Elman Eldaroğlu

Blogger
Yazılar
44
Doğum gününüz mübarək, Ramiz Novruz!

Doğum gününüz mübarək, Ramiz Novruz!

Elman Eldaroğlu
 
Azərbaycan kinosunun tarixində XX əsr intibah dövrü kimi yadda qalıb. Həmin dövrdə elə filmlər ərsəyə gətirilib ki, qərb ögey münasibət göstərməsəydi, yəqin ki, "Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hüseynağa Turabov, Yaşar Nuri kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır. 

Kim deyir ki, Azərbaycanda əsl aktyor qıtlığı yaranıb, heç də elə deyil. Hacı İsmayılovun oynadığı "Mustafa” obrazı, Rasim Balayevin "Nəsimi”si, Nurəddin Mehdixanlının "Cavad xan”ı məgər dünya standartlarına uyğun deyilmi?..

Bu gün mən sizə Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan, istedadı ilə insanların rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. Onun şəxsi keyfiyyətlərindən, siyasi düşüncələrindən xəbərsizəm, amma bir sənətkar kimi yaratdıqlarına söz ola bilməz. Son zamanlar çəkildiyi teleserialda da ifa etdiyi obrazı tamaşaçılara sevdirə bilib. Yeri gəlmişkən, Ramiz Novruz 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlib. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildən isə Azərbaycan Akademik Milli Dram Teatrında çalışır. Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alır…

Onun "Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı obraz isə bir başqa aləmdir. İkinci cahan müharibəsində qəhrəmancasına döyüşüb, həlak olan general Həzi Aslanovu biz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bu sevgidən ona da pay düşdü. İnsanların ürəyində yuva qurmağı bacardı. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov ilk yada düşür...

Mayın 25-i xalq artistinin doğum günüdür. Onu uzaq Amerika qitəsindən, dəfələrlə "Oskar” mükafatına layiq görülən Leonardo Di Kaprionun vətənindən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
64 yaşınız mübarək, Ramiz Novruz!


OXŞAR XƏBƏRLƏR