Dünya bazarında buğda kəskin ucuzlaşdı

Dünya bazarında buğda kəskin ucuzlaşdı

Dünya bazarında buğdanın qiymətində ciddi ucuzlaşma baş verib.

Musavat.com "Bloomberg”ə istinadən xəbər verir ki, noyabrın 30-da Çikaqo xammal birjasında (Chicago Mercantile Exchange, CME) buğdanın fyuçerslərinin qiyməti 3,3 faiz ucuzlaşaraq son 8 həftədə ən aşağı həddə düşüb. Buna qədər buğdanın qiyməti 13 ildə ən uzunmüddətli olan 5 aylıq artım nümayiş etdirirdi.

Əsas ərzaq məhsulunun ucuzlaşmasının səbəbi Avstraliya və Rusiyada gözlənildiyindən xeyli çox məhsul əldə olunmasıdır. Belə ki, Avstraliya iki gün əvvəl açıqlayıb ki, bu il buğda istehsalı proqnozdan 8 faiz yüksək olmaqla 31,2 milyon ton təşkil edib.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi isə bir neçə gün əvvəl taxıl ixracına 2021-ci ilin fevral-iyun aylarında tətbiq olunacaq kvotanın 15 milyon tondan 17,5 milyon tona qədər artırılmasını təklif edib. Buna səbəb ölkədə buğda istehsalında 2017-ci ildəkindən sonra ikinci rekordun əldə olunmasıdır. Sentyabrın ortalarına qədər Rusiyada sahələrdən 82,9 milyon ton buğda yığılıb. Bunun 57,7 milyon tonunu ərzaqlıq yumşaq buğda təşkil edir. 2017-ci ildə isə Rusiyada 86 milyon ton buğda istehsal olunmuşdu.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR