Ölkə 10:07 11.03.2020

Düşmən sərhəddə gərginliyi saxlamağa çalışır

"Müdafiə Nazirliyi respublikanın müdafiə qüvvələrini təşkil edən dövlət qurumudur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib. 

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin vəzifəsi Azərbaycan Respublikasının sərhədlərinin mühafizəsini və toxunulmazlığını təmin etməkdir:



"Mən sosial şəbəkədə gedən prosesləri izləyirəm. Çoxu deyir ki, gərək Qazax istiqamətində Müdafiə Nazirliyinin qoşunları dayanardı, Sərhəd Qoşunları yox. Ancaq unutmaq olmaz ki, bu, dövlət siyasətidir. Bu, Qarabağ deyil ki, orada Müdafiə Nazirliyi dayansın. İkincisi, Dövlət Sərhəd Xidmətinin düşmənin həm canlı, həm də texniki qüvvələrinin qarşısını almağa yetərincə gücü var. Faktiki olaraq, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında cəbhə xətti yoxdur. Sərhəd Xidməti faktiki olaraq Ermənistanla Azərbaycanın arasında olan sərhədi qoruyur. Bu gün Ermənistan de-yure və  de-fakto Azərbaycana müharibə elan etməyib. Ancaq Müdafiə Nazirliyi ərazi bütövlüyü uğrunda faktiki olaraq gedən müharibədə iştirak edir, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və digər əraziləri düşməndən təmizləmək üçün fəaliyyət həyata keçirir. Ancaq fakt ondadır ki, sərhəd qoşunları bu gün Qarabağda yoxdur, Azərbaycanın yalnız sərhədləri daxilindədir. Bu, Ermənistanın beynəlxalq dünyada sərhədlərə hörmət etmək funksiyasını aşağı salır, çünki iki dövlət arasında müharibə yoxdur. Müharibə Qarabağda gedir. Özü də müharibə de-yure və de-fakto Ermənistanla getmir. Müharibə seperatçı rejimlə gedir. Düzdür, həmin sepertaçı rejimi Ermənistan da dəstəkləyir. Ancaq fakt ondadır ki, Ermənistanla Azərbaycan arasında müharibə söhbəti yoxdur”. 

A.Əbilov bildirib ki, Ermənistan bu gün Azərbaycanın dünyada tanınmış sərhədlərinə hörmət qoymur: "Ermənistan rəhbərliyi öz tərəflərindən sərhədin pozulmasının qarşısını almır. Ermənistan və Azərbaycan arasında rəsmi formada müharibə olmasa da, həmin ərazidə olan Azərbaycanın 5 kəndi var, işğaldadır. Həmin kəndləri seperatçı rejim yox, Ermənistan dövləti işğal edib. Bu gün də həmin ərazidə hərbi əməliyyatların başlanması, davam etməsi Ermənistan rəhbərliyinin öhdəsinə düşür. Beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı haqqında konvensiya var. Ermənistan həmin beynəlxalq sənədin tələblərini də pozur”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Müdafiə Nazirliyinin əsas iş prinsipinin Respublikanın ərazi bütövlüyünü qorumaq olduğunu deyib: 



"Dövlət Sərhəd Xidmətinin əsas işi sərhəd mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir. Yəni sərhəddə müəyyən keçidlər var və onlar olmayan yerdə də sərhədin toxunulmazlığını qoruyur”. 

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əsas iş prinsipi ərazi bütövlüyümüzü xarici qüvvələrdən gələn hücumlardan qorumaqdır: "Artıq qərar qəbul olunub və dövlər sərhədləri qonşu dövlətlərlə münasibətlərdən asılı olmayaraq DSX-yə verilib. Ermənistanla həmsərhəd olan Qazax rayonundan Müdafiə Nazirliyinin hərbi hissəsi çıxarıldı və DSX-nin qüvvələri ilə əvəz olundu. Bu prosesin davam etməsi düşünülür. Son vaxtlar Ermənistan da həmin istiqamətdə gərginlik yaratmağa çalışır. Onlara sərhədçilərin orada durması maraqlı deyil. Çünki Ermənistan bilir ki, DSX orada dayananda hərbi hissələr ərazidən azad olunacaq. Həmin qüvvələrdən də antiterror əməliyyatlarında istifadə oluna bilər. Düşmən tərəfi bunu bildiyinə görə, sərhəddə gərginliyi saxlamağa çalışır. Digər tərəfdən, əsgər heyətinin təhlükəsizlikləri ilə bağlı laqeydliyi müşahidə olunur”. 

Ş.Ramaldanov vurğulayıb ki, bu gün Müdafiə Nazirliyinə aid olan qüvvələr təmas xəttində təhlükəsizlik məsələsini dərindən öyrəniblər: "Ola bilsin ki, DSX-nin əsgərləri də patrul gəzintisində bir balaca ehtiyatsızlıq edirlər. Biz bilməliyik ki, düşmənlə sərhəddə xidmət edirik. Düşmənin hər an bizim əsgəri nişanda saxladığını unutmamalıyıq. Kəşfiyyat diversiya qruplarının təxribatı nəticəsində də şəhid olan əsgərlərimiz az deyil”.