II Dünya müharibəsinin başlanmasına cəmi bir neçə həftə qalmış Almaniyanın cənubunda, Hohlenştayn-Ştadel mağarasında torpağın altında gizli qalmış fil sümüyü parçaları üzə çıxarılmışdı. Bir mamonta aid olduğu müəyyən edilən bu xırda hissələr yaxınlıqdakı Ulm muzeyinə aparılmış və illərlə orada səssizcə saxlanılmışdı. Müharibənin şiddəti artdıqca qazıntı işləri dayandırılıb, Ulm şəhəri ağır bombardmanlara məruz qalıb, lakin bu qədim tapıntılar möcüzəvi şəkildə muzeyin anbarında qorunub saxlanılıb.
Qaynarinfo xəbər verir ki, uzun illər sonra, 1969-cu ildə arxeoloq Yoahim Han bu parçaları yenidən araşdırmaq qərarına gəlib. Han sanki bir pazlın hissələrini birləşdirirmiş kimi təxminən 200 fil sümüyü parçasını bir araya gətirmək üçün 400 saatdan çox vaxt sərf edib. 1988-ci ildə isə eyni mağarada tapılan yeni parçaların da əlavə olunması ilə olduqca təəccüblü bir fiqur ortaya çıxıb.
Nəticədə insan gövdəsinə, lakin aslanı xatırladan baş quruluşuna malik, təxminən 30 santimetr hündürlüyündə bir heykəlcik formalaşıb. Bu fiqurun həmin dövrdə Avrasiya ərazilərində yaşamış və nəsli kəsilmiş mağara aslanından ilhamlandığı düşünülür. "Aslan adam” (Lövenmenş) adı verilən bu heykəlin aparılan analizləri onun təxminən 40 min illik tarixə malik olduğunu sübut edib. Bu fakt onu insanlıq tarixində məlum olan ən qədim heykəl və fiqurativ incəsənətin ilk nümunələrindən biri kimi tanıdır.
Təsəvvür gücünün ilk qığılcımı
"Aslan adam” heykəlinin kəşfi təkcə bir sənət əsərinin tapılması deyil, həm də insanın zehni inkişafı ilə bağlı son dərəcə mühüm bir sübutdur. Buzlaşma dövrünə aid bu nadir əsər müasir insanın əcdadlarının hələ o zamanlar belə xəyal qura bildiyini, simvolik düşüncəyə sahib olduğunu və təbiətdə mövcud olmayan varlıqları zehinlərində canlandıra bildiklərini göstərir. Fantastik forma həmin dövr cəmiyyətlərində mifologiya, şamanist rituallar və mürəkkəb inanc sistemlərinə dair ilkin təməllərin çoxdan formalaşdığını göstərən göstərici kimi qiymətləndirilir. Təxminən 40 min il əvvəl bu cür sənət inqilabını nəyin tetiklədiği dəqiq bilinməsə də, mütəxəssislər cəmiyyətlərin mürəkkəbləşməsi ilə ortaq vizual mədəniyyət vasitəsilə bağ qurmaq ehtiyacının yarandığını düşünürlər.
Lakin "Aslan adam”ın sirri bununla bitmir. Heykəlin kimə aid olduğu və ya nəyi təmsil etdiyi ilə bağlı elmi mübahisələr bu gün də davam edir. Bəzi iddialara görə, həmin dövrdə mövcud olan anaerkil ictimai quruluşa əsaslanaraq fiqurun əslində qadını simvolizə etdiyi irəli sürülür. Digər arxeoloqlar isə heykəlin insan-aslan qarışığı olmadığını, dik duran arıq bir ayını təsvir etdiyini iddia edərək həm tarixləndirilməni, həm də bərpa prosesini sual altına alırlar.
Maraqlı məqam ondan ibarətdir ki, oxşar aslan fiqurları Avropanın digər mağaralarında da aşkar edilib. Bu isə qədim sənətkarların bir-birindən asılı olmadan eyni arxetiplərə çatdıqları, yoxsa minlərlə il əvvəl belə ideyaların paylaşıldığı geniş bir mədəni şəbəkənin mövcud olduğu sualını gündəmə gətirir.
Aydın
Şərhlər