəm. 

Yastığınız kitab olsun.