"5 Xəzərsahilli ölkənin hər biri bu layihədə iştirak etməlidir. Həmin ölkələrin hər biri bu layihəyə öz töhfəsini verməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Xəzər dənizinin qorunması üçün böyük ekoloji layihənin məqsədlərindən danışarkən deyib.
Onun sözlərinə görə, əgər bu ölkələrdən biri layihədə passiv olarsa, Xəzərin ümumi təmizlənməsinin qarşısının alınmasında problem yaranacaq:
"Bütün ölkələr layihəyə öz dəstəyini verməlidir. Məsələn, nərəkimilər dünyada yalnız Xəzər dənizindədir, onlar qeyri-adi canlılardır. Sahilyanı ölkələrin hər birinə kvota qoymuşdular ki, il ərzində bu qədər balıq buraxılmalıdır. Plandan az olmamalıdır. Gərək bu ölkələr öz üzərlərinə düşən öhdəliyi yerinə yetirsinlər".
Xosrov Musayev İranda vəziyyət gərgin olduğunu və hadisələrin axırının necə olacağının məlum olmadığını xatırladıb:
"Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan ilk növbədə Xəzərin çirklənməsinin qarşısını almalıdır. Dənizdəki bütün canlıların təmiz su ehtiyacı var. Su çirkli olduqda balıqların çoxalması problem yaradır. Bununla yanaşı, həm də biomüxtəlifliyin qorunması məsələsi də var. Xəzərdə yaşayan canlıların hamısı nadirdir, dünyanın heç bir yerində bu heyvanlardan yoxdur. Onlar qorunmasa, zamanla nəsili kəsilib yoxa çıxacaq. Bu o deməkdir ki, təbiətdə olan hər bir bioloji varlıq təkrarolunmazdır, məhv olunduqda bərpa olunmur".
Ekspert vurğulayıb ki, suda yaşayan heyvanlar bütün ölkələr tərəfindən mühafizə olunmalıdır:
"Suyun çirklənməsinin qarşısı alınıb, minumuma endirilməlidir. Biomüxtəlifliyi qorumaq üçün mühiti yaxşılaşdırmaq şərtdir. Mühit pis olsa, heyvanların hamısı məhv olacaq. Bu da qlobal məsələdir. Xəzər dənizinin ekoloji problemi təkcə sahil ölkələrinin deyil, eyni zamanda region, ekosistem üçün təhlükəlidir. Bu düzəlməsə, gələcəkdə başqa sahələrə də təsir edəcək. Təbiətdə hər şey bir-birinə bağlıdır".
Xosrov Musayev bu layihənin həllinin böyük maliyyə vəsaitindən keçdiyini əlavə edib:
"Yüksək səviyyəli mütəxəssislər ayrılmalıdır, işçi qurupu yaradılmalıdır. Bu, Xəzərin qorunması üçün atılan ilk addımlardan olacaq. Xəzərə biz dəniz deyirik. Əslində bu göldür və heç bir yerə çıxışı yoxdur. Bu layihəni alqışlamaq lazımdır".
Qeyd edək ki, Xəzər dənizinin qorunması üçün böyük ekoloji layihə təsdiqlənmək üzrədir. Dünya Bankı "Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı iri ekoloji təşəbbüsün maliyyələşdirilməsinin təsdiqi üçün yeni tarix də açıqlayıb.
Layihə Azərbaycan və Mərkəzi Asiyanın iki ölkəsinin iştirakı ilə həyata keçirilir və Xəzər dənizində çirklənməyə qarşı mübarizə, eləcə də biomüxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. Dünya Bankı maliyyə paketini 2026-cı il 8 aprel tarixində təsdiqləməyi planlaşdırır, halbuki qərarın 1 aprelə qədər verilməsi gözlənilirdi.
Qlobal Ekoloji Fond (GEF) icraedici qurumlar kimi Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) 11 743 120 ABŞ dolları məbləğində qrant ayırır. Bu vəsait Azərbaycan, Qazaxıstan və Türkmənistanda layihənin həyata keçirilməsinə yönəldiləcək. Dünya Bankı 8 243 120 ABŞ dolları məbləğində layihəni Direktorlar Şurasının təsdiqinə təqdim edəcək, icraedici qurum isə BMT-nin Layihə Xidmətləri İdarəsi (UNOPS) olacaq. Bundan əlavə, UNOPS-a ətraf mühit və sosial standartlar (ESF) üzrə alətlərin hazırlanması, eləcə də iştirakçı üç ölkə ilə əməkdaşlıq üçün 183 489 ABŞ dolları məbləğində hazırlıq qrantı (PPG) ayrılacaq.
Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması tədbirlərinin gücləndirilməsində dəstək verməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması hesabına həyata keçiriləcək. Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollar üzrə öhdəliklərinin icrasını tamamlayır.
Layihə üç komponentdən ibarətdir:
* Çirklənmənin idarə olunmasının gücləndirilməsi — 3 900 000 ABŞ dolları
* Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi — 3 900 000 ABŞ dolları
* Layihənin idarə olunması — 443 120 ABŞ dolları
Bahar Rüstəmli
Şərhlər