Xəbər lenti

Müharibənin əyri caynaqları
Vüsal Bağırlı
Ölkə 12:11 01.03.2022

Müharibənin əyri caynaqları

Vüsal Bağırlı


"Müharibə insanların savaşıdır, sülh ideyaların”

(Vikto Hüqo, yazıçı)


Televizora baxıram. Ekranda dağılmış binalar, uçuq hasarlar, sağ böyrü tüstüləyən, luləsi əyilmiş, saya oturmuş tank fonunda, hərbi formalı bir dəstə adam göstərilir.


Yağış elə indicə kəsib. Budaqlardan su damır. Əmcəyi sallaq, xəstə it küçə ilə axsaya-axsaya üzüaşağı gedir. Kamera görüntüləri yaxına çəkir. Dondurmaya bənzəyən mikrofon irəli uzanır. Diktor şərh verir.


Məlum olur ki, rusiyalı əsgərlər ukraynalılar tərəfindən əsir götürülüb. Əsir əsgərlərin bığ yeri yenicə tərləyib, simalarından uşaqlıq cizgiləri hələ çəkilməyib. Gəncdirlər, sütüldürlər. Hətta üzlərində tük də bitmir.
Bu amansız məkanda, ölüm-dirim meydanıda çiy və təzadlı təsir bağışlayırlar. Gözlərində dərin qorxu, ümidsizlik, yorğunluq. Rəngləri solğun, üzgün. Görünüşləri miskin. Paltarları didilmiş və cırıq. Libaslarinda, bədənin açıq yerlərində çapıqlar, qan ləkələri nəzərə çarpır.


Üzü görünməyən yoğun zabit səsi soruşur:


- Bura niyə gəldiniz?


Tərəddüdlə bir-birlərinə baxırlar, yırğalanırlar. Dala-qabağa gedirlər. Susurlar.


Sual bir də təkrar olunur. Bu dəfə hökmlə, təcili cavab tələbiylə.


Xorla "peşman olmuşuq" deyirlər.


- Kiminiz, nəyiniz var?


Cavab bu dəfə ləngimir.


Ataları, anaları var. Qohum-əqrəbalar, dost-tanışlar həmçinin. Bəzisi nişanlıdır, bəzisində heç o da yoxdur.
Zabit başını bulayır. Açıq aydın onların halına acıyır. Biçarələrin heç sevgililəri də yox imiş ki?!


Zabit yenə suallarına davam edir:


- Düşmən kimi gəldiniz, çağırılmadan gəldiniz, bizi öldürməyə gəldiniz. Nə üçün? Neyləmişdik axı sizə? Özünüz deyin, indi sizinlə nə edək?


Diz üstə çökürlər. Yalvarırlar. Xorla cavab verirlər:


- Əvf edin. Bizlik heç nə yoxdur. Əmrə tabeyik. Silahımızı verin, siz tərəfdən döyüşək.


- Peşmansınız?


Sanki bu sualda xilasa ümid işartıları, nicat qığılcımı hiss edirlər.


Yenə xorla danışırlar:


- Çox pesmanıq. Utanırıq. Xəcalət çəkirik. Tanrı naminə, bağışlayın bizi. Öldürməyin. Əvf edin.


Onların çoxu yad, uzaq ölkədə ölmək istəmir. Nəyin naminə döyüşdüklərini, niyə vuruşduqlarını anlamırlar. Ələ düşən ilk imkanda silahı yerə qoyurlar və sevinə-sevinə, könüllü əsir düşürlər. Gənc, enerjili beyinlərdə nə qədər həyat eşqi, ümidlər, arzular, xəyallar var. Amma müharibə hər şeyi məhvə sürükləyir.


***


Şair Lev Oşaninin sözlərinə şair Arkadi Ostrovskinin bəstələdiyi belə bir nəğmə var "Пусть всегда будет солнце”.


Rus mahnısı müxtəlif illərdə Helisinkidə keçirilən gənclərin və tələbələrin ümumdünya festifalının (1962) və Sopota beynəlxalq nəğmə festifalının (1963) qalibi olub.


Mən uşaq vaxtı bağçaya gedəndə, tərbiyəçi Sədaqət xala bu optimist notlu nəğməni bizə öz dilimizdə oxutdurardı.


Qoy həmişə Günəş olsun,
Qoy həmişə Səma olsun,
Qoy həmişə Ana olsun,
Qoy həmişə Mən olum,
Qoy həmişə Sülh olsun!


Mən yan-yana düzülmüş uşaqların tən ortasında dayanıb hədsiz bərələ gözlərini bizə zilləyən Sədaqət müəllimdən qorxurdum, amma nəğməni çox sevirdim və xorla, dəfələrlə oxumaqdan doymurdum.


Sonra böyüdüm, yaşa doldum və acı həqiqəti bütün çılpaqlığı ilə anladım. Çiy süd əmmiş bəni-adəm övladı sülhü, barışığı yalnız sözdə istəyir. Dərslikdə, şüarda, mahnıda şeirdə istəyir. Ədəbiyyatda, musiqidə və kinofilmdə xoşlayır.


Həqiqətdə isə...


***


Tarixin min illərdən süzülən gərdişindən üzü bəri bəşəriyyətin yalnız müharibələr, qırğınlarla təskinlik tapdığını, daim qan tökdüyünü, ölüb- öldürdüyünü görürük.


Müharibə nədir?


İnsan kütləsini doğranmış qanlı, qırmızı tikələr kimi öz çarxından keçirən nəhəng ətçəkən maşın, resursların, ərazilərin, sərvətlərin azğıncasına bölünmə və istismar atributu, yoxsa bəşəriyyətin ətalətə, durğunluğa düşdüyü anlarda, ona misilsiz inkişaf sürəti verən gizli təkan?


Çoxbaşlı əjdahanı xatırladan suala qəti və birmənalı cavab vermək mümkün deyil. 

 

Amma müharibə həm də zülmətdir, dağıntıdır, iztirab və aclıqdır. Bəşəriyyət şüurlu yaranışından üzü bəri, insan övladı sülhdən daha çox müharibəyə, barışıqdan daha çox savaşa, qırğına can atıb.


Müharibə öz əyri caynaqlarıyla insanları qəfildən haqlayır, küncə sıxışdırır, həyatın dibinə soxur. İti dişini boğazına ilişdirib, hədsiz hərisliklə qanını sorur. Sağ qalanların daxilinə nüfuz edir, beynində, düşüncəsində çapıqlar, sağalmaz yaralar buraxir, insanı dəyişdirir, qəddar, laqeyd, vecsiz məxluqa çevirir.

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->