Lənkəranda 100 hektardan artıq sahədə nadir sitrus bitkisi olan hallabonq əkilib.
Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir: "Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım 1 ay davam edir. 2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq".
Gələcəkdə hallabonq sahəsinin artırılması planlaşdırılır.
Qeyd edək ki, "hallabonq" və ya "dekopon" adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda yetişdirilir.
Meyvənin vətəni Yaponiyadır. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb. Meyvə 2015-ci ildə Azərbaycana gətirilərək Lənkəranda əkilib. Həmin il Lənkəranda 15 hektar sahədə hallabonq əkilib və müsbət nəticə əldə olunub.
Hallabonqun çəkisi 350-400 qram arası dəyişir, forması armudvaridir. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.
Şərhlər