Yazıçı Mövlud Mövludun xatirəsinə
Miopiyadan əziyyət çəkən gözlərimə əziyyət olmasın deyə, gündəlik yazı və məqalələri adətən kompüter monitorunda deyil, printerlə vərəqə çıxardaraq oxuyuram.
Mövlud Mövludun anasına xitabən yazdığı "Mənə görə utanırsan, bilirəm” hekayəsini bir dəfə "copy-past” edib evə aparmışdım. Anam Mövludun istedadlı qələmindən çıxan həssas yazını oxuyub çox təsirlənmiş, kövrəlmişdi.
2017-ci ilin həmin o məşum mart günündə, xəbər lentindəki hərflərə dikilən gözlərim, orada yazılan cümlələri beyinə ötürə bilmirdi.
"Tanınmış yazışı Mövlüd Mövlud özünü binadan ataraq həlak olmuşdur”.
Xəbər məni ildırım kimi vurmuşdu.
Gənc, hədsiz istedad, təxəyyül, ədəbi savad sahibi, hər yazısını, hekayə və məqalələrini acgözlüklə oxuduğum, gözümə təpdiyim gənc oğlan artıq dünyada yoxdur.
Nəyə görə?!?
Axı həyat bizi niyə bu cür ağır, barışılası, qəbul edilməsi mümkünsüz hadisələrlə üz-üzə qoyur!?
Həmin gün xəbər saytlarında gənc yazarın üzücü intihar xəbəri ilə yanaşı, başqa bir özünüqəsd cəhdindən də danışılırdı: "Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb. Vəziyyəti stabildir”.
Öz-özümə dedim ki, kaş Mövludun da özünü atdığı binanın həyətində belə bir ağac bitəydi, kaş bu istedad saçan gənc bu cür xilas olaraq, ağacın budaqları arasında sağ qala biləydi....
Deyirlər, insanlar hansı vəziyyətdə həyatı tərk edirlərsə, o cür də xatırlanırlar. Yəni, uşaqlıq, gənclik, orta yaş dövrlərini arxada qoyub, uzun həyat yolu keçərək dünyasını dəyişmiş insanlar yaddaşlarda son görüntüləri ilə qalırlar- qoca, xəstə, ahıl vəziyyətdə. Mövlud da xatirələrə həmişə, bizə fotoşəkillərdən baxan səmimi təbəssümü, üzügülər gənc siması ilə həkk olunacaqdır....
Vüsal Bağırlı
Şərhlər