Xəbər lenti

Su  çiçəyinə yoluxma artıb - Daha çox kimlər yoluxur?
Sağlamlıq 16:48 19.01.2026

Su çiçəyinə yoluxma artıb - Daha çox kimlər yoluxur?

Azərbaycanda ötən ilin 11 ayı ərzində su çiçəyinə yoluxma halları artıb. 

Rəsmi statistik məlumatlarda qeyd olunur ki, hələ ötən ilin ilk 5 ayında ölkədə 17 595 yoluxma halı qeydə alınmışdı.

Bəs su çiçəyinin əlamətləri nədir? Bu xəstəliyə yoluxma baş verərsə, müalicəsi necə aparılmalıdır?

Qaynarinfo xəbər verir ki, dünyada hər il təxminən 140 milyon nəfər su çiçəyi xəstəliyinə yoluxur. Bu yoluxanların arasında təxminən 4,2 milyon ağırlaşma halı qeydə alınır.

Bunlardan da təxminən 4 200-ü ölümlə nəticələnir.

Su çiçəyi əsasən uşaqlar arasında geniş yayılan, lakin böyüklərdə daha ağır keçə bilən yoluxucu virus xəstəliyidir. Xəstəliyin törədicisi Varicella-zoster virusudur.
Mütəxəssislərin məlumatına görə, su çiçəyi hava-damcı yolu ilə, eləcə də xəstənin dərisində yaranan qabarcıqların mayesi ilə birbaşa təmas nəticəsində yayılır. Xəstə səpkilər əmələ gəlməzdən 1–2 gün əvvəl yoluxdurucu olur və bu vəziyyət qabarcıqlar tam quruyana qədər davam edir.

Xəstəlik adətən 10–21 günlük gizli dövrdən sonra özünü büruzə verir. Əsas əlamətlərə bədən temperaturunun yüksəlməsi, halsızlıq, baş ağrısı, dəridə qırmızı ləkələr və sonradan içi maye ilə dolu qabarcıqların yaranması daxildir. Səpkilər daha çox üz, baş dərisi və bədənin müxtəlif nahiyələrində müşahidə olunur və güclü qaşınma ilə müşayiət edilir.

Həkimlərin sözlərinə görə, su çiçəyi üçün xüsusi müalicə üsulu mövcud deyil. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir. Qızdırma zamanı parasetamol tərkibli preparatlardan istifadə edilir, aspirindən istifadə isə tövsiyə olunmur. Qaşınmanın qarşısını almaq üçün antihistamin dərmanlar və gigiyenik qulluq məsləhət görülür.

Mütəxəssislər hamilə qadınların, immun sistemi zəif olan şəxslərin və böyüklərin risk qrupuna daxil olduğunu qeyd edirlər. Bu şəxslərdə xəstəlik daha ağır fəsadlara səbəb ola bilər. Bundan başqa, bəzi hallarda yenidən yoluxma halları da nadirən olsa da qeydə alına bilər.

Həkimlər bildirir ki, su çiçəyindən qorunmanın ən effektiv yolu peyvənddir. Peyvəndləmə həm xəstəliyin qarşısını almağa, həm də yoluxma halında onun yüngül keçməsinə kömək edir.
 
Aydın

--> -->