Xəbər lenti

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul etdi (FOTO)
Foto 11:29 05.11.2025

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul etdi (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Qaynarinfo xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğuladı.

Görüşə görə nümayəndə heyətinin adından Azərbaycan Prezidentinə təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirdi, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu dedi.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->