Xəbər lenti

Gecə yarısı oyaq qalmaq psixoloji riskləri artırır (XƏBƏRDARLIQ)
Sağlamlıq 23:55 21.10.2025

Gecə yarısı oyaq qalmaq psixoloji riskləri artırır (XƏBƏRDARLIQ)

İnsan beyni gecə yarısından sonra fərqli şəkildə işləməyə başlayır və bu hal insanı mənfi düşüncələrə, riskli impuls və təhlükəli fikirlərə daha açıq vəziyyətə gətirir.

Tədqiqatçılar bununla bağlı güclü sübutlara diqqət çəkərək, gecə yarısından sonra oyaq qalmağın riskli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Qaynarinfo xəbər verir ki, "Frontiers in Network Psychology" jurnalında dərc edilən "Gecə Yarısından Sonra Zəka” (Mind After Midnight) adlı elmi hipotezə görə, insan orqanizmi və beyni duyğuları və davranışları dərindən təsir edən 24 saatlıq bir dövr (sirkadiyen ritm) üzrə işləyir.

Alimlər qeyd edirlər ki, gecə yarısından sonra beyin bu təbii bioloji ritm dəyişiklikləri ilə birlikdə mənfi düşüncələrə və riskli davranışlara daha meylli olur.

Mənfi duyğular artır, özünü idarəetmə azalır

"Science Alert" portalının məlumatına görə, tədqiqatçılar müşahidə ediblər ki, gecə yarısından sonra insanlar mənfi hisslərə daha çox fokuslanır, təhlükəli fikirləri daha cəlbedici hesab edir və özünü idarəetmə bacarığı azalır.

Bu davranış dəyişikliklərinin yuxunu, əhvalı və idrak funksiyalarını tənzimləyən daxili bioloji saatlaŞ yəni sirkadiyen ritmlə birbaşa bağlı olduğu vurğulanır.

Araşdırmanın müəlliflərindən biri, Harvard Universitetinin nevroloqu Elizabet Klerman "Science Alert2ə verdiyi açıqlamada mövzunun əhəmiyyətini belə izah edib:

"Gecə yarısı oyaq olan milyonlarla insan var və beyinlərinin gündüz saatlarındakı kimi işləmədiyinə dair kifayət qədər sübut var.  Həm onların sağlamlığı və təhlükəsizliyi, həm də başqalarının təhlükəsizliyi bundan təsirlənir. Buna görə də bu sahədə daha çox araşdırma aparılmalıdır.”
 
Reallıq qavrayışını poza bilir

Alimlər xatırladırlar ki, insanlar təkamül baxımından gündüz yaşayan varlıqlardır.

İnsan növü ovçuluq və yığıcılıq kimi fəaliyyətlər üçün gündüz saatlarına uyğunlaşıb; gecə isə tarix boyu təhlükə ilə əlaqələndirilib.

Bu səbəbdən insan beyni qaranlıqda sağ qalmaq üçün mümkün təhdidlərə qarşı daha ayıq şəkildə inkişaf edib.

Ancaq müasir dünyada bu yüksək həssaslıq, reallıq qavrayışını poza bilir və yuxusuz qalındıqda mənfi emosiyaları, impulsiv və riskli davranışları artırır.

Hipotez bu vəziyyəti "dəyişmiş mükafat-motivasiya sistemi” kimi təsvir edir.

Buna görə də beyin mənfi siqnallara daha güclü reaksiya verir, lakin rasional nəzarət zəifləyir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu vəziyyətə yuxusuzluq da əlavə olunduqda, qərarvermə və emosional sabitlik ciddi şəkildə pozula bilər.

İntihar və asılılıq riski artır

Alimlər bu təsirləri iki real nümunə ilə izah edirlər:
Birinci halda, gündüz saatlarında narkotikdən uzaq durmağı bacaran bir asılı şəxs, gecə yarısı gəldikdə bu istəyə məğlub olur.
İkinci nümunədə isə yuxusuzluq çəkən bir tələbə tədricən artan tənhalıq və ümidsizlik hissi ilə intihar fikirlərinə sürüklənir.

Araşdırmalar göstərir ki, gecə yarısı ilə səhər saat 6:00 arasında intihar riski günün digər saatlarına nisbətən təxminən üç dəfə yüksəkdir.

2020-ci ildə aparılmış bir tədqiqat bunu "sirkadiyen ritmin pozulması” ilə əlaqələndirərək, gecə oyaqlığını intihar üçün risk faktoru kimi təsnif edib.

Hipotezin müəllifləri yazırlar:

"Gündüz ağla gəlməyəcək bir intihar fikri, gecə təkliyin və ağrının içində qaçış yolu kimi görünür; insan nəticələrini düşünmədən hərəkətə keçməyə hazır olur və çox vaxt onu dayandıra biləcək heç kim o anda oyaq olmur.”

Bununla yanaşı, gecə saatlarında narkotik maddə istifadəsinin də artdığı qeyd olunur.

2020-ci ildə Braziliyadakı bir nəzarətli narkotik istehlakı mərkəzində aparılan araşdırma göstərib ki, gecə saatlarında opioid dozasından ölüm halları 4,7 dəfə çoxalıb.

Gecə növbəsində çalışanlar üçün xüsusi araşdırma çağırışı

Alimlər bildirirlər ki, bu davranışlar yalnız qaranlıq və ya yuxusuzluqla izah edilə bilməz, gecənin özünəməxsus neyroloji dəyişiklikləri də mühüm rol oynayır.

Bu səbəbdən tədqiqatçılar xüsusilə pilotlar, tibb işçiləri və digər gecə növbəsində çalışan şəxslər üzərində, yuxu çatışmazlığı və bioloji vaxtlamanın qərarvermə və motivasiya proseslərinə təsirinin daha dərindən öyrənilməsini vacib sayırlar.

Eyni zamanda alimlər etiraf edirlər ki, insan beyninin gec saatlarda necə işlədiyi hələ də tam şəkildə məlum deyil.

Klerman və komandası belə nəticəyə gəlib ki, günün təxminən dörddəbirini — istər yuxuda, istərsə də oyaq vəziyyətdə keçiririk, amma bu müddətdə insan zehninin necə işlədiyi hələ də sirr olaraq qalır.
 
Günay
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->