"Telegram” – Ukraynada və başqa bir çox ölkədə ən populyar mesajlaşma tətbiqlərindən biridir. Milyonlarla istifadəçi öz şəxsi məlumatlarını və yazışmalarını bu platformaya etibar edir. Bu etimadın əsas səbəblərindən biri, proqramın yaradıcısı Pavel Durovun özünü "azadlıq uğrunda mübariz” kimi təqdim etməsidir.
Qaynarinfo xəbər verir ki, bununla belə, "Vajnıye istorii” nəşrinin apardığı araşdırmaya görə, gerçəklik bu imicdən xeyli uzaqdır və "Telegram” Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəlidir. Jurnalistlər müəyyənləşdiriblər ki, Rusiya xüsusi xidmət orqanları istifadəçilərin hansı məlumatlarına çıxış əldə edə
bilər.
Durov və Rusiya: gerçəkdən ayrılıq olubmu?
Durov Rusiyanı tərk etdikdən sonra "Telegram”ın qərargahını Dubayda açdığını bəyan etmişdi. Lakin 2021-ci ildə oraya gələn Almaniyanın "Der Spiegel” nəşrinin jurnalistləri gördülər ki, ofis boşdur və resepsiyonda onlara bildirildi ki, üç ildir orada heç kim görünməyib.
Bundan əlavə, Durovun Rusiyaya getmədiyi barədə iddiaları da reallığı əks etdirmir. "Vajnıye istorii”nin əldə etdiyi FSB sərhəd xidməti sızmalarına əsasən, Durov 2014-cü ildə ölkəni tərk etdikdən sonra 50 dəfədən çox Rusiyaya səfər edib.
Xüsusilə də 2019-cu ildə maliyyə çətinlikləri yaşadığı dövrdə səfərlər intensivləşib. Həmin vaxt ABŞ Qiymətli Kağızlar Komissiyası onun TON adlı kriptovalyutasını buraxmasına qadağa qoymuşdu. TON vasitəsilə Durov "Telegram” üçün server və avadanlıq almaq xərclərini qarşılamağı planlaşdırırdı. Lakin nəticədə təxminən 2 milyard dollar borca düşdü. Bu məbləğin investorları arasında rus oliqarxları, QRU agenti Yan Marsalek və işğal olunmuş Ukrayna ərazilərindən qeyri-qanuni xammal satan şirkətlər də olub.
Maraqlıdır ki, "Telegram”ın daxilində Durovun bu qədər Rusiyaya səfər etməsindən xəbərsiz idilər. Tətbiqin keçmiş tərəfdaş inkişaf meneceri Elies Kampo deyib ki, "komandanın Rusiyadakı hadisələrdən sonra ölkəni tərk edərək dünyanı sanki köçəri kimi dolaşdığı"na inanırdı.
"Telegram” və məlumat təhlükəsizliyi
Durov rəqiblərini, xüsusilə də "WhatsApp” və "Signal”ı tez-tez tənqid edir. Halbuki mütəxəssislər "Signal”ı hələ də ən etibarlı mesajlaşma proqramı hesab edirlər. "Telegram”da isə vəziyyət fərqlidir.
"Sıradan” (adi) çatlarda ucdan-uca (end-to-end) şifrələmə yoxdur – bu yalnız ayrıca aktiv edilən "gizli çatlar”da mövcuddur. "Telegram”ın keçmiş əməkdaşı Anton Rozenberqin sözlərinə görə, istifadəçilərin 98%-i adi çatlardan istifadə edir. Bu isə o deməkdir ki, mesajlar serverlərdə açıq şəkildə saxlanılır və serveri idarə edən şəxs yazışmalara daxil ola bilər.
Rəqəmsal təhlükəsizlik üzrə ekspert Mixal Voznyak bildirir ki, "Telegram”ın protokolu mesajların əvvəlində şifrlənməmiş auth\_key\_id adlı cihaz identifikatoru əlavə edir – bu, hətta gizli çatlara da aiddir. Bu açar vasitəsilə serverlər cihazı müəyyən edə və mesajların açarını hesablaya bilər. Yəni məlumatların ötürüldüyü mərkəz cihaz identifikatorlarını, IP-ünvanı, istifadəçinin geolokasiyasını və digər vacib məlumatları toplaya bilər.
Rusiyada isə xüsusi xidmət orqanlarına istifadəçi internet trafikinə və zənglərinə nəzarət imkanı verən SORM adlı sistem mövcuddur. Bütün provayderlər bu sistemi infrastrukturuna inteqrasiya etməlidir. Bu isə yalnız Rusiya vətəndaşlarının deyil, həm də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki istifadəçilərin təhlükədə olduğunu göstərir.
"Telegram”ın FSB ilə bağlantısı
2018-ci ildən etibarən "Telegram”ın infrastrukturuna cavabdehlik Durova məxsus "Telegram Corp” tərəfindən "Global Network Management (GNM)” adlı şirkətə ötürülüb. Şirkət "Antiqua və Barbuda”da qeydiyyatdan keçib.
Ən maraqlı məqam isə odur ki, bu razılaşmanı GNM adından Vladimir Vedeneyev imzalayıb – o, həmin vaxt "Telegram”ın maliyyə direktoru idi.
GNM "Telegram”a 10 000-dən çox IP-ünvan təqdim edib. Bu ünvanların çoxu əvvəllər Sankt-Peterburqda yerləşən və Kremlin, FSB-nin əlaqələrinə malik olan "Globalnet” şirkətinə məxsus olub. Vedeneyev həmin şirkətin də benefisiarı idi, amma 2024-cü ildə onu qohumlarının adına keçirib. 2022-ci ildə "Globalnet” "Roskomnadzor”un tələbi ilə istifadəçi trafikinə nəzarət sistemlərini qurmuşdu.
GNM işçilərinin yarısı Rusiyadadır və Sankt-Peterburqda ofisləri mövcuddur. Həmçinin "Electrontelecom” adlı başqa bir Peterburq şirkəti "Telegram”a 5000 IP-ünvan verib. Bu şirkət FSB-nin podratçısıdır və xüsusi rabitə sistemlərinin quraşdırılmasını və texniki dəstəyini təmin edir.
Beləliklə, "Telegram”ın infrastrukturu ilə bağlı şirkətlər Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Bu da nəzəri baxımdan onların istifadəçi IP ünvanları, cihaz məlumatları və geolokasiya kimi bilgilərə çıxış əldə etməsi deməkdir.
Ukrayna kanallarına nəzarət və izləmə
2023-cü ildə "The Wired” nəşri Rusiya əleyhinə etirazlara görə təqib olunan fəalların hekayələrini dərc etmişdi. Onlar bildirmişdilər ki, gizli çatlarda göndərilən mesajlar hələ oxunmamışdan əvvəl "oxunmuş” kimi işarələnmişdi.
Bir hadisədə isə Rusiya hüquq-mühafizə orqanı əməkdaşı saxlanılan şəxsə axtarışdan az əvvəl "Telegram"da yazdığı mesajları sitat gətirmişdi.
Həmçinin, hüquq müdafiəçiləri "Birinci şöbə” layihəsi vasitəsilə bildiriblər ki, FSB rusiyalıların "Krımskiy veter”, "Viyśkovıy Vişun” və digər ukrayna teleqram kanallarının botlarına göndərdikləri mesajlara çıxış əldə edib. Bu izləmə, hətta cinayət işi başlanmazdan bir il əvvəl başlayıb.
Bu isə o deməkdir ki, məlumatlar istifadəçilərin cihazlarından yox, birbaşa "Telegram” infrastrukturundan əldə edilib. Faktlar göstərir ki, fərqli bölgələrdə yaşayan istifadəçilərin izlənməsi xüsusi xidmət orqanlarının botlar və kanallar üzərində monitorinq aparması ilə mümkün olub.
Ukraynada Telegram-ın qadağan olunması müzakirələri
"Telegram”ın Ukraynada bloklanması ilə bağlı müzakirələr uzun illərdir davam edir. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyat Şurasının rəhbəri İvan Timoçko bildirir ki, belə bir addım atılmamışdan əvvəl alternativ təqdim olunmalıdır. Onun fikrincə, ən azı Rusiya yönümlü təxribat xarakterli məzmunlar bloklana bilər.
Qeyd edək ki, "The New York Times” yazırdı ki, Ukrayna Prezidenti Vladimir Zelenski hələ Rusiya işğalından əvvəl telefonundan "Telegram” tətbiqini silmişdi. Ukrayna xüsusi xidmət orqanları bu tətbiqi potensial təhlükəli hesab edirlər.
Alpər
Şərhlər