Vüsal Bağırlı
Ölkə 17:00 28.04.2021

Görək, axırı nə olacaq?!

Vüsal Bağırlı

Bəzən nə edirəm, boşuna gedir. Ya da, daha pis, tərsə-mayallaq alınır. Bir iş görmək niyyətiylə nəyə toxunuramsa, aləm qarışır bir-birinə. Hər şey uçur, qopur, dağılır.

Ruslarda bu tip adamları dəqiq ifadə edən bir söz də var: "неуклюжий çelovek”. Bax, mən belələrindənəm.

İşdə boş çayniki sütunun üzərinə qoydum. Çaynik sükunətə qərq olub, səbrlə məni gözləyirdi ki, içinə quru çay atım və qoyum ahəstə dəmə. Şkafdan üzərinə "Beta Tea” yazılmış qara qutunu götürdüm və indi "gör qaqan nağayrajax” ədasıyla oradan çaynikə iki çimdik çay əlavə etdim. Üzərinə qaynar su almaq niyyətiylə əyilib çaydanı götürməyə hazırlaşdığım an, azacıq ehtiyatsız davrandım. 

Dirsəyim yüngülcə çaynikə toxundu və zəncirvari reaksiya prosesi, "domino effekti” baş verdi. Çaynik sürüşüb, müvazinətini itirdi və kəhkəşanda veyillənən meteorit qırığı kimi boşluğa yuvarlandı. Hansısa bir reaksiya göstərməyə vaxtım, macalım qalmamışdı.  Bryus Li sayaq cəldlik göstərərək onu havadaca tutmağa imkan tapmadım. Saniyənin yüzdə biri qədər vaxt müddətində, zavallı çaynik gumbultuyla lüləyi üstündə döşəməyə çırpıldı. Elə səs-küy qopdu ki, elə bil otağa mərmi düşmüşdü.

Çaynik sındı, dağıldı. Şüşə qırıntıları qəlpə effekti ilə ətrafa səpələndilər. Otaqda 4-5 metrik radius boyunca hər tərəf şüşə qırıntısı ilə doldu. 

Xıncım-xıncım olmuş şüşə qırıntılarının üzəriylə xarta-xurtla hərəkət edən zaman düşündüm ki, əlamətlərə inanan yaşlı insanlar qab-qacağın sınmasını xeyirliyə yozublar həmişə. Bu simvol olaraq, rifah, salamatçılıq və əmin-amanlıq mənasını verib. İndi oturub gözləyirəm.

Görək axırı olacaq...!?