Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi

Dünya hərb tarixində inqilab: Azərbaycan baxışları dəyişdi

Azərbaycan 44 günlük Vətən müharibəsi və onun uğurlu nəticəsi ilə dünya hərb tarixində bir inqilab etdi. Qüdrətli Ordumuz həm yerli, həm də Türkiyə istehsallı pilotsuz uçuş aparatları (PUA) ilə yeni əsrin ən böyük tarixini yazdı. Təsadüfi deyil ki, hazırda bütün ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın bu müharibədəki təcrübəsini öyrənirlər. Çünki Azərbaycan dünya ölkələrinin hərb sənətinə baxışını köklü surətdə dəyişdi. Elə buna görədir ki, hazırda dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlar da PUA sistemlərinin inkişafı üzərində layihələr hazırlayır, bunun üçün Azərbaycan və Türkiyədən dəstək istəyirlər.
 

Prezident İlham Əliyev hələ müharibə gedən ərəfədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində pilotsuz uşuş aparatlarının hərbi əməliyyatlarda rolundan danışarkən bildirdi ki, pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir: "Biz bir neçə "Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd "S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir".

Dövlət başçısı, həmçinin vurğuladı ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq.

"Bayraktar” - hərb tarixini dəyişdirəcək güc kimi

Bu gün həqiqətən də dövlət başçısının dediyi bütün sözlərin real həyatda tətbiqini görürük. Artıq ayrı-ayrı ölkələr PUA alışı və istehsalı istiqamətində konkret addımlar atmaqdadırlar. Xüsusən də Türkiyə istehsalı olan "Bayraktar”lara çox ciddi şəkildə tələbat yaranıb. Həmin PUA-ların istehsalını həyata keçirən "Baykar” şirkəti dünən rəsmi şəkildə açıqladı ki, 2020-ci ildə şirkət ümumilikdə 360 milyon dollar məbləğində PUA ixrac edib. Qeyd olunub ki, ötən il "Bayraktar” aparataları İkinci Qarabağ müharibəsində geniş istifadə olunub. Ermənistan ordusunun çoxlu sayda havadan müdafiə, radar sistemlərini, tank və zirehli texnikasını, silah anbarlarını, yük maşınlarını, mövqelərini və canlı qüvvəsini məhv edib.


"Azərbaycan Silahlı Qüvvələrinin bütün dünyanı heyrətləndirən bu uğuru hərbi ekspertlər tərəfindən "Bayraktar”ların hərb tarixini dəyişdirəcək gücə malik olması kimi dəyərləndirilib" - deyə, şirkətdən bildirilib.

Təsüdüfi deyil ki, bu günlərdə (21-25 fevral) Birləşmiş Ərəb Əmirliklərində IDEX-2021 adlı beynəlxalq silah sərgisi keçirilir. Bu sərginin əsas prioritetlərindən biri məhz pilotsuz uçuş aparatlarıdır. Rusiya kimi hərb sənayesi güclü olan bir ölkə də ilk zərbə PUA-sını məhz bu sərgidə təqdim edir. "Kronştadt" şirkətinin istehsalı olan "Orion-E" PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub. Aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir. "Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.

Rusiya KİV-i: Rus dronlarının artıq yeni bir dövrü başladı

Bu günlərdə Rusiyanın tanınmış xəbər portalı "vesti.ru”da dərc olunan bir reportajda qeyd olunur ki, indi Rusiya ordusu üçün kəşfiyyat və zərbə dronları prioritet vəzifələrdən biridir.
 

Reportajda vurğulanır ki, Qarabağdakı müharibə hücum dronları sayəsində qələbə qazanıldı: "Türkiyədə istehsal olunan təyyarələr Azərbaycana inamlı qələbə qazandırdı. "Bayraktar" döyüşlərin ilk həftələrində Dağlıq Qarabağın dağınıq hava müdafiəsini boğdu və demək olar ki, erməni zirehli maşınlarını məhv etdi”.
Məqalədə o da qeyd olunur ki, rus dronlarının artıq yeni bir dövrü başladı. Onlar tədricən qanadlarını açıb dövlətin milli maraqları üfüqündə yerlərini tuturlar...
Məhz ikinci Qarabağ Müharibəsindən sonra Ukrayna da PUA-lara çox ciddi önəm verməyə başladı. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Oleksiy Neizpapa, Ob il Ukrayna Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək müasir imkanlara sahib pilotsuz uçuş aparatları kompleksi əldə edəcək. Onlar məhz "Baykar Makina” şirkəti tərəfindən istehsal olunan "Bayraktar TB2” pilotsuz uçuş aparatlarını alacaqlar.

Avropa Birliyindən PUA-lara bağlı yeni layihə

Bu arada, Avropa Birliyi (AB) pilotsuz təyyarələrə kosmik rabitəyə texnoloji yarışında irəliləmək üçün baxır. "Reuters” agentliyinin yazdığına görə, Avropa Komissiyası 27 ölkəyə blokun bu yeni sahələrdə rəqabət üstünlüyü əldə etməsini hədəf alan üç qabaqcıl layihəni - dron texnologiyaları, kosmik rabitə və kosmik trafik idarəçiliyini elan edib. Mülki, müdafiə və kosmik sənayelər arasında sinerji üzrə Fəaliyyət Planı adlandırılan bu planın məqsədi üç sektorda araşdırma və yenilikləri layihələr və digər təşəbbüslər üçün istifadə etməkdir.

AB icraçısı pilotsuz təyyarə layihəsinin güclü müdafiə ölçüsü ilə AB sənayesinin rəqabət qabiliyyətini gücləndirəcəyini, kosmik rabitənin isə Avropada kvant şifrələməyə əsaslanan möhkəm və yüksək sürətli əlaqə təmin edəcəyini deyib.
Bildirilib ki, peyklərin və kosmik dağıntıların çoxalması nəticəsində meydana gələn toqquşmalardan qaçınmaq üçün kosmik trafik rəhbərliyi avtonom Aİ-nin kosmosa girişini təmin edir.

AB sənaye komissarı Sierri Breton layihələrin blokun digər ölkələrə güvənmək əvəzinə ayaq üstə durmasına kömək edəcəyini söyləyib: "Bu da kritik texnologiyalardakı asılılıqlarımızı azaldacaq və (koronavirus pandemiyası) böhranından qurtarmaq üçün sənaye rəhbərliyini gücləndirəcək".

Beləliklə, Azərbaycanın hərb sənayesi və tarixində etdiyi inqilab bütün dünyada pilotsuz uçuş aparatlarının əhəmiyyətini xeyli dərəcədə artırıb. Bundan başqa, İkinci Qarabağ Müharibəsi artıq ayrı-ayrı dövlətlər və təşkilatlar tərəfindən öyrənilməyə başlanılıb. Yaxın gələcəkdə Azərbaycanın bu tarixi Zəfəri bir çox tarix kitablarına salınacaq! (trend)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR