Xəbər lenti

Malış
Vüsal Bağırlı
Ölkə 09:49 23.08.2021

Malış

Vüsal Bağırlı

Səhər işə gedirdim. O, evin yanındakı kiçik marketin önündə dayanmışdı. Nəsə var-gəl edirdi. Əyilirdi, qalxırdı. Uzaqdan salamladım:
- Şəhriyar sabahın xeyir.

Yaxınlaşanda, səkini, meyvələr qoyulmuş yeşiklərin yanını ciddi-cəhdlə süpürdüyünü gördüm. Özünü işə cani-dildən elə sərf etmişdi, üzünə elə məsuliyyətli və ciddi ifadə vermişdi, iki göz lazım idi tamaşasına. Cavab gəlmədiyini görüb, artıq onun mənim səsimi eşitmədiyini düşünərkən, birdən başını qaldırıb təəccüblə üzümə baxdı.

- Çox sağ olun, qonşu, buralarda yalnız sizsiniz məni adımla çağıran. Başqa heç kəs.

O, mənə əsasən üç formada müraciət edir. Səhər "qonşu” oluram, günorta "yerli”, axşam isə "məllim”.

Bir-birimizə baxıb gülümsədik. O, başını aşağı salıb işinə, mən isə yoluma davam etdim.

Axşam işdən qayıdarkən yolüstü yenə dükana döndüm. Məhləiçi kiçik market. Bu gün buradan yay baharatları, yemiş, qarpız, qarğıdalı almalıydım.
Mənimlə bərabər bir uşaq da dükana girdi. Mənimlə bərabər deyəndə, uşaq bir az  tələsdi, məndə sanki azacıq ləng tərpəndim, qapının girişində qarşılaşdıq, üz-üzə gəldik, az qaldıq toqquşaq. Amma, uşaq fəndgirliklə əyilib ayaqlarımın arasından xəlvəti tərzdə içəri sivişdi və məni qabaqladı.
İçəri girər-girməz cəld piştaxtaya yaxınlaşdı, qızarıb pörtmüş boynunun, toppuş yanaqlarının tərini sildi və zolaqlı şortikinin gen cibindən çıxardığı gümüşü əlli qəpikliyi ərklə masanın üstünə diyirlədi.

- Ə Malış tez elə "marojna” ver. Plombir. Özü də çiyələklisindən.

Şəhriyar mənə baxdı, mənalı tərzdə qımışdı.

Uşağa bax e, çeçələ barmağım boydadı, adama tırış gəlir, qəpik-quruşa "importnu” dondurma istəyir, həm də mən boyda kişiyə "malış” deyir. 
Sonra da, başını bulayıb əlavə etdi, "Bu zamana uşaqlarında böyüyə-kiçiyə hörmət qalmayıb e qonşu!?”.

Şəhriyarın haradasa, aşağı-yuxarı otuz yaşı var. Bəlkə də hələ daha çoxdur. Dəqiqini, təfərrüatını anası, atası, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi bilər. Di gəl, məhəllədə uşaq da, böyük də, cavan da, yaşlı da hamı onu belə çağırır.
"Malış".

"Malış bura gəl", "Malış ora qaç", "Malış onu götür, bunu qoy" və sair. Hamı onu buyurur, hamı ona əmr edir. O, da heç kəsə etiraz etmir, göstərişləri, tapşırıqları üzüyola, farağat yerinə yetirir. Hamıya kömək etməyə, hər kəsin hansısa işinə yararlı olmağa çalışır.
"Malış".

Bu müraciət forması onun üçün hər şeydir, boyuna-buxununa biçilmiş addır, təxəllüsdür, ləqəbdir, ayamadır.
Bir dəfə, əsl adını soruşdum (onda hələ bilmirdim), bir qədər duruxdu, bir az fikrə getdi, azacıq düşündü, azacıq daşındı, nəhayət başının dalını qaşıya-qaşıya tərəddüdlə qayıtdı ki, Şəhriyaram.

- Dostum sənin nə qəşəng adın var imiş – söylədim və əlimi ona uzatdım – Tanışlığımıza şad oldum Şəhriyar bəy…

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->